NAXÇIVAN :

25 Sentyabr 2026, Cümə

"Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 2 il olacaq

...

"Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 2 il olacaq. "Dövlət qulluğu sertifikatı" qüvvədə olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində 5 vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişsiz qeydiyyatdan keçə biləcək.

"Şərq qapısı" xəbər verir ki, bu məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 25-də keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, beşdən artıq vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Müsabiqədə ilk dəfə iştirak edən şəxslərə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailəsinin üzvlərinə münasibətdə test imtahanında iştirak etmək üçün müəyyən edilmiş məbləğ dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) test imtahanından müvəffəqiyyətlə keçən şəxsə inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən "Dövlət qulluğu sertifikatı" veriləcək.

Müsabiqə nəticələri hesablanarkən şəxslərin müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ verən "Dövlət qulluğu sertifikatı"nı əldə etdikləri test imtahanının nəticəsinin test imtahanı üzrə əldə oluna bilən en yüksək göstəriciyə nisbətdə faiz göstəricisi ilə müsabiqənin müsahibə mərhələsində əldə etdikləri nəticənin müsabiqənin müsahibə mərhələsində əldə oluna bilən en yüksək göstəriciyə nisbətdə faiz göstəricisi toplanaraq ikiyə bölünəcək.

Nəşr edilib : 25.09.2026 12:39