Состоялась церемония официальной встречи Президент...
11:37 22.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Uğurlu xarici siyasət və qlobal əhəmiyyətli təşəbbüslər
Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Ümummilli Liderimiz Heydər Əliyevin başlatdığı bütün işləri, onun arzularını reallığa çevirdi, Ata vəsiyyətini yerinə yetirdi. Artıq bütün dünya qəbul etməlidir ki, Qafqaz regionunda vəziyyət dəyişir və bu dəyişikliklərin böyük dərəcədə təşəbbüskarı Azərbaycandır.
Məhz bu dəyişikliklərin nəticəsi olaraq 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Vaşinqtonda Ermənistan-Azərbaycan görüşü keçirildi və görüşün əsas məqsədi hər iki Cənubi Qafqaz ölkəsi arasında münasibətlərin normallaşdırılmasından ibarət oldu. Lakin danışıqların əsas mahiyyəti, sadəcə, Cənubi Qafqazda bu iki ölkə arasında münasibətləri normallaşdırmaqdan ibarət deyildi. Daha geniş mənada, bu, Azərbaycanın Xəzər hövzəsi, Mərkəzi Asiya və Avropa arasında geostrateji körpü rolunu möhkəmləndirməyə xidmət edən bir görüş kimi tarixə keçdi. Bu görüş Xəzər hövzəsi və Avrasiya məkanı geostrateji arxitekturasının dönüş nöqtəsi idi.
Vaşinqton görüşünün ən yaddaqalan elementlərindən biri də TRIPP təşəbbüsüdür. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirməyi nəzərdə tutur. Layihə təkcə ikitərəfli əlaqələrin normallaşmasına deyil, həm də regional bağlantı şəbəkəsinin qurulmasına da öz töhfəsini verir. Ümumilikdə, Vaşinqton görüşü cənab İlham Əliyevin uzaqgörən diplomatiyası nəticəsində Xəzər regionunun strateji mənzərəsinin yenidən formalaşdırılması istiqamətində bir təşəbbüs kimi tarixə yazıldı. Bu təşəbbüs Mərkəzi Asiya və Cənubi Qafqaz arasındakı əlaqələrdə Azərbaycanın rolunu daha da möhkəmləndirir. Vaşinqton görüşünün təsirləri bütün region üçün – Cənubi Qafqaz üçün və bütövlükdə, Xəzəri aşaraq Mərkəzi Asiyaya qədər uzanan bir sülh yoludur. Bu, xoşməramlı əməkdaşlıq üçün ən geniş platformadır.
Cənab Prezidentin ən böyük strateji layihələrindən olan Zəngəzur dəhlizinin fəaliyyətə başlaması, əlbəttə ki, sabitliyin və təhlükəsizliyin artırılması baxımından, həmçinin uzunmüddətli sülh və iqtisadi fəaliyyət baxımından çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan Qərbə və Şərqə çıxışı olan dövlət kimi balanslı nəqliyyat əlaqələrini inkişaf etdirir və bu prosesdə fəal iştirak edir. Azərbaycanın Orta Dəhlizin ən önəmli seqmentlərindən birinə çevrilməsi Zəngəzur dəhlizinin reallaşmasından çox asılıdır. Bu istiqamətdə Azərbaycanda mühüm işlər həyata keçirilir. Ələt Azad İqtisadi Zonasının tikintisindən tutmuş, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun və Horadiz-Ağbənd dəmiryol xəttinin çəkilməsi və xüsusilə Naxçıvanda genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi məhz Zəngəzur dəhlizinin səmərəliliyinin artırılmasına hesablanıb.
