Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon d...
19:42 27.06.2026
0
0
0
NAXÇIVAN :
28 Iyun 2026, Bazar
Müasir çağırışlar və qlobal iqtisadi proseslər aqrar sektorun daha dayanıqlı, rəqabətqabiliyyətli və innovativ əsaslar üzərində inkişafını zəruri edir. Bu baxımdan, Prezident İlham Əliyevin cari il mayın 25-də imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirən mühüm strateji sənəd kimi çıxış edir. Dövlət Proqramında bütün istiqamətlərlə yanaşı, heyvandarlıq sektorunun inkişafı ilə bağlı da mühüm tədbirlər nəzərdə tutulub. İntensiv iribuynuzlu heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi hesabına 2030-cu ilədək yüksək məhsuldar cins heyvanların ümumi sürüdə payının faktiki 2,5 faizdən 10 faizə çatdırılması hədəflənir. Süd istehsalının təqribən 10, mal əti istehsalının isə 20 faiz artırılması, bununla da özünütəminetmə səviyyəsinin yüksəldilməsi və mal əti ilə tam təminata nail olunması qarşıya məqsəd qoyulub. Qarşıya qoyulan hədəflərə çatmaq üçün yeni təsərrüfatların yaradılması, onların cins damazlıq heyvanlarla təmin edilməsi, yeni süd və dəri toplama məntəqələrinin qurulması, yem istehsalının texnika və texnologiyalarla təminatının yaxşılaşdırılması, damazlıq heyvan və məhsul subsidiyalarının tətbiqi kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Xırdabuynuzlu heyvandarlığın inkişafı istiqamətində isə yarımintensiv qoyunçuluq təsərrüfatlarının yaradılması, yun toplama məntəqələrinin təşkili, örüş və otlaq sahələrinin bərpası, eləcə də təsərrüfatların içməli su təminatının yaxşılaşdırılması kimi tədbirlər müəyyənləşdirilib. Nəticədə, qoyun əti ilə tam özünütəminetmə səviyyəsinə nail olunması planlaşdırılır.
Dövlət Proqramının icrası ilə əlaqədar bütün bölgələrdə olduğu kimi, Naxçıvan iqtisadi rayonunda da regional müşavirə keçirilib, qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilərək aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Bu tədbirlər heyvandarlıq sahəsinin daha səmərəli təşkili, məhsuldarlığın artırılması və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Muxtar respublikada heyvandarlığın mövcud inkişaf mənzərəsinə nəzər saldıqda sahənin kənd təsərrüfatının aparıcı istiqamətlərindən biri olduğu aydın görünür. Statistik göstəricilərə əsasən 2025-ci ildə Naxçıvan Muxtar Respublikasında 56,6 min baş iribuynuzlu mal-qara və 353,3 min baş xırdabuynuzlu heyvan qeydiyyata alınıb. Bu göstəricilər ölkə üzrə ümumi heyvan sayının müvafiq olaraq 2,3 və 5,2 faizini təşkil edib.
Heyvandarlıq məhsullarının istehsalı sahəsində də müsbət nəticələr əldə olunub. Belə ki, ötən il muxtar respublikada 21,2 min ton diri çəkidə ət və 60,7 min ton süd istehsal edilib. Respublika üzrə ümumi istehsalda Naxçıvanın payı ət istehsalında 3,2, süd istehsalında isə 2,6 faiz olub. Bu göstəricilər muxtar respublikada heyvandarlığın dayanıqlı inkişaf etdiyini, əhalinin keyfiyyətli heyvandarlıq məhsulları ilə təminatında mühüm rol oynadığını və sahənin gələcək inkişafı üçün geniş potensialın mövcud olduğunu göstərir.
Dövlət Proqramı Ordubadda heyvandarlığın inkişafını sürətləndirəcək
Ordubad rayonu muxtar respublikada heyvandarlığın inkişaf etdiyi əsas bölgələrdən biri kimi seçilir. Rayonun təbii-iqlim şəraiti, zəngin örüş və otlaq sahələri, eləcə də kənd təsərrüfatı ənənələri bu sahənin inkişafına əlverişli zəmin yaradır. Cari il aprelin 1-nə olan məlumata görə, rayonda 1204 iribuynuzlu və 765 xırdabuynuzlu heyvandarlıq təsərrüfatı fəaliyyət göstərir. Bu təsərrüfatlarda məhsuldarlığın artırılması, cins tərkibinin yaxşılaşdırılması və yem bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ötən il rayonda 2904 ton ət, 4252,6 ton süd, 9 milyon 413 min ədəd yumurta və 87,9 ton yun istehsal olunması heyvandarlıq sahəsində əldə olunan uğurların bariz göstəricisidir. İstehsal göstəricilərinin artması həm əhalinin ərzaq təminatında, həm də kənd yerlərində məşğulluğun genişlənməsində mühüm rol oynayır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş 2026-2030-cu illəri əhatə edən kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərin Ordubad rayonunda da heyvandarlığın daha sürətli inkişafına təkan verəcəyi gözlənilir. Proqramın icrası nəticəsində yeni heyvandarlıq təsərrüfatlarının yaradılması, mövcud təsərrüfatların maddi-texniki bazasının gücləndirilməsi, məhsuldarlığın yüksəldilməsi və istehsal həcminin daha da artırılması üçün əlverişli imkanlar formalaşacaq. Bu isə rayonun aqrar potensialının güclənməsinə, kənd əhalisinin rifahının yüksəlməsinə və regionun iqtisadi inkişafına mühüm töhfə verəcək.
Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin Heyvandarlığın təşkili, örüş və otlaqlara nəzarət sektorunun aparıcı məsləhətçisi Umar Şükürlü bildirir ki, Dövlət Proqramında kənd təsərrüfatının müasir və dayanıqlı inkişafının təmin olunması məqsədilə mühüm prioritetlər müəyyən edilib. İribuynuzlu mal-qaranın baş sayının artırılması, ət və süd istehsalının yüksəldilməsi, qoyunçuluğun inkişaf etdirilməsi, quş əti və yumurta istehsalının genişləndirilməsi proqramın əsas istiqamətləri sırasındadır. Dövlət Proqramının uğurlu icrası Naxçıvanda heyvandarlığın daha müasir və səmərəli əsaslar üzərində inkişafına təkan verməklə yanaşı, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılmasına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və kənd yerlərində məşğulluğun artırılmasına mühüm töhfə verəcək.
“Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən heyvandarlıqla məşğul olan fermer və sahibkarlarla mütəmadi görüşlər keçirilir, onların qarşılaşdıqları problemlər, təklif və təşəbbüslər diqqətlə öyrənilir. Qaldırılan məsələlərin operativ həlli məqsədilə aidiyyəti qurumlarla birgə koordinasiyalı tədbirlər həyata keçirilir. Bununla yanaşı, fermerlərin dövlət tərəfindən təqdim olunan güzəşt və dəstək mexanizmlərindən daha səmərəli istifadə etmələri üçün maarifləndirmə tədbirləri təşkil olunur, onlara metodiki və məsləhət xidməti göstərilir. Heyvandarlıq təsərrüfatlarında məhsuldarlığın artırılması, cins tərkibinin yaxşılaşdırılması, yem bazasının gücləndirilməsi və müasir idarəetmə üsullarının tətbiqi istiqamətində də davamlı iş aparılır. Dövlət Proqramında nəzərdə tutulan bütün tədbirlərin vaxtında və tam şəkildə reallaşdırılması üçün bundan sonra da bütün imkanlarımızı səfərbər edəcək, kənd təsərrüfatının inkişafına öz töhfəmizi verməyə çalışacağıq”, – deyə Culfa Regional DAİM-in əməkdaşı vurğulayıb.
Ordubad rayonunun Darkənd kənd sakini, 15 ildən artıqdır heyvandarlıqla məşğul olan fermer Cahangir Orucov Dövlət Proqramının icrasının rayonun ümumi təsərrüfat həyatını canlandıracağını deyir. O əsasən simmental cinsli mal-qaranın yetişdirilməsi ilə məşğul olduğunu, təsərrüfatında həm südlük, həm də ətlik istiqamətli heyvanların saxlanıldığını bildirir.
Fermer qeyd edir ki, dövlətin lizinq mexanizmi ilə bu ilin may ayında Çexiyadan ölkəyə sim mental cinsli heyvanlar gətirilməsindən yararlanaraq 7 baş damazlıq iribuynuzlu mal-qara əldə edib. Təsərrüfatın yem bazası, əsasən, öz imkanları hesabına formalaşdırılır. Belə ki, ona məxsus torpaq sahələrində yonca, buğda, arpa və digər yem bitkiləri becərilir, heyvanların yem tələbatı isə bu məhsullar hesabına təmin olunur.
“Heyvanlar üçün lazım olan yem bazasını öz əkin sahələrim hesabına formalaşdırmışam. Hazırda təsərrüfatımı inkişaf etdirirəm və gələcəkdə fermamı daha da böyüdərək simmental cinsli mal-qaranın yetişdirilməsi ilə daha geniş miqyasda məşğul olmağı planlaşdırıram. Qarşıdakı illərdə mal-qaranın sayını artırmaqla yanaşı, cins tərkibini və məhsuldarlığı da yüksəltmək niyyətindəyəm. Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramı fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür. Bu proqram fəaliyyətimizi genişləndirmək üçün bizə əlavə stimul və dəstək verir”, – deyə fermer bildirib.
Göründüyü kimi, Naxçıvan Muxtar Respublikasında heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindən biri olmaqla əhalinin məşğulluğunda və ərzaq təminatında mühüm rol oynayır. Bu baxımdan, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi regionda heyvandarlığın daha da inkişafına, məhsuldarlığın yüksəlməsinə, cins tərkibinin yaxşılaşdırılmasına və yeni təsərrüfatların formalaşmasına geniş imkanlar yaradacaq. Beləliklə, dövlət dəstəyi və fermerlərin zəhməti nəticəsində Naxçıvanda heyvandarlıq sahəsi yeni inkişaf mərhələsinə qədəm qoyacaq, bu da kənd yerlərində sosial-iqtisadi rifahın yüksəlməsinə və ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.
Nail ƏSGƏROV
Digər xəbərlər