Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin ...
16:01 11.07.2026
0
0
0
NAXÇIVAN :
11 Iyul 2026, Şənbə
Böyük Qarabağlar şəhərinin təsviri
Qayalarından xınalı kəkliklərin səsi, dağlarından kəklikotu ətri gələn, gur bulaqları qədim pirləri ilə yaşıllıqlar qoynununa sığınmış, min ağacdan diqqəti cəlb edən Qarabağlar kəndi... Naxçıvan torpağını yaxın-uzaq ellərdə tanıdan, şöhrətini hər yerə yayan qədim yurd yerlərimizdən biri. Dərələyəz silsiləsinin sinəbəndi, qədim asma bağları ilə tarixçiləri, səyyahları heyrətləndirən, öz qədimliyinə Quti xatunun şərəfinə ucaldılan möhtəşəm memarlıq kompleksi ilə möhür vuran qədim yurd yerimiz Qarabağlar kəndinə doğru irəlilədikcə Kəngərli düzündə yüz illər öncə qınından çəkilən qılıncların səsi eşidilir qulaqlarımızda, Kəngərli süvarilərinin qəhrəmanlığı canlanır göz önündə. Tarixin tozlu səhifələrində keçmişə qayıdır insan.
Kəngərli rayonunun Qarabağlar kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Kəndin şimal-şərqində Qalacıq adlanan ərazidə e.ə. II minilliyə və I minilliyin əvvəllərinə aid yaşayış yeri (sahəsi, təqribən, 40 hektar) aşkar edilmişdir. Burada tunc bəzək əşyaları, boyalı qab qırıqları, iri qaya parçalarından tikilmiş dördkünc və oval şəkilli bina qalıqları tapılmışdır. Qarabağlardakı qədim qəbiristanda at və qoç formalı qəbirüstü abidələr aşkar edilmişdir. Bu kənd ən qədim yaşayış məskənlərindən biri olmaqla tariximizin orta əsrlər dövründə Azərbaycanın qədim şəhərlərindən birinə çevrilmişdir. Deyilənlərə görə, qədim Qarabağların ərazisi indiki Tənənəm kəndinə qədər imiş. Həmin dövrlərdə Qarabağlar mədrəsələrində riyaziyyat, nücum elmləri öyrədilmişdir. Tarixən kənddə məskunlaşmış türk tayfalarının nişanələri də bu gün Qarabağların əsas məhəllələrinin adlarında yaşadılmaqdadır. Süleymanlı, Bəydilli, Ağahəsənli, Cığallı, Əlmədədli, Turabxanlı, Hacı Baxşəlilər məhəllələrinin sakinləri qədimdə burada məskən salmış ulu babalarının isti ocağının hənirtisini sönməyə qoymayan, torpağına bağlı insanlardır. Qarabağlar şəhəri orta əsrlərdə bir sıra görkəmli səyyah, tarixçi və coğrafiyaşünasların diqqətini cəlb etmişdir. Orta əsrlərin bir çox məşhur səyyahlarının əsərlərində şəhərin gözəl iqlimi, əhalisi, tarixi abidələri haqqında maraqlı məlumatlar vardır. Nizaməddin Şami, İbrahim Əfəndi Peçevi, Övliya Çələbi, F.Rəşidəddin, N.Xanıkov, Moryer, İ.Şopen, İ.Tavernye kimi alim və səyyahlar Qarabağlar haqqında çox qiymətli məlumatlar vermişlər.
XVII əsrin tanınmış türk səyyahı Övliya Çələbi Azərbaycana birinci səfərində (1646-1647-ci illər) “Böyük Qarabağlar şəhərinin təsviri”nə geniş yer vermişdir: “Bu şəhərin binasını ilk dəfə Mənuçöhr qoymuşdur. Qədim şəhərdir; indi də Naxçıvan torpağında ayrıca sultanlıqdır. Qədim zamanlarda böyük şəhər imiş. 1012-ci ildə (1603-cü ildə) Üçüncü Məhəmməd xan zamanında Osmanlı əlində ikən Əcəm zəfər qazandı. 1045-ci il tarixində (1635-ci il) Rəvan fatehi, zəmanənin Murad xanı Rəvan fəthindən sonra bu şəhərə gəlib burada dayandıqda qədim əlyazmalarda cənnət qədər abad olan şəhəri dərya misal qoşununun ixtiyarına verərək onu bilməzsə dağıdıb xarab etmişdir, xarabalıqları hələ də durmaqdadır”. Göründüyü kimi, Ö.Çələbi “Səyahətnamə” əsərində Qarabağları böyük bir şəhər kimi təsvir etmişdir. Onun məlumatına görə, XVII əsrdə Qarabağlarda, təqribən, 50 min adam yaşayırdı; 10 min ev, 70 məscid, 40 minarə, karvansara, hamam, bazar və sair var idi. Şəhərin ab-havasından, bağ-bağatından, meyvələrindən, xörəklərinin dadından Ö.Çələbi ürəkdolusu söhbət açır: “Allaha həmd olsun bu şəhərin ab-havasının lətafətindən əhvalımız da xoş olub atlara süvar olmaqla bəzi rəfiqlərimizlə şəhərə tamaşa etdik... Havasının lətafətindən xoşüzlü məhbub və məhbubələrə rast gəlirdik. Yeyəcək və içəcəklərinin, meyvələrinin bənzəri heç bir diyarda yoxdur. Qara Bağlar desək, yerinə düşər. İşçiləri olduqca təmizdir. Zira cümləsi müsəlmandır”.
Qədimlik və müasirlik
Qarabağlar türbə kompleksi Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, görkəmli memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi, dövlətçilik irsimiz və mədəni sərvətimizdir. Qarabağlar türbə kompleksi qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Kompleksin əsasını türbə təşkil edir. Bu türbə qülləvari xatirə tikintilərinə aiddir və on iki yarımsilindrin birləşməsindən ibarətdir. Diametri 10 metrə yaxın olan, hazırkı vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağlarının dördünün də baş tərəfində müqəddəs “Qurani-Kərim”in “əl-Mumin” surəsindən 16-cı ayənin son hissəsi yazılıb. Qoşa minarəli baştağın üzərində ərəb dilində “Bu binanın tikilməsini Cahan Quti xatun əmr etdi” sözləri yazılmışdır. Gudi xatun və ya Qutuy xatun ola bilsin ki, Elxani hökmdarı Hülakü xan (1217-1265) arvadı olmuş Qutuy xatundur. Ona görə belə hesab etmək olar ki, Qarabağlar memarlıq kompleksinə daxil olan türbə Qoday xatunun şərəfinə inşa olunmuş, qoşa minarələri birləşdirən baştağ da o zaman tikilmişdir. Üslub və tikinti texnikası xüsusiyyətlərinə, əsasən, türbənin XIII əsrin sonunda inşa edildiyini Əbu Səid Bahadur xanın hakimiyyət illərində (1316-1335-ci illər) tamamlandığını demək olar. Türbənin memarlıq quruluşu, tikilişi zamanı tətbiq edilən dəqiq həndəsi ölçmələr, üzərində əsrlərdir, təbii təsirlərdən solmayan boyalı naxışlar abidənin möhtəşəmliyindən xəbər verir. Eyni zamanda bu tikili Naxçıvan memarlıq sənətinin, mədəniyyətimizin inkişafının da bir göstəricisidir.
Qarabağlar deyərkən Asnı bulağının adı ilk olaraq çəkilir. Bu kəndin camaatı üçün “Asnı” adı müqəddəs olan bir ziyarətgahın adıdır. Uca dağların ətəyində yerləşən bu bulağın dupduru suyu insana ruh verir təravət gətirir. Bu gün Qarabağlar kəndinin abad və müasir yurd yerinə çevrilməsində muxtar respublikada kəndlərin inkişafına verilən dəstək mühüm əhəmiyyət kəsb edir. Kəngərli rayonunun ən böyük yaşayış məntəqəsi olan Qarabağlara göstərilən böyük dövlət qayğısı kəndi şəhər mədəniyyətinə qovuşdurmuşdur. Hələ 2009-cu ildə burada inşa olunmuş kənd mərkəzi qarabağlarlılara bütün müasir xidmətlərin göstərilməsinə imkan yaradır. Həmin il öz müasir görkəminə qovuşmuş 522 yerlik 2 nömrəli və 2014-cü ildə əsaslı təmirdən sonra istifadəyə verilmiş 648 yerlik 1 nömrəli tam orta məktəblər, 2010-cu ildə istifadəyə verilmiş həkim ambulatoriyası kəndin simasına əsl şəhər yaraşığı verir. 2012-ci ildə istifadəyə verilmiş müasir Qıvraq-Qarabağlar-Çalxanqala-Təzəkənd dairəvi avtomobil yolu insanların rahatlığını təmin etmişdir. Belə bir rahat yol infrastrukturu təkcə 7 min nəfərdən artıq əhalisi olan Qarabağların deyil, ətraf kəndlərin də Naxçıvan şəhəri və rayon mərkəzi arasında rahat nəqliyyat marşrutlarının yaradılmasına imkan verir.
Kəngərli süvarilərinin davamçıları
Bu xalq hər zaman igid oğulları ilə fəxr edib. Kəngərli süvarilərinin rəşadəti və qəhrəmanlıqları bu gün də dillər əzbəridir. Hələ də bu torpaqda Vətənin müdafiəsi üçün çəkilən qılıncların səsi eşidilir. Əsrlərdir, Qarabağlar kəndinin igid oğulları yurdun, Vətənin müdafiəsində sinəsini düşmənə sipər edir. Vətənimiz müstəqillik qazandığı illərdə Sədərəkdə gedən döyüşlərdə də, Vətən savaşında da bu kəndin igidləri torpaq uğrunda canını və sağlamlığını fəda edib. Onların adı qəhrəmanların sırasına yazılıb. Bu kənd Birinci və İkinci Qarabağ müharibəsində, ümumilikdə, 12 şəhid qurban verib Vətənə. Bu kəndin sərvəti təkcə insanlarının mərdliyi, qəhrəmanlığı ilə bitmir. Qarabağlar həm də yeraltı sərvəti ilə də tanınır. Qarabağlar travertin yatağı Naxçıvan Muxtar Respublikası ərazisində istismar olunan ən böyük travertin yataqlarından biridir. Bu kənddə çıxarılan travertin bu gün Şuşada aparılan quruculuq işlərində istifadə edilir.
Bu gün qədim Qarabağlara yolu düşən hər kəs bu kəndin ətri Qarabağlar dağlarından dünyaya yayılan kəklikotusundan dəmlənən çayından içmədən, dadı hər bir naxçıvanlı üçün əziz olan çörəyindən dadmamış getməz. Kəndin sakinlərinin qonaqpərvərliyi və səmimiliyi isə başqadır. Hər bucağından tarix ətri gələn bu qədim kənd bu gün də həm təbiəti, həm tarixi, həm gözəlliyi ilə insanı valeh edir. Yazın ilk çərşənbəsinin gəlişi ilə uca dağların başından yavaş-yavaş əriyib çaylara qarışan qar suyuna, torpaqdan boylanmağa çalışan sünbüllərə tamaşa etdikcə insan bu yurdun gözəlliyini bir daha hiss edir.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər