Azərbaycan qadını zərafət və sədaqət mücəssəməsi...
00:00 08.03.2026
0
0
1
NAXÇIVAN :
08 Mart 2026, Bazar
Azərbaycanın xarici siyasət kursunda İslam dünyası ölkələri ilə hərtərəfli əlaqələrin qurulması, əməkdaşlıqların dərinləşdirilməsi prioritet hədəflərdəndir. Bu xüsusda Ərəb Dövlətləri Liqasının fəal üzvlərindən olan Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər xalqların tarixi köklərə malik mənəvi dəyərlərinə, ənənələrə və liderlərin möhkəm dostluğuna əsaslanır. Təqdiredici haldır ki, ötən dövrdə hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla bir sıra beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq platforması formalaşdırıblar. Bu baxımdan, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olduğu 2012-2013-cü illərdə BƏƏ-nin ölkəmizə göstərdiyi siyasi dəstək dövlətimiz və cəmiyyətimiz tərəfindən böyük məmnunluqla qarşılanır. Hər iki ölkənin rəhbəri qarşılıqlı siyasi dialoqun genişlənməsinə böyük səy göstərir və bu amil qarşılıqlı səfərlər zamanı yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində, sənədlərin imzalanmasında özünü göstərir. Fevralın 2-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə növbəti işgüzar səfəri də birgə fəaliyyətə dair vahid hədəflərin müzakirəsi və yeni əməkdaşlıqlara imza atılması baxımından əlamətdar oldu.
Dünyada və regionda baş verən müxtəlif ictimai-siyasi proseslərə baxmayaraq, Azərbaycanla BƏƏ arasında diplomatik əlaqələr hər zaman yüksək səviyyədə olub. Birləşmiş Ərəb Əmirlikləri 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir. Bir il sonra isə hər iki respublika arasında diplomatik münasibətlər qurulub və 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə iki ölkə arasında münasibətlər dostluq zəminində yüksək trayektoriya qazanıb. BƏƏ daim Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə edib. 2024-cü ilin yanvarında BƏƏ Prezidentinin Azərbaycana ilk rəsmi səfəri zamanı “Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması, 2025-ci ilin sentyabrında isə “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə”nin qüvvəyə minməsi ikitərəfli əlaqələrin tarixində yeni səhifə açıb. Prezident İlham Əliyev bu bəyannamənin siyasi əlaqələri ən yüksək səviyyəyə qaldırdığını vurğulayıb: “İmzalanmış hər bir sənəd böyük əhəmiyyət daşıyır. Onların arasında xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir”.
Azərbaycan-BƏƏ hərtərəfli strateji tərəfdaşlığı özünü ikitərəfli iqtisadi münasibətlərin inkişafında daha bariz şəkildə göstərir. Bu müstəvidə enerji sektoru xüsusi çəkiyə və rola malikdir. Belə ki, zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan ilbəil bu sahədə imkanlarını daha da şaxələndirir və eyni zamanda da elektrik enerjisi, əsasən də, “yaşıl enerji”nin önəmli təchizatçısına çevrilmək təşəbbüsləri ilə çıxış edir. Bu mənada, Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasının – "Qaradağ" Günəş Elektrik Stansiyasının məhz BƏƏ şirkətinin investisiyası hesabına tikilib istifadəyə verilməsi də olduqca uğurlu, faydalı əməkdaşlıqdan xəbər verir. Gələcəkdə Qarabağda, Şərqi Zəngəzurda və Naxçıvanda qeyri-neft sekoru, sənaye, “yaşıl enerji” üzrə yeni layihələrin icrasında BƏƏ şirkətlərinin yaxından iştirakı bölgədə iqtisadi həyatın yüksəlişinə güclü təsir göstərəcək.
Ümumilikdə, indiyədək Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi, iqtisadi, enerji, humanitar və mədəni sahələri əhatə edən 50-dən çox ikitərəfli sənəd imzalanıb ki, bu da münasibətlərin institusional əsaslar üzərində inkişaf etdiyini təsdiqləyir. Prezident İlham Əliyevin Əbu-Dabiyə növbəti işgüzar səfəri enerji sahəsində yeni əməkdaşlığın qurulması baxımından yadda qaldı. Liderlərin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalandı. Bu da, təbii ki, ikitərəfli enerji əməkdaşlığının dərinləşməsinə töhfə verməklə həm də yeni investisiyalar hesabına Avropaya qaz ixracatının artırılmasına dair ölkəmizin qarşıya qoyduğu hədəflər istiqamətində mühüm addımdır.
Məlum olduğu üzrə respublikamız hazırda 16 ölkəyə təbii qaz nəql edir ki, həmin ölkələrdən 10-u Avropa İttifaqının üzvüdür. Cənub Qaz Dəhlizinin tam işlək vəziyyətə düşdüyü vaxt, yəni 2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz ixrac etmişdirsə, bu gün bu miqdar 13 milyarda çatdırılıb. 2022-ci ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”na əsasən 2027-ci ilə qədər illik ixracatın 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Məhz bu baxımdan Azərbaycan-BƏƏ əməkdaşlığına dair sənədin imzalanması mühümdür və qeyd etdiyimiz kimi, qarşıya qoyulan məqsədlərə çatmağa imkan verəcək.
Bu gün ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpa olunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafı məmnunluq doğurur. Təqdirəlayiq haldır ki, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr artıq hərbi və müdafiə sahələrini də əhatə edir. Prezident İlham Əliyevin bu ölkəyə səfəri həm də bu baxımdan mühüm əhəmiyyət daşıdı. Səfər çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu imzalandı. Hərbi sahədə birgə əməkdaşlığın mühüm göstəricilərindən biri də iki ölkənin silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimin keçirilməsi oldu. Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın da izlədiyi təlimin əsas məqsədi ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır. Bu xüsusda onu vurğulamaq olar ki, silahlı qüvvələr arasında qurulan mövcud əməkdaşlıq ölkələr arasında operativ əlaqələri gücləndirir və hər iki ordunun möhkəmlənməsinə töhfə verir. Məlum olduğu kimi, bu gün Azərbaycan Ordusu müharibə qalibi kimi regionun ən güclü ordularından biridir. BƏƏ ordusu da eyni gücə, qüdrətə malikdir. Belə olan halda bu təlimlər hər iki tərəf üçün olduqca faydalıdır və regionda sülhə, ölkələrin təhlükəsizliyinə, müdafiə qabiliyyətinin artırılmasına xidmət edir.
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfərinin tarixi məqamlarından biri də “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində yaşandı. Bəli, respublikamızın milli maraqlarına uyğun bölgədə yeni sülh və ticarət arxitekturasının müvəffəqiyyətlə inşa olunması fonunda Cənubi Qafqaz artıq münaqişə zonası deyil, qlobal sabitlik, logistika və enerji mərkəzi kimi tanınmaqdadır. Bütün baş verən müsbət dəyişikliklərin timsalında ölkə başçımızın “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycan dövlətinin sülh, əməkdaşlıq diplomatiyasına beynəlxalq rəğbətin ifadəsi olmaqla respublikamızın rəhbərinin strateji müdriklik və liderlik məharətinin dünya miqyasında böyük etimad qazandığını göstərən mühüm amildir. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı zamanı Prezident İlham Əliyev sülhün xüsusi bir hiss olduğunu bildirdi, Vaşinqton zirvə görüşündən ötən altı ayı tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları kimi dəyərləndirdi: “Dəfələrlə qeyd etdiyim kimi, biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur”.
Prezident İlham Əliyevin Əbu-Dabiyə növbəti işgüzar səfərindən gəlinən ümumi nəticə odur ki, Azərbaycan-BƏƏ münasibətləri inkişaf edir, əlaqələr günbəgün güclənir və burada hər iki liderin rolu böyükdür. Səfər çərçivəsində keçirilən görüşlər zamanı müdafiə, enerji, təhsil və digər sahələrin müzakirə predmetinə çevrilməsi, konkret istiqamətlərin müəyyənləşdirilməsi, imzalanan sənədlər strateji tərəfdaşlığın hərtərəfli xarakterə uyğun daha da genişlənəcəyinə, bu tərəfdaşlığın hər iki regiona, o cümlədən qlobal miqyasda böyük faydalar bəxş edəcəyinə əminlik yaradır.
Nail ƏSGƏROV
Digər xəbərlər