Ali Məclisin növbəti plenar iclası keçirilib
17:10 22.10.2026
0
0
0
NAXÇIVAN :
23 Oktyabr 2026, Cümə
Prezident cənab İlham Əliyev “2026-2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərərək ölkəmizin ali təhsil müəssisələrinə qəbul olunan tələbələr Prezident təqaüdünə layiq görülüblər. Sevindirici haldır ki, onların sırasında Naxçıvandan olan tələbələr də var. Təqaüdə layiq görülən tələbələrin fikirlərini öyrəndik.
Naxçıvan şəhər E.Sultanov adına 7 nömrəli tam orta məktəbin məzunu, Prezident təqaüdünə layiq görülən Gülay Aslanova Dövlət İmtahan Mərkəzinin 2026-cı ildə keçirdiyi buraxılış imtahanında 289,8 I ixtisas qrupu üzrə qəbul imtahanında isə 397 bal toplayıb. Ümumilikdə, 686,8 bal nəticə göstərən müsahibim I ixtisas qrupu üzrə ən yüksək nəticə əldə edib. Gülay məktəbdə təhsil aldığı illərdə bir sıra uğurlara da imza atıb. Belə ki, 2026-cı ildə keçirilən Respublika Fənn Olimpiadasının riyaziyyat fənni üzrə I mərhələsini uğurla başa vurub. Həmçinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsinin I mərhələsində də uğur qazanıb. Hazırda Bakı Ali Neft Məktəbində İnformasiya təhlükəsizliyi ixtisası üzrə ingilis dilində, dövlət sifarişi əsasında təhsil alan gəncin gələcək hədəfləri də böyükdür. O seçdiyi sahə üzrə bilik və bacarıqlarını inkişaf etdirərək savadlı mütəxəssis kimi yetişmək, ölkəsinə və cəmiyyətə fayda vermək niyyətindədir.
Prezident təqaüdünə layiq görülməsini indiyədək qazandığı uğurların əlamətdar davamı kimi dəyərləndirən Gülay bu mükafatın ona böyük sevinc və qürur hissi yaşatdığını bildirdi.
Sədərək rayon Dəmirçi kənd tam orta məktəbinin məzunu Müjdə Pənahova qəbul imtahanlarında 685 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına qəbul olub. Hazırda təhsilini həmin ali təhsil müəssisəsində davam etdirən müsahibim qazandığı nəticəni 11 illik zəhmətinin bəhrəsi kimi dəyərləndirir. Müjdə məktəb illərində yalnız dərslərindəki uğurları ilə deyil, müxtəlif intellektual oyun və müsabiqələrdə iştirakı ilə də fərqlənib. Kapitanı olduğu komanda 2025-ci ildə Naxçıvanda keçirilən “Xəmsə” Milli İntellektual Oyununun qalibi olub. Bununla yanaşı, bir sıra inşa və şeir müsabiqələrində birincilik qazanan gənc, sinif yoldaşı ilə birlikdə STEAM müsabiqəsində də iştirak edərək öz layihələrini təqdim edib.
Əldə etdiyi yüksək nəticələrin qiymətləndirilməsinin ona böyük sevinc yaşatdığını bildirən Müjdə Pənahova Prezident təqaüdünə layiq görülməsindən məmnunluğunu ifadə edib. O bu yolda əziyyət çəkən və qarşısına məqsəd qoyan hər kəsə uğurlar arzulayıb.
Babək rayon Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbinin məzunu Elvin Hacıyev üçün isə ali məktəbə yüksək nəticə ilə qəbul olmaq ən böyük arzularından biri olub. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında buraxılış mərhələsi üzrə 276, blok imtahanında isə 383 bal toplayan Elvin, ümumilikdə, 659 bal nəticə göstərib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Maliyyə ixtisası üzrə təhsil alan müsahibim məktəb illərində şahmat turnirlərində də iştirak edib, qazandığı uğurlara görə müxtəlif diplomlarla təltif olunub. Prezident təqaüdünə layiq görülməsini çəkdiyi zəhmətin bəhrəsi kimi dəyərləndirən Elvin əldə etdiyi nəticənin gələcək hədəflərinə doğru inamla irəliləməsi üçün mühüm motivasiya olduğunu bildirib.
Culfa şəhər 3 nömrəli tam orta məktəbinin məzunu İnci Zamanlı, ümumilikdə, 678,6 bal toplayaraq hazırda Bakı Ali Neft Məktəbində Maliyyə ixtisası üzrə təhsil alır. O bu uğuru qazanmasında ailəsinin və müəllimlərinin böyük rolu olduğunu bildirib. Gələcək hədəflərindən danışan İnci seçdiyi ixtisasın sirlərini dərindən öyrənməyi, bilik və bacarıqlarını inkişaf etdirməyi qarşısına məqsəd qoyduğunu qeyd edib. İnci Zamanlı Prezident təqaüdünə layiq görülməyin və dövlət başçısının gənclərə göstərdiyi diqqətin onu sevindirdiyini də vurğulayıb. O bu diqqətin gənclərin üzərinə böyük məsuliyyət qoyduğunu vurğulayaraq yaradılan imkanlara və göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.
Biz də gəncləri təbrik edir, onlara gələcək təhsil və həyat yollarında uğurlar arzulayırıq.
Zəhra VƏLİYEVA
Digər xəbərlər