Xocavənd Şəhəri Günü qeyd olunur
14:57 20.09.2026
0
0
0
NAXÇIVAN :
20 Sentyabr 2026, Bazar
Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 20 sentyabr artıq ölkəmizdə xüsusi əlamətdar gün kimi qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi müəyyən edilib. Beləliklə, bu il həmin əlamətdar gün artıq üçüncü dəfədir, rəsmi səviyyədə qeyd olunur. 20 sentyabr Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunmasının, eləcə də Qarabağın tarixi şəhər və yaşayış məntəqələrində yeni həyatın başlanmasının rəmzinə çevrilib.
Bu günün təsis olunması təsadüfi deyil. Onun arxasında 30 ilə yaxın davam edən işğal dövrünün ağrı-acısı, şəhidlərimizin qanı, qaçqın və məcburi köçkünlərimizin doğma yurd həsrəti, eyni zamanda Azərbaycan xalqının ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində nümayiş etdirdiyi qətiyyət dayanır.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə adları uzun illər xalqımızın yaddaşında itkinin və faciələrin, həm də doğma torpaqlara qayıdışın rəmzi kimi yaşayıb. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam bərpa edilməsi bu tarixi şəhərlərin də yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan yaratdı.
Bu prosesin mühüm tarixi mərhələlərindən biri 2023-cü il oktyabrın 15-də yaşandı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Dövlət Bayrağını ucaltdı. Bu hadisə uzun illər qarşıya qoyulan əsas məqsədlərdən birinin – Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının real nəticəsini nümayiş etdirdi.
Noyabrın 8-də isə Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın Xankəndidə keçirilməsi şəhərin tarixində yeni mərhələnin başlanğıcını göstərdi. Bir vaxtlar işğal altında olan şəhər bu dəfə Azərbaycanın hərbi qüdrətinin və Zəfərinin nümayiş etdirildiyi məkana çevrildi. Ardınca Xankəndidə ictimai, sosial, təhsil, mədəniyyət və idman həyatının bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
2023-cü il dekabrın 21-də Xankəndi şəhər stadionunda “Qarabağ” və MOİK komandaları arasında Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununun keçirilməsi də mühüm hadisələrdən biri oldu. Bu görüş 30 illik fasilədən sonra Xankəndidə keçirilən ilk rəsmi futbol qarşılaşması kimi tarixə düşdü.
Qarabağın bərpası yalnız simvolik tədbirlərlə məhdudlaşmadı. Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradıldı. Universitetin yaradılmasında regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadrların hazırlanması və tarixi təhsil ənənələrinin yaşadılması əsas məqsədlərdən biri kimi müəyyənləşdirildi.
2023-cü il dekabrın 5-də isə Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonunun yaradılması haqqında Qanun qəbul edildi. Bununla Ağdərə yeni inzibati mərhələyə qədəm qoydu.
2024-cü il Xankəndinin yenidən həyat məkanına çevrilməsi baxımından da mühüm hadisələrlə yadda qaldı. Fevralın 7-də müstəqil Azərbaycan tarixində ilk dəfə Qarabağda, məhz Xankəndidə prezident seçkiləri üzrə səsvermə keçirildi. Martın 18-də şəhərdə ilk Novruz tonqalı alovlandırıldı. İyulun 5-də Qarabağ Universitetində yaradılmış şəraitlə tanışlıq keçirildi, “Qarabağ” və “Palace” hotellərinin açılışı oldu, Konqres Mərkəzinin təməli qoyuldu. Sentyabrın 20-də isə Qarabağ Universitetinin təmirdən sonra açılışı keçirildi.
2025-ci ildə Xankəndi regional və beynəlxalq tədbirlərin keçirildiyi mühüm məkana çevrildi. İyulun 4-də burada İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirildi. Şəhərdə Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu, “Xankəndi” Biznes Mərkəzi və Konqres Mərkəzi istifadəyə verildi.
2026-cı ildə isə şəhərdə bərpa və inkişaf prosesi yeni mərhələyə keçib. Mayın 28-də yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı keçirilib, “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsi istifadəyə verilib. İyulun 11-də “Xankəndi” hotelinin açılışı olub. Bu layihələr şəhərdə sosial-mədəni və iqtisadi həyatın paralel şəkildə inkişaf etdiyini göstərir.