Bu layihə təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır. Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizi ölkəmizi Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirir. O cümlədən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxarır. Ona görə də cənab Prezidentin təbirincə desək, Ermənistan bunu istəsə də, istəməsə də, Zəngəzur dəhlizi icra olunacaq. Zəngəzur dəhlizi böyük Turan yolunun bir parçasına çevriləcək. Bu gün Prezident İlham Əliyev Zəngəzur dəhlizini bərpa etməklə həm də Ata vəsiyyətini yerinə yetirmiş olur. Çünki bu tarixi milli məsələ uzun illər Ulu Öndərimizin həyata keçirmək istədiyi bir missiya idi. Bu missiyanı Ümummilli Liderimizin davamçısı Prezident cənab İlham Əliyev uğurla davam etdirərək hədəfə çatdırdı və tarixi ədalətin bərpa olunması, təbii hüquqlarımızdan istifadə imkanlarını bizə bəxş etdi.
Hazırda Azərbaycan dövlətinin strateji məsələsi olan Zəngəzur dəhlizi layihəsi öz tarixi torpaqlarımıza yenidən sahiblənmənin, yenidən o torpaqlara qayıdışın başlanğıcı kimi yüksək əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin müəllifi olduğu Zəngəzur dəhlizi layihəsi özündə çoxsaylı nəticələri birləşdirir. Belə ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı bu dəhliz birləşdirir. Beləliklə, muxtar respublikanın blokadasına son qoyulur, Azərbaycan və Türkiyə arasında quru əlaqələri yaradılır, Türkiyədən başlayaraq Mərkəzi Asiyaya qədər uzanan Türk dünyasında coğrafi parçalanma aradan qalxır. Bütün region dövlətləri – Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya, İran, eləcə də regiondan kənar ölkələr – Çin, Avropa İttifaqı, ABŞ üçün iqtisadi, logistik dividendlər əldə etmək imkanları yaranır.
Təbii ki, Zəngəzur dəhlizi mövzusuna qədər olan dövrə nəzər salanda görürük ki, əslində, bu ideya, ümumilikdə, bu bəyannamənin imzalanmasından əvvəlki dövrdə də hər zaman öz aktuallığını qoruyub. Buna misal olaraq, 2019-cu ildə bu istiqamətdə atılmış ilk addımı qeyd etmək olar.
Belə ki, Türk Dövlətlər Təşkilatının 2019-cu ildə keçirilən Bakı zirvəsində Prezident İlham Əliyev tərəfindən bəyan edildi ki, Zəngəzur bölgəsinin Azərbaycandan alınaraq Ermənistana verilməsi böyük Türk dünyasını coğrafi baxımdan parçaladı. Bu zaman aydın olur ki, həmin tarixdən on il öncə – 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının məhz Naxçıvanda təsis edilməsindəki əsas hədəflərdən biri də məhz bu coğrafi parçalanmanı aradan qaldırmaq, yəni Zəngəzur dəhlizini reallaşdırmaqdan ibarət olmuşdur. Əlbəttə ki, 2020-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə üçtərəfli bəyannaməyə salınan Naxçıvana maneəsiz keçidin verilməsi, yəni Zəngəzur dəhlizinin açılması öhdəliyini götürən Ermənistan ötən illər ərzində, yəni 2020-2025-ci illər ərzində buna əməl etməmək üçün əlindən gələni edirdi. Hətta bunu dəstəkləyən bir sıra Qərb ölkələri də var idi.
Lakin bütün bunlara baxmayaraq, cənab İlham Əliyev bu geosiyasi oyunları pozmağı bacardı və Vaşinqton görüşündə tarixi nailiyyətə imza atdı. Avqustun 8-də Ağ Evdə görüşən Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannaməni imzaladılar. Bəyannamədə Azərbaycanın Naxçıvana maneəsiz çıxışının təmin edilməsi, Zəngəzur dəhlizi ilə bağlı konkret qeydlər yer aldı və Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantısı burada dəstəkləndi. Beləliklə, Prezident cənab İlham Əliyev hərb masasında olduğu kimi, sülh masasında da qalib gəldi.
Hazırda Zəngəzur dəhlizini siyasi müstəvidə reallaşdıran Azərbaycan layihənin praktik müstəvidə icrası istiqamətində də genişmiqyaslı işlər həyata keçirir. Dəhlizin Azərbaycan hissəsində tikinti işlərinə 44 günlük Vətən müharibəsindən dərhal sonra start verilib və burada çox ciddi infrastruktur işləri həyata keçirilir. Ümidvarıq ki, tezliklə bu böyük missiyanın – Zəngəzur dəhlizinin Azərbaycan üçün siyasi və iqtisadi üstünlükləri ilə bu proses yekunlaşacaq və tarixi ideyanı gerçəkliyə çevirən Prezident İlham Əliyev bu nailiyyəti ilə də böyük bir coğrafiyanın gələcək inkişafını müəyyənləşdirməyə xidmət edən böyük bir siyasətin müəllifi və lideri kimi daim tarixdə yaşayacaq.
Zəngəzur dəhlizinin sələfi olan tarixi İpək Yolu son iki min ildən artıq bir dövrdə bütün xalqların iqtisadi gəlirlərinin artırılması və mədəni əlaqələrin inkişafı, diplomatik əlaqələrin qurulması baxımından, eyni zamanda hərb yolu, yeni ixtiralar, yeni coğrafi kəşflər üçün simvolik olaraq “İpək Yolu” adlandırılmış beynəlxalq karvan yoludur.
Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Böyük İpək Yolunun şaxələnməsi istiqamətində həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, TANAP və TAP qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Avrasiya Nəqliyyat Dəhlizinin əsas sütunları sırasındadır. Təbii ki, bu tarixi İpək Yolunun bərpası, Avropa, Qara dəniz, Xəzər dənizi və Asiya regionlarında təbii ehtiyatlardan istifadə və qarşılıqlı faydalı əməkdaşlıq İpək Yolunun əsas missiyasını ifadə edir. Böyük İpək Yolunun inkişafının yeni mərhələsi, əlbəttə ki, 2020-ci ilin payızında Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geostrateji vəziyyət, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrini vəd edən vəziyyətlə başladı.
Zəngəzur dəhlizinin perspektivləri, Türk dünyasının bütünləşməsi istiqamətində atılan ciddi addımlar məhz Böyük İpək Yoluna yeni bir mahiyyət, yeni bir çalar, yeni bir siyasi üstünlük qazandırdı. Beləliklə, Böyük İpək Yolunun Zəngəzur dəhlizi hissəsində də Azərbaycanın təşəbbüslərinin ələ alınması və dəhlizin istifadəyə verilməsi ilə bağlı son illərdə həyata keçirilmiş tədbirlər, yaxın dövrlərdə Azərbaycanın tarixən olduğu kimi, müasir dövrdə də Böyük İpək Yolu üzərində olan mühüm məntəqə kimi əhəmiyyətinin artmasını şərtləndirən çox ciddi arqumentlərdir. Böyük İpək Yolu və Şərq-Qərb enerji dəhlizi sisteminin yaranması, mövcud və perspektiv nəqliyyat dəhlizləri XXI əsrin qlobal tarixi hadisələri kimi bu gün gündəmdədir. 30-dan artıq dövlətin ərazisindən keçərək onları birləşdirən tarixi İpək Yolunun əhəmiyyəti ölçüyəgəlməz mahiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, Azərbaycan bir çox layihələrdə olduğu kimi Böyük İpək Yolu layihəsinin də mərkəzi hissəsində yerləşən dövlətlərdən biridir. Bu istiqamətdə dövlətimizin apardığı ardıcıl iqtisadi siyasət, geostrateji üstünlük bu sahədə də Azərbaycanın öncüllüyünü təsdiqləyən, şərtləndirən əsas amillərdən birinə çevrilməkdədir.
44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin öndərliyi ilə ölkəmizin qarşısında dayanan növbəti ideoloji istiqamət soydaşlarımızın işğaldan azad olunmuş torpaqlara və bununla bərabər tarixi Azərbaycan torpağı olan Qərbi Azərbaycandan sürgün olunmuş, didərgin düşmüş soydaşlarımızın öz ata-ana yurdlarına, torpaqlarına qayıtmasından ibarətdir.
