Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzini...
09:51 07.11.2026
0
0
0
NAXÇIVAN :
07 Noyabr 2026, Şənbə
Cahangirbəyli və Soltanlıya qayıdış – Tarixi Zəfərin yaratdığı yeni reallığın növbəti təcəssümü
Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli mövqeyi sayəsində Azərbaycan son illərdə ölkəmizin gələcək inkişafına və tariximizə mühüm təsir göstərən hadisələrə şahidlik edib. Bu hadisələrin əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, əksinə, zaman keçdikcə onların tarixi və mənəvi dəyəri daha da artır. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər də belə hadisələrdən biridir. Bu Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etməklə yanaşı, uzun illər doğma yurdlarından ayrı düşmüş insanların geri qayıtmasına, işğal nəticəsində dağıdılmış şəhər və kəndlərimizin yenidən qurulmasına və həmin ərazilərdə həyatın bərpasına imkan yaradıb.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda müşahidə olunan mənzərə həmin tarixi Qələbənin təntənəsidir. Vaxtilə həyatın dayandığı, evlərin dağıdıldığı, torpaqların viran qoyulduğu ərazilərdə indi müasir yaşayış məntəqələri salınır, sosial infrastruktur yaradılır, yeni yollar çəkilir, məktəblər, uşaq bağçaları və digər ictimai obyektlər istifadəyə verilir. Ən başlıcası isə bu torpaqlara həyat qayıdır, illərlə yurd həsrəti ilə yaşayan insanlar öz evlərinin qapısını yenidən açırlar, 30 il əvvəl sönən ocaqlar yenidən şölə saçır, doğma yurdların küçələrində həyat canlanır, yenidən sevinc və ümid ünvanına dönür.
Noyabrın 6-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinin birinci mərhələsinin açılışında iştirakı, həmçinin bu kəndlərə köçən sakinlərlə görüşü Böyük Qayıdış prosesinin növbəti əlamətdar hadisəsi oldu. Bundan başqa, həmin gün Zəngilan Şəhər Təhsil Kompleksinin istifadəyə verilməsi doğma torpaqlarına qayıdan ailələrin övladları üçün hər cür şəraitin yaradıldığının, onların keyfiyyətli təhsil almalarına göstərilən diqqət və qayğının əyani təzahürüdür. Müasir tədris imkanlarına malik bu kompleks gənc nəslin bilikli, savadlı yetişməsinə, onların peşə vərdişlərinin inkişafına mühüm töhfə verəcək. Eyni zamanda Cəbrayıl rayonunda da iqtisadi dirçəliş baxımından əhəmiyyətli layihə – illik istehsal gücü 150 min ton olan, 70 milyon manat investisiya dəyərinə malik “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsi istifadəyə verilib. Burada 300 nəfərin daimi işlə təmin olunması, məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə də ixracının nəzərdə tutulması işğaldan azad edilmiş ərazilərdə quruculuğun iqtisadi inkişaf, yeni iş yerləri və dayanıqlı məşğulluqla paralel aparıldığını göstərir.
Dağıntılardan dirçəlişə: doğma yurdlarda yeni həyat
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Cahangirbəyli və Soltanlı kəndləri 30 il müddətində tamamilə dağıdılmışdı. İşğaldan əvvəl Cahangirbəyli sakinləri, əsasən, baramaçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıqla, Soltanlı sakinləri isə pambıqçılıq, taxılçılıq, baramaçılıq, üzümçülük və heyvandarlıqla məşğul olublar. Azərbaycan Ordusu Soltanlı kəndini oktyabrın 19-da, Cahangirbəyli kəndini isə iki gün sonra oktyabrın 21-də, işğaldan azad edib. Bu gün isə hər iki kənddə müasir memarlıq üslubunda salınmış, sakinlərin rahat yaşayışı üçün bütün zəruri imkanların nəzərdə tutulduğu yeni yaşayış evləri istifadəyə verilir.
