Azərbaycan ADB ilə "yaşıl maliyyə"nin inkişafını m...
09:56 15.09.2026
0
0
0
NAXÇIVAN :
15 Sentyabr 2026, Çərşənbə axşamı
Sentyabrın 15-i... Payızın həlim Günəş şüaları məktəb həyətinə səpiləndə hava həm təzə rənglərin, həm də uşaq həyəcanının qoxusunu yayır. Artıq aylardır, sükutda olan məktəb həyəti birdən-birə yüzlərlə kiçik qədəmin, saysız-hesabsız pıçıldaşmanın və rəngarəng şarların içində canlanır. Lakin bu həyəcanın mərkəzində dayananlar ilk dəfə məktəb formasını geyinmiş, çantaları boylarından bir az böyük görünən birincilərdir. Onların hər biri bu gün tamam başqa bir aləmin, fərqli bir duyğunun içindədir.
Məktəb həyətində addım atdıqca insan özünü müxtəlif duyğuların toqquşduğu rəngli bir mənzərənin ortasında tapır. Bir tərəfdə anasının əlindən tutub göz yaşlarını astaca formasına silən kiçik bir qızcığaz dayanır. "Evə gedək" pıçıltısı ilə anasının ətəyindən bərk-bərk yapışıb, elə bil anası bir addım geriyə çəkilsə, bütün dünyası sarsılacaq. Anası isə əyilib onun saçlarını sığallayır, sakitləşdirməyə çalışır, amma balaca gözlərdən axan damlalar yeni formanın yaxalığında kiçik ləkələr buraxır. Buradakıların bir qismi üçün məktəb anadan ayrılmağın ilk acı təcrübəsidir.
Elə bir neçə addım aralıda isə tamam başqa bir mənzərə var. İlk dəfə özünü bu qədər böyük hiss edən başqa bir balaca çantası kürəyində qürurla gəzişir, yanındakı sinif yoldaşına baxıb birdən-birə uşaq ərköyünlüyü ilə dilini çıxarır, sonra da qaçıb anasının arxasında gizlənir. Onun üçün bu gün bir oyundur, yeni dostlar, yeni zarafatlar məkanıdır. Onun gözlərində nə qorxu var, nə də nisgil. O gözlərdə uşaqlıq dəcəlliyi və səbirsizlik çağlayır.
Sinif otaqlarının qapısı açılan kimi həyəcan bir az da artır. Parta arxasında əyləşən birincilərin hərəsinin fikri bir yandadır. Sıranın ortasında oturan bir oğlan uşağı zəngin vurulmasından cəmi beş dəqiqə keçməsinə baxmayaraq, artıq səbirsizliklə gözünü qapıya dikib. O nə müəllimənin xoş sözlərinə baxır, nə də lövhədəki rəngli şəkillərə. Ağlı, fikri evdə, oyuncaqlarının yanındadır, hər dəqiqə başını çevirib anasının dəhlizdə gözləyib-gözləmədiyini yoxlayır və içindən sanki dəqiqələri sayır ki, bir an əvvəl evə getsin.
Parta arxasında oturan başqa bir dəcəlin isə fikri tamam başqa yerə yönəlib. Müəllimə ilk tanışlıq sözlərini deyərkən, o, artıq partanın altından çantasını astaca açır. Anasının səhər tezdən dərsdə "acsan, yeyərsən" deyə çantasına qoyduğu peçenyelərin qoxusu artıq bütün sinfə yayılır. Böyük bir gizliliklə hələ tənəffüsün olmağını gözləmədən, o bükülü paketdən bir peçenye çıxarıb ağzına atmağa tələsir. Onun üçün ilk dərs elə anasının hazırladığı o şirin peçenyelərin dadı ilə yaddaqalan olur.
Hər küncdə bir duyğu, hər sıradan gələcəyin bir hekayəsi boylanır. Kimi anasının dərsin sonuna qədər pəncərənin önündən ayrılmamasını şərt kəsir, kimi də sanki illərin məktəblisiymiş kimi rahatlıqla arxasına söykənib müəllimi dinləyir. Bəziləri üçün bura yad bir aləm, bəziləri üçün isə kəşf olunacaq böyük bir macəradır. Lakin nə olursa olsun, həm ağlayan, həm dəcəllik edən, həm də peçenyesini tələsik yeyən bu balacaların hamısı eyni nöqtədə birləşir. Onlar bu gün həyatın böyük yoluna, biliyə və işıqlı gələcəyə ilk addımlarını atırlar.
Elnurə CƏFƏROVA
Digər xəbərlər