Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxal...
00:01 08.03.2026
0
0
0
NAXÇIVAN :
08 Mart 2026, Bazar
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri həm də Azərbaycan-Ermənistan sülh danışıqlarının hazırkı mərhələsi və bölgədəki yeni əməkdaşlıq mühitinin müzakirəsi baxımından əlamətdar oldu. Bu xüsusda onu diqqətə çəkmək yerinə düşər ki, ötən ilin iyul ayında da hər iki lider arasında ikitərəfli formatda görüş məhz BƏƏ-də baş tutmuşdu. Yəni yeni – ikitərəfli formatın əsası məhz bu ərəb ölkəsinin vasitəsilə mümkün olmuşdu. Budəfəki görüşü isə artıq ötən il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitində əldə olunan tarixi razılaşmaların müzakirəsi baxımından daha əhəmiyyətli adlandırmaq olar. Formatın xüsusiliyi həm də dialoqlar zamanı nümayəndə heyətlərinin iştirak etməsi, yəni görüşün məhdud deyil, geniştərkibli olmasındadır. Bu da tərəflər arasında münasibətlərin ayrı-ayrı istiqamətlər üzrə nizama salınmasının daha ətraflı müzakirəsi nöqteyi-nəzərindən önəmlidir.
Görüş zamanı həm Azərbaycan, həm də Ermənistan təkcə dövlət səviyyəsində deyil, eyni zamanda hər iki cəmiyyətlərin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər. İkitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnunluq ifadə olunub. Tərəflər ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər. Onlar həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılaşıblar. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı zamanı Prezident İlham Əliyev ötən ilin iyul ayında Əbu-Dabidə baş tutan görüşün sülhün əldə olunması baxımından əhəmiyyətinə toxundu, Vaşinqton Sülh Sammitindən ötən müddətdə münasibətlərin nizama salınması üçün mühüm addımların atıldığını vurğuladı: “Qeyd etdiyim kimi, bu altı ay münasibətlərimizin inkişafı baxımından çox mühüm olmuşdur. Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk. Bu səhər ermənistanlı həmkarımla görüşdüm və gələcək addımlarımızı müzakirə etdik”.
Görüşdə ən vacib müzakirə predmeti isə, heç şübhəsiz, TRIPP, digər bir adla desək, Zəngəzur dəhlizi bağlantı layihəsi olub. Layihənin icrası ilə bağlı onu bildirmək olar ki, Azərbaycan dəhlizin (həm dəmir yolu, həm də avtomobil yolu) tikintisinə dair üzərinə düşən işləri uğurla yerinə yetirməkdədir. Azərbaycan və Türkiyə prezidentlərinin 2021-ci ildə təməlini qoyduğu Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu, eləcə də Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi artıq yekunlaşmaq üzrədir. Ötən ilin dekabrın 5-dən etibarən isə artıq Ermənistanla sərhəddə, Ordubad rayonunun Salamməlik stansiyası ərazisində də tikinti işlərinə start verilib. Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin layihəsi çərçivəsində, ümumilikdə, 10 stansiya, 814 mühəndis qurğusu, o cümlədən 29 körpü və 4 tunelin tikintisi nəzərdə tutulur. Ötən günlərdə “Zəngəzur” elektrik ötürmə xəttinin tikintisinə başlanılıb ki, bu da Prezident İlham Əliyevin uzunmüddətli strateji baxışının, sistemli enerji siyasətinin göstəricisidir. Bu elektrik xəttinin çəkilişi ilə Naxçıvanın ölkəmizin enerji sisteminə tam inteqrasiyası təmin olunacaq.
Beləliklə, qeyd etdiyimiz bu və digər bağlantı layihələrinin icrası Azərbaycan dövlətinin Vətən müharibəsindən sonra regionda yaratdığı yeni reallıqlar fonunda Naxçıvanla bağlı böyük planların tam gerçəkləşməsinə imkan verəcək. Ümumiyyətlə isə Zəngəzur dəhlizi həm milli maraqların, həm də qlobal təşəbbüslərin reallaşmasına xidmət edəcək. Cənubi Qafqazı Avropa və Asiya arasında strateji körpüyə çevirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – TRIPP layihəsi Orta Dəhlizin yükaşırma qabiliyyətini artırmaqla Avrasiyanın mühüm logistika arteriyası statusuna malik olacaq.
Münasibətləri nizama salacaq qeyd etdiyimiz bütün bu məsələlərin Birləşmiş Ərəb Əmirliklərində liderlər və nümayəndə heyətlərinin iştirakı ilə müzakirəsi belə deməyə əsas verir ki, artıq təkcə Azərbaycanı deyil, Ermənistanı da bölgənin gələcək taleyi maraqlandırır, qarşı tərəf də ortaya iradə qoymaqdadır. Sözsüz ki, bu da bölgədəki sülh və əməkdaşlığın dayanıqlığından, əvvəllər mövcud olan kənar qüvvələrin təsirinin azaldığından xəbər verir. Ümumilikdə isə Əbu-Dabi görüşü iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyini, ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə dialoqların aparılacağını göstərir.
Nail ƏSGƏROV
Digər xəbərlər