Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qaza...
17:10 31.08.2026
0
0
0
NAXÇIVAN :
31 Avqust 2026, Bazar ertəsi
Azərbaycanın liderliyi ilə son bir ildə regionda cərəyan edən ictimai-siyasi hadisələr belə deməyə əsas verir ki, Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlar artıq siyasi bəyanatlarla məhdudlaşmır, real əməkdaşlıq və qarşılıqlı fayda üzərində qurulan yeni münasibətlər mərhələsinə keçir. Avqustun 31-də Prezident İlham Əliyevin Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Görüşdə əldə olunmuş razılaşmaların icrası, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, sərhədlərin delimitasiyası və regional bağlantıların inkişafı ilə bağlı məsələlərin müzakirəsi sülh prosesinin praktik məzmununun getdikcə gücləndiyini göstərir.
Bişkek dialoqu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin ardıcıl şəkildə davam etdiyini göstərən mühüm siyasi təmas kimi diqqəti cəlb edir. Görüşün əsas xüsusiyyəti ondan ibarətdir ki, tərəflər yalnız siyasi dialoqun davam etdirilməsini deyil, əldə olunmuş razılaşmaların praktiki müstəvidə həyata keçirilməsini də müzakirə ediblər. Ötən il avqustun 8-də Vaşinqton Sülh Zirvə görüşünün nəticələri, Birgə Bəyannamənin imzalanması və sülh sazişinin razılaşdırılmış mətninin paraflanması regionda uzunmüddətli sülhün hüquqi-siyasi əsaslarının formalaşdırılması baxımından mühüm mərhələ təşkil edib. Bu baxımdan, Azərbaycan neft məhsullarının Ermənistana ixracına başlanılması, üçüncü ölkələrdən Ermənistana taxıl və digər əmtəənin respublikamızın ərazisindən tranziti və iki ölkə arasında ticarət əlaqələrinin qurulması xüsusi əhəmiyyət daşıyır. Çünki sülhün davamlılığı yalnız siyasi sənədlərlə deyil, eyni zamanda xalqlar və dövlətlər arasında iqtisadi əlaqələrin genişlənməsi ilə möhkəmlənir. Qarşılıqlı iqtisadi maraqların artması sülhün real və uzunmüddətli dividendlərə çevrilməsinə imkan yaradır.
Bişkek görüşündə dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların fəaliyyətinin davam etdirilməsinin vacibliyinin vurğulanması da prosesin institusional əsaslarının qorunduğunu göstərir. Bu əldə edilmiş razılaşmaların ardıcıl şəkildə icrası və Azərbaycan-Ermənistan münasibətlərində etimad mühitinin möhkəmləndirilməsi baxımından mühüm amildir. Digər mühüm məsələ isə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun – TRIPP-in həyata keçirilməsi ilə bağlı praktiki addımların müzakirə olunmasıdır. Bu marşrutun reallaşdırılması regionda nəqliyyat və iqtisadi bağlantıların genişlənməsinə, ölkələr arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına və Cənubi Qafqazın daha geniş regional kommunikasiya məkanına çevrilməsinə ciddi töhfə verə bilər. Bağlantı layihələrinin inkişafı yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə, regionun iqtisadi inkişafı və təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
Görüş çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın birbaşa təmasların davam etdirilməsi barədə razılığa gəlməsi də diqqətçəkən məqamdır. Birbaşa dialoq problemlərin qarşılıqlı anlaşma yolu ilə həllinə, yaranan məsələlərin operativ müzakirəsinə və etimadın tədricən gücləndirilməsinə şərait yarada bilər. Parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasların müsbət qiymətləndirilməsi isə sülh prosesinin yalnız hökumətlər səviyyəsində deyil, cəmiyyətlərarası müstəvidə də dəstəklənməsinin vacibliyini ortaya qoyur.
Ümumilikdə, Bişkek görüşü Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin artıq yalnız siyasi bəyanatlar müstəvisində deyil, konkret əməkdaşlıq və qarşılıqlı fayda prinsipləri əsasında inkişaf etdiyini göstərir. Əldə olunan razılaşmaların ardıcıl icrası, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat və kommunikasiya imkanlarının artırılması, eləcə də sərhədlərin delimitasiyası istiqamətində irəliləyiş regionda yeni reallıqların möhkəmlənməsinə şərait yaradır. Bu baxımdan, qarşıdakı mərhələdə əsas hədəf əldə edilmiş nəticələrin davamlı prosesə çevrilməsidir. Azərbaycan və Ermənistan arasında formalaşan yeni əməkdaşlıq mühiti yalnız iki ölkə arasındakı münasibətlərin normallaşmasına deyil, bütövlükdə, Cənubi Qafqazın təhlükəsiz, sabit və iqtisadi cəhətdən daha fəal regiona çevrilməsinə xidmət edə bilər. Ən başlıcası isə sülhün real nəticələri xalqların gündəlik həyatında hiss olunmalı, qarşıdurma ilə yaddaqalan region tədricən əməkdaşlıq, qarşılıqlı etimad və birgə inkişaf məkanına çevrilməlidir. Bu isə Cənubi Qafqazın gələcəyi üçün yeni və daha nikbin səhifənin açılması deməkdir.
Nail ƏSGƏROV
Digər xəbərlər