Hadrutun işğaldan azad olunmasından 6 il ötür
00:20 09.10.2026
0
0
0
NAXÇIVAN :
09 Oktyabr 2026, Cümə
Oktyabrın 2-də keçirilən Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olan Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin keçdiyi şərəfli yolun, əldə etdiyi tarixi nailiyyətlərin və qarşıda duran strateji vəzifələrin nəzərdən keçirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Prezident İlham Əliyev qurultayda dərinməzmunlu nitq söylədi, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, partiyanın yaranma tarixi, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri barədə mühüm fikirlər səsləndirdi. Dövlət başçısı, həmçinin xarici siyasət, hərbi və milli təhlükəsizlik, ideoloji təhlükəsizlik, təhsil və vətənpərvərlik, iqtisadi inkişaf, sosial siyasət, enerji nəqliyyat, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış və qarşıda duran digər mühüm vəzifələrə toxundu.
Dövlət başçısının da qeyd etdiyi kimi, VIII Qurultay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirildi. Bu reallıq ölkəmizin qarşısında yeni imkanlarla yanaşı, yeni məsuliyyətlər də müəyyənləşdirir.
Azərbaycanın son onilliklər ərzində əldə etdiyi uğurların təməlində güclü dövlətçilik iradəsi, xalq-iqtidar birliyi və ardıcıl siyasi xətt dayanır. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis edilməsi ölkənin mürəkkəb siyasi, iqtisadi və hərbi böhranla üz-üzə qaldığı bir dövrə təsadüf edirdi. Belə bir şəraitdə Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı dövlətçiliyin qorunması və Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından həlledici əhəmiyyət daşıdı.
Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyası 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirildi. Dövlət institutları möhkəmləndirildi, iqtisadi sabitlik təmin olundu, Azərbaycanın beynəlxalq mövqeyi gücləndirildi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması isə ölkəmizin iqtisadi inkişafında yeni mərhələnin əsasını qoydu və Azərbaycanın enerji siyasətinin formalaşmasında mühüm rol oynadı.
Prezident İlham Əliyevin düşünülmüş strategiya və uzaqgörən siyasətinin ən mühüm nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası oldu. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində bu tarixi vəzifə tam yerinə yetirildi. 8 Noyabr – Zəfər Günü və 20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın yaddaşında Azərbaycanın milli iradəsinin və dövlətçilik gücünün təcəssümü kimi əbədi yaşayacaq.
Bu gün isə Azərbaycanın qarşısında yeni vəzifələr dayanır. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkəmiz əldə etdiyi nəticələri qorumaq, dövlət təhlükəsizliyini daha da möhkəmləndirmək və inkişafını davam etdirmək üçün hərbi gücünü artırmalıdır. Dünyada baş verən proseslər beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklərin getdiyini göstərir. Belə bir şəraitdə güclü ordu və etibarlı müdafiə imkanları dövlət müstəqilliyinin əsas təminatlarından biridir.
Müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi güclə məhdudlaşmır. İdeoloji və informasiya təhlükəsizliyi də xüsusi əhəmiyyət daşıyır. İnformasiya texnologiyalarının, sosial şəbəkələrin və süni intellektin sürətli inkişafı müxtəlif təxribatların daha geniş auditoriyaya çatdırılması imkanlarını artırır. Buna görə də savadlı, vətənpərvər, milli dəyərlərinə və dövlətçilik prinsiplərinə bağlı cəmiyyətin formalaşdırılması mühüm vəzifədir. Xüsusilə gənc nəslin yad təsirlərdən qorunması və informasiya mühitində düzgün istiqamətləndirilməsi diqqət mərkəzində saxlanılmalıdır.