Bunun üçün Ali Baş Komandan, möhtərəm cənab Prezidentin bəyan etdiyi “Qərbi Azərbaycana Qayıdış” Konsepsiyası ətrafında bu gün ölkə ziyalıları birləşib, Qərbi Azərbaycan İcması xətti ilə keçirilən tədbirlər cənab Prezidentin bu sahədə verdiyi tapşırıqların icrasına mühüm töhfə kimi qiymətləndirilir. Qərbi Azərbaycan icması ilə görüşdə cənab Prezidentin verdiyi tapşırıqlar, Qərbi Azərbaycana dinc, ədalət və sülh yolu ilə qayıtmaqda ziyalıların, ali təhsil və ümumi təhsil müəssisələrinin, bütövlükdə, bu sahədə fəaliyyət göstərən qurumların üzərinə böyük vəzifələr qoyub. Belə ki, Qərbi Azərbaycana qayıdışın elm yolu ilə, sülh yolu ilə gerçəkləşdirilməsi başlıca vəzifə kimi müəyyənləşdirilib. Ötən dövr ərzində “Qərbi Azərbaycana Qayıdış” Konsepsiyasının icrası məqsədilə bir sıra layihələr gerçəkləşdirilmişdir. O cümlədən Naxçıvan Dövlət Universitetinin təşəbbüsü və təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” festival-konqresi Naxçıvanda iki dəfə gerçəkləşdirilib. Qərbi Azərbaycan İcmasının üzvlərinin, ziyalıların iştirakı ilə keçirilən hər iki konfransın materialları nəşr olunmuş, müxtəlif beynəlxalq tədqiqatçıların iştirakı təmin olunmuşdur. Eyni zamanda cənab Prezidentin tapşırığına uyğun olaraq Qərbi Azərbaycan İcması xətti ilə Bakı şəhərində artıq iki ildir, ard-arda beynəlxalq konfrans keçirilir. Cənab Prezidentin müəyyənləşdirdiyi kimi, Qərbi Azərbaycana qayıtmağın yolu sülh yoludur. Biz Qərbi Azərbaycana tanklarla yox, avtomobillərlə qayıtmağı təmin edən bir prosesin tərəfindəyik.
Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası nümayəndəliyi də ötən müddət ərzində öz üzərinə düşən vəzifələri yerinə yetirmək üçün müxtəlif tədbirlər həyata keçirib. O cümlədən Naxçıvan Dövlət Universitetində Qərbi Azərbaycanın mədəniyyətinin, abidələrinin və toponimlərinin öyrənilməsi üçün yeni seçmə fənlər təyin olunub. Artıq bu fənlər üç ildir, tədris olunur.
Bütövlükdə, Qərbi Azərbaycana qayıdış prosesi, qayıdış ideologiyası və konsepsiyası gələcəkdə bu prosesdə Zəngəzur dəhlizində olduğu kimi, regiona sülh, sabitlik gətirmək məqsədi daşıyır. Dinc, birgə yaşayış qaydalarını təmin etməyi və beynəlxalq hüququn normalarına hörmət etməyi əsas missiyası kimi düşünür. Bu baxımdan, “Qərbi Azərbaycana Qayıdış” Konsepsiyası ətrafında Qərbi Azərbaycan İcmasının və Azərbaycan ziyalılarının son dövrlərdə cənab Prezidentin çağırışına səs verərək gördüyü işlər çox yüksək əhəmiyyətə malikdir. Bu istiqamətdə əldə olunmuş nailiyyətlər onu deməyə əsas verir ki, bizim bu arzumuzun da gerçəkləşməsinə çox az zaman qalıb və biz qısa vaxtdan sonra soydaşlarımızın öz ata-baba yurdlarına qayıtmağının şahidlərinə çevriləcəyik.
Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoyub. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir.
Elbrus İSAYEV
Naxçıvan Dövlət Universitetinin rektoru,
tarix üzrə fəlsəfə doktoru, dosent
Digər xəbərlər