NAXÇIVAN :

08 May 2025, Cümə axşamı

Dünyanı birləşdirən ilk səda

...

Texnologiyanın insan həyatına necə sirayət etdiyini və zamanla bu təsirin hansı nəticələrə yol açdığını anlamaq üçün bir az keçmişə nəzər salmaq kifayətdir. Tarixin müəyyən məqamlarında atılmış bəzi addımlar bəşəriyyətin inkişafında dönüş nöqtəsi olub. Bu baxımdan 7 may elm və texnika tarixində xüsusi əhəmiyyətə malik günlərdən biri kimi qeyd edilir. Məhz həmin gün, 1895-ci ildə rus fiziki Aleksandr Stepanoviç Popov dünyaya ilk radioqəbuledicini təqdim edərək radioəlaqənin yeni dövrünü başlatdı. Sankt-Peterburq şəhərində keçirilən elmi tədbirdə etdiyi çıxışla Popov təkcə Rusiyanın deyil, bütün Şərqi Avropanın texnoloji tarixində özünə layiqli yer tutdu.

Aleksandr Popovun təqdim etdiyi cihaz ilk baxışdan sadə görünsə də, onun arxasında illərlə aparılmış araşdırmalar, fizikanın incəlikləri və elmi marağın gücü dayanırdı. O sanki havanı “danışdırmaq”, səssizliyə səs qatmaq istəyirdi və bu istəyinə çatdı. Popovun bu nailiyyəti sayəsində radio dalğaları ilə məlumat ötürmək mümkün oldu. Həmin gün, sadəcə, bir cihaz təqdim olunmadı – bəşəriyyətin informasiya texnologiyaları sahəsində atacağı saysız-hesabsız addımların təməli qoyuldu. Təsadüfi deyil ki, bu hadisədən sonra Popov Şərqi Avropada radionun ixtiraçısı kimi qəbul edildi və onun adı elm tarixində qızıl hərflərlə yazıldı. Lakin bu məsələdə dünya elm ictimaiyyəti yekdil qərara gəlməyib. Belə ki, Qərbi Avropada və ABŞ-da radionun yaranması Nikola Tesla və Quqlielmo Markoninin adı ilə bağlanır. Tesla elektromaqnit dalğalarının yayılması və simsiz rabitə ideyası ilə çıxış edən ilk alimlərdən olub. Markoni isə bu texnologiyanı kommersiya səviyyəsində həyata keçirən və inkişaf etdirən mühəndis idi.

Radionun ixtirası ilə bağlı fikir ayrılıqları olsa da, keçmiş SSRİ-də bu məsələyə aydınlıq gətirildi. 1945-ci il mayın 7-də SSRİ rəhbərliyi tərəfindən Popovun radio sahəsindəki xidmətləri yüksək qiymətləndirildi və radionun yaranmasının 50 illiyi böyük təntənə ilə qeyd olundu. Həmin il Popovun ölümündən 40 il ötürdü. Bu təsadüf və tarixi əhəmiyyət həmin günün – 7 mayın hər il “Radio günü” kimi qeyd edilməsinə səbəb oldu. O gündən etibarən bu tarix radio, televiziya və ümumilikdə, informasiya-kommunikasiya sahəsində çalışanların peşə bayramı hesab olunmağa başladı. Hazırda 7 may radio günü kimi bir sıra ölkələrdə rəsmi olaraq qeyd edilir. Amma bu gün təkcə həmin ölkələrdə deyil, rabitənin gücünü anlayan hər bir insan üçün dəyərlidir.

Zamanla radio texnologiyası yerini daha inkişaf etmiş vasitələrə verdi. Televiziya, peyk rabitəsi, mobil telefonlar, internet və digər kommunikasiya vasitələri radionun qoyduğu təməl üzərində inşa edildi. Günümüzdə internet sisteminin, sosial medianın, müasir texnologiyaların mövcudluğu da, əslində, yüz ildən çox əvvəl atılan ilk addımların məntiqi nəticəsidir. Bu baxımdan radionu yalnız bir cihaz kimi deyil, insanın informasiya ilə ünsiyyətində yeni bir dövrün başlanğıcı kimi qiymətləndirmək daha doğru olar. Bu texnologiyanın inkişafı, sadəcə, bir və ya iki şəxsin fəaliyyəti ilə məhdudlaşmır. Müasir informasiya və rabitə sistemi yüzlərlə alim, mühəndis, mütəxəssisin illər boyu göstərdiyi zəhmətin nəticəsidir. Elə bu səbəbdən də 7 may – radio günü – yalnız radio işçilərinin deyil, televiziyada, poçtda, digər rabitə sahələrində çalışan hər kəsin bayramı sayılır.

Radionun yaranması ilə informasiya paylaşımı sürətləndi. Əhalinin böyük hissəsi xəbərləri vaxtında almağa, ölkədə və dünyada baş verənlərdən məlumatlı olmağa başladı. Musiqi, teatr, ədəbiyyat və digər sənət sahələri radionun köməyi ilə geniş auditoriyalara çatdı. Bu gün texnologiya nə qədər inkişaf etsə də, radio öz mövcudluğunu qoruyub saxlayır. Avtomobillərdə, evlərdə, mobil tətbiqlərdə hələ də radionun səsi eşidilir. O hələ də insanların həyatında səmimi bir yer tutur. Bu isə radionun təkcə keçmişini deyil, həm də bu günün və gələcəyin texnologiyası olduğunu göstərir.

Radio, sadəcə, texniki bir cihaz deyil, bir çağırışdır. Bu çağırış bizi informasiya ilə tanış edir, dünyanı bizə daha yaxın hala çevirir.

        Elnurə CƏFƏROVA

Naxçıvan Dövlət Universitetinin

 Jurnalistika ixtisası üzrə III kurs tələbəsi

Nəşr edilib : 07.05.2025 09:53