Azərbaycanın xarici siyasəti də milli maraqların qorunmasına və ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edir. Respublikamız müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla qarşılıqlı hörmət və milli maraqlar əsasında əməkdaşlıq edir. Mərkəzi Asiya ölkələri ilə əlaqələrin dərinləşdirilməsi, Avropa İttifaqı, Çin və Amerika Birləşmiş Ştatları ilə münasibətlərin inkişaf etdirilməsi ölkəmizin müstəqil və çoxşaxəli xarici siyasətinin mühüm istiqamətlərindəndir.
Qarşıda duran əsas vəzifələrdən biri də iqtisadi dayanıqlılığın daha da gücləndirilməsidir. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsas dayaqlarındandır. Xarici borcun aşağı səviyyədə saxlanılması, valyuta ehtiyatlarının artırılması, investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun inkişafı və özəl sahibkarlığın dəstəklənməsi Azərbaycanın iqtisadi potensialının gücləndirilməsi baxımından mühüm amillərdir.
Prezident İlham Əliyevin qurultayda qeyd etdiyi kimi, enerji və nəqliyyat sahələri Azərbaycanın regional və qlobal əhəmiyyətini artıran əsas istiqamətlərdəndir. Respublikamız enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Eyni zamanda, yaşıl enerji potensialının genişləndirilməsi gələcək inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi isə Azərbaycanın tranzit imkanlarını artırmaqla ölkəmizin beynəlxalq logistika xəritəsində mövqeyini daha da möhkəmləndirir.
Qarabağın və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın təmin edilməsi də qarşıdakı dövrün əsas prioritetlərindəndir. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, yeni yaşayış məntəqələri salınır, təhsil, səhiyyə və sosial xidmətlər üçün müasir imkanlar yaradılır. Əsas məqsəd insanların doğma torpaqlarına qayıdışını təmin etməklə yanaşı, onların təhlükəsiz və layiqli həyat şəraitində yaşamaları üçün bütün imkanları yaratmaqdır.
Sosial sahə də dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Əhalinin sosial rifahının yaxşılaşdırılması, əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılması, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi dövlət siyasətinin mühüm məqsədlərindəndir. Bu baxımdan, iqtisadi inkişafın əsas hədəfi də insan amilinə və vətəndaşların rifahına xidmət etməkdir. Prezident İlham Əliyev Qurultaydakı çıxışında gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artacağını bildirdi. Bu, sosial siyasətin iqtisadi inkişafla paralel şəkildə davam etdiriləcəyini göstərir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın yeni tarixi mərhələyə qədəm qoyduğunu göstərir. Əgər əvvəlki mərhələdə əsas məqsəd ərazi bütövlüyünün və suverenliyin bərpası idisə bu gün başlıca vəzifə əldə edilmiş nailiyyətləri qorumaq, Azərbaycanın iqtisadi, hərbi, siyasi və sosial gücünü daha da artırmaqdır. Bu vəzifələrin həyata keçirilməsində xalq-iqtidar birliyi, milli həmrəylik və dövlətçilik dəyərlərinə sədaqət mühüm rol oynayır. Yeni Azərbaycan Partiyası da ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən əsas siyasi qüvvə kimi qarşıda duran vəzifələrin yerinə yetirilməsinə öz töhfəsini verməlidir.
Azərbaycanın keçdiyi yol göstərir ki, böyük məqsədlərə ardıcıl siyasət, güclü iradə və milli birlik sayəsində nail olmaq mümkündür. Bu gün əldə etdiyimiz Zəfər həmin yolun ən parlaq nəticəsidir. Qarşıdakı mərhələnin əsas hədəfi isə bu Zəfəri davamlı inkişaf, güclü iqtisadiyyat, yüksək sosial rifah, möhkəm təhlükəsizlik və artan beynəlxalq nüfuzla daha da möhkəmləndirməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da müstəqil siyasətini davam etdirəcək, milli maraqlarını qətiyyətlə qoruyacaq və qarşısına qoyduğu strateji məqsədlərə doğru inamla irəliləyəcək.
Xəzəngül ORUCOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər