NAXÇIVAN :

01 Avqust 2026, Şənbə

Çolpon-Ata görüşü: Azərbaycan-Mərkəzi Asiya tərəfdaşlığında strateji inteqrasiyanın perspektivləri

...

Son illərdə qlobal geosiyasi və geoiqtisadi proseslər fonunda Mərkəzi Asiya beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevrilib. Enerji resursları, nəqliyyat marşrutları və tranzit imkanları baxımından strateji əhəmiyyətə malik olan bu regionla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Tarixi, mədəni və siyasi bağlılığa söykənən münasibətlər bu gün iqtisadi inteqrasiya, nəqliyyat-logistika layihələri, investisiya əməkdaşlığı və ortaq təhlükəsizlik maraqları ilə daha da zənginləşir. Bu baxımdan, iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü regional əməkdaşlığın gələcək inkişaf perspektivlərini müəyyənləşdirən mühüm siyasi platforma kimi diqqət çəkir.

Çolpon-Atada keçirilən görüş regionda formalaşan yeni əməkdaşlıq modelinin mühüm mərhələsi kimi qiymətləndirilə bilər. Azərbaycanın bu platformada tamhüquqlu üzv qismində təmsil olunması ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini və əməkdaşlığın institusional əsaslar üzərində inkişaf etdiyini göstərir.

Son illərdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri nəzərəçarpacaq dərəcədə intensivləşib. Qarşılıqlı dövlət səfərlərinin artması, hökumətlərarası komissiyaların fəaliyyətinin genişlənməsi, iqtisadi və humanitar layihələrin sayının çoxalması region dövlətləri arasında yüksək siyasi etimadın formalaşdığını təsdiqləyir. Bu proses Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi ilə paralel inkişaf edərək ortaq maraqların daha səmərəli və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinə əlverişli zəmin yaradır.

Azərbaycanın geostrateji mövqeyi Mərkəzi Asiya üçün xüsusi əhəmiyyət daşıyır. Xəzər dənizinin qərb sahilində yerləşən ölkə Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin əsas həlqələrindən biridir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Ələt Azad İqtisadi Zonası Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. 

Reallaşdırılması nəzərdə tutulan Zəngəzur dəhlizi isə regionun nəqliyyat xəritəsini yeni mərhələyə daşıyacaq strateji layihələrdən biri hesab olunur. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı, Türk dünyasının nəqliyyat əlaqələrinin möhkəmlənməsinə, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında yükdaşımalarının daha sürətli və səmərəli həyata keçirilməsinə əlavə imkanlar yaradacaq. Son illərdə yükdaşımaların həcminin artması Orta Dəhlizin, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyətinin getdikcə yüksəldiyini göstərir. 

Bu baxımdan,  Prezident İlham Əliyevin Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə səsləndirdiyi fikirlər Bakının regionla əməkdaşlığa strateji yanaşmasını bir daha nümayiş etdirir. Dövlət başçısının vurğuladığı kimi, Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Qarşılıqlı səfərlərin intensivliyi, siyasi dialoqun davamlı xarakter alması və çoxtərəfli platformalarda fəal iştirak Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında etimad mühitinin daha da möhkəmləndiyini təsdiqləyir. Sitat: “Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Sadəcə, qarşılıqlı səfərlərin dinamikasını söyləmək kifayət edər. Mən 2023-cü ilin əvvəlindən bu günə qədər Mərkəzi Asiyanın qardaş ölkələrinə, ümumilikdə, 16 dəfə səfər etmişəm, həmin ölkələrdən həmkarlarım isə 26 dəfə Azərbaycanda səfərdə olublar. Yəni statistika münasibətlərin dinamikası və yaxınlığından daha yaxşı xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib”.

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə nəqliyyat və logistika ilə yanaşı, enerji, “yaşıl enerji”, sənaye, kənd təsərrüfatı, rəqəmsal transformasiya və investisiya sahələrində birgə layihələrin həyata keçirilməsinə xüsusi önəm verir. Qarşılıqlı sərmayələrin təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar iqtisadi inteqrasiyanın sürətlənməsinə mühüm töhfə verir.

 Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi də bu siyasətin praktik nəticələrini nümayiş etdirir. Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun kapitalının 200 milyon dollara çatdırılması, sənaye və kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi, İssık-Kul sahilində Azərbaycan sərmayəsi hesabına inşa edilən “Baku Resort & Spa” mehmanxanasının istifadəyə verilməsi iqtisadi əməkdaşlığın konkret investisiya layihələri ilə möhkəmləndiyini göstərən mühüm nümunələrdir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində humanitar diplomatiya da mühüm yer tutur. Qarabağın bərpasına göstərilən dəstək, Ağdam şəhərində Qırğızıstanın maliyyə dəstəyi ilə inşa olunan Manas adına tam orta məktəb, qarşılıqlı mədəniyyət günləri və təhsil layihələri xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Bu təşəbbüslər siyasi tərəfdaşlığın ictimai-humanitar müstəvidə də davamlı xarakter aldığını göstərir.

Çolpon-Ata görüşünün yekununda imzalanan Çolpon-Ata Bəyannaməsi isə region dövlətlərinin əməkdaşlığın gələcək inkişaf istiqamətləri ilə bağlı ortaq baxışını əks etdirir. Sənəddə nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi, ticarətin artırılması, investisiyaların təşviqi, enerji təhlükəsizliyi, rəqəmsal inkişaf, ekoloji əməkdaşlıq və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi ilə bağlı siyasi iradə ifadə olunur.

Ümumilikdə, Azərbaycanın son illərdə həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursu Mərkəzi Asiya istiqamətində də konkret nəticələr verməkdədir. Çolpon-Ata görüşü göstərdi ki, tərəflər münasibətləri artıq təkcə siyasi dialoq müstəvisində deyil, institusional əməkdaşlıq, qarşılıqlı investisiyalar və birgə iqtisadi layihələr əsasında inkişaf etdirmək niyyətindədirlər. Azərbaycanın nəqliyyat-logistika imkanları, enerji və “yaşıl enerji” sahəsində irəli sürdüyü təşəbbüslər, eləcə də Türk dünyasında artan rolu ölkəni Mərkəzi Asiya ilə Avropa arasında strateji körpüyə çevirir. Bu baxımdan, Çolpon-Ata görüşü və qəbul edilən Bəyannamə növbəti diplomatik tədbirdən daha çox, regional əməkdaşlığın yeni inkişaf mərhələsini müəyyənləşdirən mühüm siyasi yol xəritəsi kimi dəyərləndirilə bilər.

Regional inteqrasiyanın dərinləşdirilməsi, Orta Dəhlizin potensialının daha səmərəli reallaşdırılması, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, eləcə də Türk dünyasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar Azərbaycanın Mərkəzi Asiya siyasətinin gələcək dövrdə də xarici siyasətin əsas prioritetlərindən biri olaraq qalacağını göstərir. Bu yanaşma, eyni zamanda Avrasiya məkanında yeni iqtisadi və geosiyasi əməkdaşlıq modelinin formalaşmasına mühüm töhfə verməyə davam edəcək.

Nail Əsgərov

Nəşr edilib : 31.07.2026 20:25