Ümumi sahəsi 179,5 hektar olan Cahangirbəyli kəndinin birinci mərhələsi üzrə 62,57 hektar ərazidə 242 fərdi yaşayış evi inşa edilib. Bununla yanaşı, 264 şagird yerlik tam orta məktəb, 80 yerlik körpələr evi-uşaq bağçası, ikimərtəbəli inzibati bina, bazar kompleksi və çoxfunksiyalı bina tikilib. Evlər su, elektrik enerjisi, qaz, Günəş panelləri və yüksəksürətli internetlə təmin olunub, kənddaxili yollar asfaltlanıb.
Ümumi sahəsi 108,5 hektar olan Soltanlı kəndində isə 420 fərdi yaşayış evi inşa edilib. İki, üç, dörd və beşotaqlı evlərin hamısı müasir kommunikasiya sistemləri – su, elektrik enerjisi, qaz, Günəş panelləri və yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollar asfaltlanıb. Burada da ikimərtəbəli inzibati bina, 140 yerlik körpələr evi-uşaq bağçası, həkim-tibb məntəqəsi və çoxfunksiyalı bina yaradılıb.
Hər iki kənddə sosial infrastrukturun qurulmasına xüsusi diqqət yetirilib. Cahangirbəylidəki çoxfunksiyalı binada həkim-tibb məntəqəsi, aptek, market, dərzi və gözəllik salonunun, Soltanlıda isə müvafiq xidmət sahələrinin fəaliyyət göstərməsi nəzərdə tutulub. Soltanlıdakı uşaq bağçasında metodika, kompüter, oyun və musiqi otaqları, həmçinin yeməkxana yaradılıb.
Cahangirbəyli məktəbində 13 sinif otağı, kimya və fizika laboratoriyaları, musiqi, informatika, hərbi hazırlıq, rəsm və qrim otaqları, kitabxana, 160 yerlik akt zalı, qapalı idman zalı və yeməkxana müəllim və şagirdlərin istifadəsinə veriləcək. Məktəbin ərazisində iki açıq idman meydançası da yaradılıb.
Kəndlərdə Bayraq meydanlarının, parkların, uşaq oyun və idman meydançalarının yaradılması da yaşayış mühitinin yalnız mənzil təminatı ilə məhdudlaşmadığını göstərir. Məqsəd sakinlərin gündəlik ehtiyaclarını qarşılamaqla yanaşı, onların rahat istirahəti, sosial həyatda iştirakı və sağlam həyat tərzi üçün əlverişli şərait yaratmaqdır.
Bütün bunlar onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, sadəcə, dağıdılmış tikililərin yenidən inşası deyil. Burada müasir şəhərsalma prinsiplərinə əsaslanan, sosial və iqtisadi imkanları ilə seçilən yeni yaşayış mühiti formalaşdırılır.
Böyük Qayıdışın ən böyük mənası – doğma yurda, doğmalığa qayıtmaq
Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərlə görüşdə Prezident İlham Əliyevin çıxışı Böyük Qayıdışın mahiyyətini və dövlətimizin qarşıya qoyduğu məqsədləri bir daha aydın, dolğun ifadə etdi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan xalqının ən böyük arzularından biri uzun illər ağır şəraitdə yaşamış məcburi köçkünlərin doğma torpaqlarına qayıtması olub. Bu gün isə həmin arzu real həyata çevrilir. Sitat: "Bu gün biz, demək olar ki, müntəzəm olaraq yeni gözəl kəndlər, şəhərlər salırıq, sıfırdan qururuq. Çünki mənfur düşmən bizim bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdi, o cümlədən Cahangirbəyli, Soltanlı kəndlərini də tam dağıtmışdı. Bu gün bu iki kəndə, təqribən, 700-ə yaxın ailə qayıdır. Sizin üçün gözəl evlər tikilib. Əminəm ki, siz bu şəraitdən səmərəli şəkildə istifadə edəcəksiniz. Əsas məsələ odur ki, artıq köçkünlük həyatı arxada qalır".
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan müharibədə Qələbə qazanmaqla yanaşı, sülh şəraitində qurub-yaradan xalq olduğunu da nümayiş etdirir. İşğal dövründə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı bu siyasətin real nəticələridir.
Şəhidlərin qanının yerdə qalmaması, onların qisasının döyüş meydanında alınması Azərbaycanın tarixi Zəfərinin mühüm mənəvi tərəfini təşkil edir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri, yeni yaşayış məntəqələrinin salınması və həyatın yenidən canlandırılması isə Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinə ehtiramın bariz nümunəsidir. Cahangirbəyli və Soltanlıda yaşananlar bu fikirlərin canlı təcəssümüdür. İllərlə başqa şəhər və rayonlarda məskunlaşmağa məcbur olmuş insanlar indi öz evlərinə, uşaqlıq xatirələrinin yaşadığı küçələrə, doğma torpaqlarına, doğmalığa qayıdırlar. Onların sevincində uzun illər davam edən ayrılığın sona çatmasının yaratdığı böyük mənəvi rahatlığın ifadəsi var. Görüş zamanı sakinlərin dilə gətirdikləri fikirlər də bu hissləri aydın şəkildə ortaya qoydu. Şəhid anasının Prezidentə müraciətində yaşamadıqları, hətta təsəvvürlərinə belə gətirə bilmədikləri bir möcüzənin gerçəkləşdiyini söyləməsi, başqa bir sakinin 33 ildən sonra doğma kəndinə qayıdışını möcüzə adlandırması Böyük Qayıdışın insan talelərindəki əhəmiyyətini göstərir. Sakinlərin fikirləri təsdiqləyir ki, bu proses, sadəcə, bir kəndə köçmək deyil. Bu, illərlə qorunan ümidin gerçəkləşməsi, ailə yaddaşının, nəsillərin bağlı olduğu torpağın yenidən həyatın mərkəzinə çevrilməsidir.
Qayıdışdan inkişafa: Qarabağ və Şərqi Zəngəzurda yeni mərhələ
Görüşün diqqətçəkən tərəflərindən biri də sakinlərin doğma yurda qayıtdıqdan sonra gələcək planları ilə bağlı fikirləridir. Prezident İlham Əliyevin kənd sakinləri ilə səmimi söhbəti zamanı onların əvvəlki məşğuliyyətləri, işğal dövründə yaşadıqları yerlər və bundan sonra hansı sahələrdə fəaliyyət göstərəcəkləri ilə maraqlanması qayıdış prosesində məşğulluq məsələsinin də mühüm yer tutduğunu göstərirdi.
Sakinlərin əksəriyyəti kənd təsərrüfatını yenidən dirçəltmək niyyətində olduqlarını bildirirdilər. Bir zamanlar traktorçu, sürücü, kolxoz işçisi kimi çalışan kənd sakinləri doğma torpaqlarında yenidən əkinçilik və heyvandarlıqla məşğul olmaq istəyirlər. Onların torpağın münbitliyinə, su ehtiyatlarına və kəndin gələcək inkişafına inamı diqqət çəkirdi. Bu baxımdan, bir sakinin Prezidentlə söhbətində torpaqlarının “qızıl torpaq” olduğunu söyləməsi, digərinin isə bir ildən sonra kəndin tanınmaz dərəcədə dəyişəcəyini, gül-çiçəyə bürünəcəyini bildirməsi sakinlərin quruculuq prosesində fəal iştirak etmək əzmini nümayiş etdirir.
Prezident İlham Əliyevin kənddə kənd təsərrüfatının inkişafı üçün geniş imkanların olduğunu vurğulaması, sakinlər üçün həyətyanı sahələrlə yanaşı, ayrıca torpaq sahələrinin də nəzərdə tutulduğunu qeyd etməsi bu istiqamətdə dövlət dəstəyinin əhəmiyyətini bir daha önə çıxarırdı.
Digər mühüm məsələ isə Zəngəzur dəhlizinin Soltanlı kəndinin ərazisindən keçməsi ilə bağlıdır. Dövlətimizin başçısı burada dəmir yolunun fəaliyyətə başlaması ilə böyük inkişaf perspektivlərinin yaranacağını diqqətə çatdırdı. Bu amil Soltanlının gələcəkdə yalnız yaşayış məntəqəsi kimi deyil, həm də nəqliyyat və iqtisadi əlaqələr baxımından əhəmiyyətli əraziyə çevrilməsi üçün yeni imkanlar yarada bilər.
Əlbəttə, Böyük Qayıdış prosesinin uğuru yalnız evlərin tikilməsi və sakinlərin yurda geri dönüşü ilə ölçülmür. Burada dayanıqlı məşğulluğun təmin edilməsi, kənd təsərrüfatının inkişafı, sosial xidmətlərin əlçatanlığı, təhsil və səhiyyə imkanlarının genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Cahangirbəyli və Soltanlıda yaradılan infrastruktur bu istiqamətdə zəruri təməlin formalaşdırıldığını göstərir. Növbəti mərhələdə isə həmin imkanların sakinlərin fəal iştirakı ilə real iqtisadi və sosial həyata çevrilməsi əsas vəzifələrdən olacaq. Prezident İlham Əliyevin sakinlərlə söhbəti zamanı səsləndirdiyi “Bizim üzərimizə nə düşübsə, bu kənd üçün etmişik” fikri də bu baxımdan xüsusi məna daşıyır. Bu, dövlətin üzərinə götürdüyü quruculuq vəzifələrinin yerinə yetirildiyini, bundan sonrakı mərhələdə isə sakinlərin doğma yurdlarının inkişafında əsas iştirakçılara çevriləcəyini ifadə edir.
Ümumilikdə isə onu demək olar ki, Cahangirbəyli və Soltanlıya qayıdış Azərbaycanın tarixi Zəfərdən sonrakı Böyük Qayıdış siyasətinin, sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən birini əks etdirir. Bir tərəfdə dövlətin yaratdığı müasir yaşayış şəraiti, digər tərəfdə isə doğma torpağına qayıdan insanların qurub-yaratmaq əzmi dayanır. Bu iki amilin vəhdəti Qarabağ və Şərqi Zəngəzurda həyatın davamlı şəkildə bərpasının əsasını təşkil edir.
Beləliklə, altı il əvvəl döyüş meydanında qazanılan tarixi Qələbə bu gün quruculuq meydanında davam etdirilir. Vaxtilə düşmən tərəfindən viran qoyulmuş torpaqlarda indi məktəb zəngi çalınacaq, uşaqların gülüşü eşidiləcək, ailələr öz evlərində yaşayacaq, əkin sahələri yenidən becəriləcək. Ən böyük Zəfər isə illərlə yurd həsrəti çəkən insanların doğma torpaqlarında öz gələcəklərini qurmasıdır. Cahangirbəyli və Soltanlıda həyatın yenidən canlanması bir daha təsdiqləyir ki, Azərbaycan üçün Zəfər yalnız tarixi Qələbənin qürurunu yaşatmaq deyil, həm də onun bəhrələrini quruculuq, dirçəliş və Böyük Qayıdışla gələcək nəsillərə ötürməkdir. Bu gün həmin torpaqlarda salınan hər ev, çəkilən hər yol, qurulan hər infrastruktur Zəfərin yaratdığı yeni reallıqların, dövlətimizin gücünün və xalqımızın doğma yurdlarına bağlılığının təcəssümüdür. Prezident İlham Əliyevin dediyi kimi: "Altı il bundan əvvəl şanlı Ordumuz düşməni torpaqlarımızdan qovaraq haqq-ədaləti bərpa etdi. Artıq 6 il ərzində biz quruculuq işləri ilə məşğuluq. Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. Uzun illər ağır şəraitdə yaşamış köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi, ilk növbədə, əlbəttə ki, köçkün şəklində, köçkün şəraitində yaşayan insanlar üçün. Amma siz də bilirsiniz ki, hər bir vətənpərvər insan sizin tezliklə doğma diyara qayıtmağınızı arzulayırdı".
Nail Əsgərov
Digər xəbərlər