Xocalıda bərpa-quruculuq siyasəti tarixi yaddaşın qorunması ilə yaşayış mühitinin yenidən yaradılmasını paralel şəkildə əhatə edir. 2024-cü ilin fevralında Xocalı Soyqırımı Memorial Kompleksinin təməli qoyulub, 2026-cı il fevralın 26-da isə Prezident İlham Əliyevin iştirakı ilə kompleksin açılışı keçirilib. Memorialın yaradılması Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bununla yanaşı, Xocalıda yaşayış və iqtisadi fəaliyyət üçün zəruri infrastruktur da bərpa edilir. 2026-cı il mayın 28-də hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanışlıq keçirilib, “Qarabağ Tekstil Evi” MMC-nin açılışı olub. Müəssisədə müxtəlif çeşiddə tekstil məhsullarının istehsalı nəzərdə tutulur. Görülən işlər Xocalıda bərpa prosesinin yaşayış məskənlərinin yaradılması ilə yanaşı, istehsal və məşğulluq imkanlarının formalaşdırılmasına da istiqamətləndiyini göstərir.
Xocavənddə də bərpa-quruculuq prosesi ardıcıl xarakter daşıyır. 2023-cü il oktyabrın 15-də şəhərdə Dövlət Bayrağı ucaldıldıqdan sonra şəhərdə və rayonun yaşayış məntəqələrində infrastrukturun bərpasına başlanılıb. 2026-cı il fevralın 25-də Prezident İlham Əliyev Xocavənd şəhərində və Xocavənd kəndində görülmüş işlərlə tanış olub. Şəhərdə fərdi evlərin əsaslı təmiri, sosial və kommunal infrastrukturun bərpası istiqamətində tədbirlər görülür.
Xocavənd rayonunun Xanoba kəndində də fərdi evlərin və infrastrukturun bərpası ilə yanaşı, əhalinin mərhələli şəkildə doğma yurda qayıdışı təmin edilir. 2026-cı il martın 18-də dövlət başçısı kənddə həyata keçirilən işlərlə tanış olub.
Ağdərə bölgəsinin bərpası isə yeni inzibati quruculuqla sosial-iqtisadi inkişaf istiqamətlərini özündə birləşdirir. 2023-cü il dekabrın 5-də Ağdərə rayonunun yaradılması haqqında Qanunun qəbul edilməsi ilə rayonun inzibati statusu rəsmiləşdirildi. Bu addım işğaldan azad edilmiş ərazilərdə idarəetmənin və dayanıqlı inkişafın daha səmərəli təşkilinə imkan yaradan mühüm amillərdən biri oldu.
Ağdərə şəhərində və rayonun kəndlərində bərpa işləri ilə yanaşı, iqtisadi potensialın reallaşdırılması istiqamətində də layihələr həyata keçirilir. 2026-cı il yanvarın 13-də bir sıra kəndlərdə görülən işlərlə tanışlıq, “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışı, Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq, Ağdərə şəhərinin Baş Planının təqdimatı və Xüsusi Əməliyyat Mərkəzinin təməlqoyma mərasimi keçirilib.
Beləliklə, Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin bugünkü mənzərəsi yalnız keçmişin bərpası ilə məhdudlaşmır. Bu şəhər və rayonlarda yeni yaşayış məhəllələri, sosial obyektlər, təhsil və mədəniyyət müəssisələri, istehsal sahələri, nəqliyyat və digər infrastruktur yaradılır. Əsas məqsəd insanların doğma yurdlarına təhlükəsiz, layiqli və dayanıqlı şəkildə qayıdışını təmin etməkdir.
20 sentyabr buna görə yalnız tarixi hadisələrin xatırlandığı gün deyil. Bu tarix Azərbaycanın dövlət suverenliyinin tam bərpasını, milli iradənin və dövlətçilik əzminin təcəssümünü, eyni zamanda Qarabağda Böyük Qayıdış prosesinin yeni mərhələsini ifadə edir. 2023-cü ilin sentyabrından sonra Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə həyata keçirilən ardıcıl tədbirlər göstərir ki, qələbənin tarixi nəticələri artıq gündəlik həyatın, sosial-iqtisadi inkişafın və quruculuğun real göstəricilərində öz əksini tapır.
Bu baxımdan 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü həm keçmişə ehtiramın, həm bu günə verilən qiymətin, həm də gələcəyə inamın ifadəsidir. Bu dörd şəhərin timsalında Azərbaycan xalqının doğma torpaqlarına qayıdışı, dövlət suverenliyinin bərpası və Qarabağın yeni inkişaf mərhələsi vahid tarixi məzmun qazanır. Qarabağda görülən işlər isə Zəfərin yalnız hərbi nəticə olmadığını, onun ardınca genişmiqyaslı quruculuq, dirçəliş və Böyük Qayıdış mərhələsinin gəldiyini nümayiş etdirir.
Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər