Xocavənd Şəhəri Günü qeyd olunur
14:57 20.09.2026
0
0
0
NAXÇIVAN :
20 Sentyabr 2026, Bazar
Bura Xankəndidir. İlk dəfə bu şəhəri 2024-cü ildə Şuşadan, Cıdır düzündən böyük bir qürurla izləmişdim. Cəmi altı ay idi ki, ordumuzun nəzarətinə keçmişdi Xankəndi. Yaz yenicə gəlmişdi şəhərə. Bu, illər sonra gələn ədalət baharı idi. Ordumuzun 2023-cü ilin payızında gətirdiyi ədalətin tablosuna baxırdım sanki. Şuşadan ayrılıb Zəfər yolu ilə Bakıya qayıdanda Xankəndinin mənzərəsi daha da yaxınlaşır, insanın ruhuna sakitlik gətirirdi. Şəhərin mərkəzində dalğalanan Müzəffər Sərkərdənin əllərində göylərə yüksəldilən Zəfər bayrağı isə sözünə sadiqliyin ifadəsi idi.
Vaxtilə Qarabağ xanlarının taxtı qurulan bu torpaq illərlə xain əllərlə düşmənə pay verilməyə çalışılsa da, buna nail ola bilməyiblər. Hətta sovetlər dönəmində buraya köçürülən erməni ailələrinin sayını artırmaqla azərbaycanlıların sayını azaltmağa və bununla da Xankəndini ermənilərə hədiyyə etməyə cəhd göstəriblər. Lakin xalqımızın xilaskarı olan dahi rəhbər hər addımda buna mane olub. Sovet hakimiyyəti dövründə Ulu Öndərin göstərişi ilə dəmir yolu Xankəndinə qədər çəkilmiş, şəhərdə müasir dəmiryol stansiyası inşa edilmişdi. Bir çox müəssisələrin inşası da Heydər Əliyevin birinci hakimiyyəti dövründə həyata keçirilmiş, on minlərlə yerli sakin yüksək əməkhaqqı, mənzil və digər sosial dəstəklə təmin edilmişdi. 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Xankəndi filialı açılıb. 1973-cü ildə isə filial Azərbaycan rəhbəri Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə müstəqil Pedaqoji İnstituta çevrilmişdi. Uzaqgörən siyasət nəticəsində Xankəndidə azərbaycanlı ailələrin sayı artırılmış, gənclərin işlə təmin olunması onların köçüb getməsinin qarşısını almışdı. Lakin dahi rəhbərin sovet hakimiyyəti idarəçiliyindən uzaqlaşdırılması, Azərbaycanın yeni müstəqillik qazandığı illərdəki daxili çəkişmələr Xankəndinin itirilməsi ilə nəticələnmişdi.
Vətən müharibəsində qazanılan Zəfərdən sonra – 2023-cü ildə Azərbaycan Bayrağı Xankəndinin mərkəzində Müzəffər Ali Baş Komandanın əllərində göylərə yüksəldi. Şəhər azad edildikdən sonra “Böyük Qayıdış” proqramı çərçivəsində Xankəndi şəhərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıldı. İstifadəyə yararsız tikililər sökülür, şəhərin yeni Baş Planına uyğun müasir layihələr icra olunur. Xankəndidəki əsas binaların əksəriyyəti – Prezidentin xüsusi nümayəndəliyinin binası, “Xankəndi” Biznes Mərkəzi, Xankəndi şəhər stadionu yenidən bərpa edilərək istifadəyə verilib. Şəhərin mədəni yaddaşını yaşadan Dövlət Dram Teatrında da bərpa işləri ardıcıl şəkildə aparılır. İşğal dövrünün şəhərsalma prinsiplərinə uyğun olmayan tikililər sökülür, onların yerində müasir ictimai məkanlar, iaşə obyektləri və funksional şəhər strukturları yaradılır. Bu layihələr sırasında Zəfər parkı xüsusi əhəmiyyət daşıyır. Xankəndi Konqres Mərkəzi, “Qarabağ” və “Xankəndi” hotelləri, “Qarabağ” Universiteti də dövlət başçısının iştirakı ilə istifadəyə verilib.
Bu gün nüfuzlu tədbirlərə ev sahibliyi edən Xankəndidə son 3 ildə aparılan quruculuq işləri şəhərin tarixinin yeni səhifəsini yazır. Bu qədim Azərbaycan torpağının ev sahibliyi etdiyi tədbirlər qlobal siyasi gündəmdə təkcə mühüm beynəlxalq hadisə deyil, eyni zamanda Ermənistanın 30 il davam edən işğalının dağıntılarından bərpa-quruculuq dövrünə qədəm qoyan bir şəhərin dirçəlişinin rəmzidir. Artıq bu cənnət məkanda beynəlxalq tədbirlər keçirilir, Qarabağdan, Şərqi Zəngəzurdan dünyaya mühüm mesajlar ünvanlanır.
Bu il “Qarabağ” Universitetinə üçüncü tələbə qəbulu baş tutdu. Artıq bu təhsil ocağında 3 mindən çox gənc təhsil alır. Qürurverici haldır ki, bu universiteti seçənlərin çoxu yüksək bal toplayan gənclərdir. Bu isə o deməkdir ki, bu torpaq uğrunda döyüşən, canını fəda edən igid oğulların əmanəti etibarlı əllərdədir. İşğaldan azad edilmiş Xankəndidə yaradılan bu təhsil ocağını ən yüksək balla seçən gənc də bu torpaq üçün döyüşməyə və can verməyə hazır olan gənc qədər vətənpərvərdir.
Bu gün qədim Xankəndidə 28 min insan yaşayır. Bir neçə il öncə, bəlkə də, bu rəqəmi yazmaq bizim üçün çətin idi. Amma biz bunu bacardıq. Dünyanın ən yüksək tribunalarında öz diplomatik zəkası ilə düşmənə dərs keçən, döyüş meydanında ordusu və xalqı ilə birləşərək Qələbə qazanan Liderimizlə, qəlbi Vətən sevgisi ilə dolu xalqımızın birliyi ilə...
Xankəndi bu gün təkcə azad edilmiş şəhər deyil. O, Azərbaycanın qayıdan yaddaşının, Zəfərinin və gələcəyə inamının canlı simvoludur.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər