NAXÇIVAN :

14 Avqust 2026, Cümə

Böyük hədəflərə doğru yolun başlanğıcı - Şuşa Bəyannaməsi

...

Beş il əvvəl 2021-ci ilin 15 iyununda iki qardaş ölkənin dövlət rəhbərləri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada müttəfiqlik münasibətləri haqqında bəyannaməyə imza atdılar.  Bəyannamənin əzəli-əbədi yurdumuz Şuşa şəhərində imzalanması ilə yanaşı, onun tarixi ilə bağlı əlamətdar məqam da var. Bunlardan birincisi sənədə iyunun 15-də imza atılmasıdır. Həmin gün Azərbaycanın Milli Qurtuluş Günüdür. Müstəqilliyin ilk illərində respublikanın ağır xarici və daxili təhdidlərlə üzləşərək parçalanmaq, müstəqilliyini itirərək dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşdiyi o ağır çağlarda Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdıb Azərbaycanı xilas etdi. Bu tarixdən ötən müddət ərzində Şuşa Bəyannaməsinin imzalanması da ölkəmizin müstəqilliyini daimi, əbədi və dönməz edən qətiyyətli addımlardandır. Belə bir tarixi qərar müasir dünyamızda Azərbaycan və Türkiyəni daha da qüvvətləndirir, bir-birinə arxalanan, inanan, güvənən iki qardaş ölkəni regionda böyük gücə çevirir.

Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdaraq dövlətimizi zamanın ağır təlatümlərindən xilas etdiyi bu tarixi gün ikiqat əlamətdarlıq qazandı. Bölgə üçün mühüm əhəmiyyət daşıyan bəyannamənin imzalandığı o anlar, demək olar ki, bütün dünyanın nəzərləri Şuşada idi. Beynəlxalq ictimaiyyət bir daha şahid oldu ki, hərbi əməliyyatları uğurla başa çatdıran, “dəmir yumruq”la düşmənin başını əzən, işğalçı ölkənin ordusunu sıradan çıxaran Azərbaycan dövləti bu dəfə döyüşləri eyni qalibiyyətlə diplomatik səngərlərdə davam etdirir. Şanlı qələbəmizi daha da möhkəmləndirir, havadarlarının dəstəyi ilə əsrlərlə başımızın bəlasına çevrilmiş ermənilərin bir daha bizim torpaqlara baxmağa belə cəsarət etməməsi üçün tarixi-siyasi, diplomatik zəmin hazırlayır.

“Bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk.”- deyən Prezident İlham Əliyev iki qardaş ölkə arasındakı münasibətlərin daha geniş strateji səviyyəyə yüksəldiyini, bölgənin parlaq gələcəyinə yol açan əməkdaşlıq olduğunu xüsusi vurğuladı. Hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının zəfərini qəbul etməyə və gələcəyə baxmağa səslədi.

Azərbaycan və Türkiyəni birləşdirən bir çox dəyərlər var. İlk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklərə malik olmağımız, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Reallıq budur ki, Azərbaycan və Türkiyə hazırda dünya miqyasında nadir əməkdaşlıq, işbirliyi, müttəfiqlik nümunəsi göstərir. İki ölkənin münasibətlərinin təqdimatında böyük öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün tarixi qardaşlığa əsaslanan çağırışları əhəmiyyətli rol oynayır. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” tezisinin davamı olaraq Ulu Öndər Heydər Əliyev “Biz bir millət, iki dövlətik” müdrik kəlamı ilə qardaşlığımızın əbədiliyinə möhür vurdu.

Bəyannamənin tarixi əhəmiyyəti həm də onunla bağlıdır ki, bu tarixi sənəd ictimai həyatımızın digər sahələrinə aid olan məsələlərin həllini də gerçəkləşdirəcək. Başqa sözlə, bəyannamə həm iki ölkə arasında, həm də regionda, eləcə də beynəlxalq aləmdə iqtisadi-ticari əlaqələrin sürətlə inkişafına təkan verəcək. Belə ki, bəyannamədə xüsusi məsələ kimi vurğulanan Zəngəzur dəhlizinin açılması zərurəti iqtisadi, ticarət, nəqliyyat məsələlərinin həllində mühüm rol oynayacaq. Bu dəhlizin açılması isə siyasi önəm daşımaqla yanaşı, daha çox iqtisadi əhəmiyyətə malik olacaq

Şuşa Bəyannaməsi, eyni zamanda hər iki ölkənin iqtisadiyyatında şaxələndirmənin sürətlənməsinə, ölkələrarası mal daşımalarında, logistika məsələlərində yeni, mütərəqqi mexanizmlərin işlənib hazırlanmasına, tətbiqinə, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına və s. geniş şərait yaradacaq. Paralel olaraq Cənub Qaz Dəhlizinin tərəflər arasında səmərəli inkişafı gerçəkləşəcək, Azərbaycanın Türkiyə ilə, həmçinin Naxçıvan Muxtar Respublikasının digər regionlarla əlaqəsi bərpa olunacaq. Bu istiqamətdə aparılan siyasətin davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşa edilməsi bölgədə nəqliyyat-kommunikasiya fəaliyyətinin genişlənməsinə və bu yöndə mövcud problemlərin həllinə yol açacaq.

Şuşa Bəyannaməsinin imzalanmasından ötən beş ildə iki müttəfiq ölkənin münasibətlərinin yüksələn xətlə inkişafı diqqətdən kənarda qalmır. Qarşılıqlı səfərlər, imzalanan sənədlər bu birliyi daha da möhkəmləndirir. Şuşa Bəyannaməsi əbədi və sarsılmaz olan Azərbaycan-Türkiyə birliyini daha da gücləndirəcək. Bu bəyannamənin Milli Qurtuluş Günündə, həm də Şuşa şəhərində bağlanması tarixi həqiqətlərin məntiqi yekunudur. İki qardaş dövlət arasında formalaşan münasibətlər Şuşa Bəyannaməsi ilə özünün tarixi zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin dediyi kimi: “Bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır.

Gülxarə Tarverdiyeva

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 15.06.2026 10:08