NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Gənclərin karyera planı, yoxsa diplom arzusu?

...

Bu gün cəmiyyətdə ali təhsil, demək olar ki, uğurun əsas göstəricisi kimi təqdim olunur. Orta məktəbi bitirən hər bir gəncin qarşısında eyni sual dayanır: “Universitetə qəbul oldunmu?” Lakin çox az insan başqa bir sual verir: “Qəbul olduqdan sonra nə edəcəksən?”

Son illərdə gənclər arasında diplom almaq bir məqsəd yox, sanki bir formal prosedura çevrilib. Valideynlərin, qohumların və cəmiyyətin gözləntiləri gənci seçim etməyə yox, sadəcə, axına qoşulmağa vadar edir. İxtisas seçimi isə çox zaman maraq və bacarıqlara görə deyil, “adı var”, “balı çatdı”, “iş tapmaq asandır” kimi meyarlarla müəyyənləşir. Nəticədə, dörd il oxunan ixtisas, alınan diplom və qurulmayan karyera ortaya çıxır.

Karyera planı isə tamamilə fərqli yanaşmadır. Bu sadəcə, universitetə qəbul olmaq deyil, gələcək beş-on ili düşünmək, hansı sahədə inkişaf etmək istədiyini müəyyənləşdirmək, əlavə kurslar, təcrübələr və şəbəkələşmə ilə özünü formalaşdırmaq deməkdir. Planlı gənc üçün diplom vasitədir, məqsəd yox.

Əslində, problem diplom almaqda deyil. Problem diplomu son nöqtə kimi görməkdədir. Təhsil inkişaf üçün başlanğıcdır, amma inkişaf şəxsin öz məsuliyyəti ilə davam edir. Gənclər seçim edərkən cəmiyyətin səsindən çox öz daxili səslərinə qulaq asmalıdırlar. Çünki gələcəkdə o diplomu divara asacaq olan da, o peşə ilə yaşayacaq olan da elə özləridir.

         Müasir dövrdə əmək bazarı yalnız diplomla kifayətlənmir. İşəgötürənlər artıq təcrübə, bacarıq, fərdi inkişaf və analitik düşüncə tələb edir. Bu səbəbdən karyera planı qurmaq ali təhsildən daha geniş anlayışdır. Planlı gənc üçün universitet başlanğıcdır; o, paralel olaraq kurslara qatılır, təcrübə toplayır, özünü inkişaf etdirir və gələcək istiqamətini dəqiqləşdirir. Diplom isə bu yolun, sadəcə, bir mərhələsidir.

         Son illərdə magistratura təhsili də eyni şəkildə müzakirə olunur. Bəzi gənclər magistraturaya, həqiqətən, ixtisaslaşmaq, akademik biliklərini dərinləşdirmək və daha yüksək mövqelərə hazırlaşmaq üçün müraciət edir. Digərləri isə sadəcə, “Daha bir diplom olsun” düşüncəsi ilə seçim edir. Halbuki, magistr təhsili məqsədli şəkildə seçildikdə karyera üçün ciddi üstünlük yarada bilər, lakin plansız şəkildə davam etdikdə vaxt itkisinə çevrilə bilər.

         Məsələ ilə bağlı fikirlərini bölüşən təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, günümüzdə əsas magistratura diplomu olub-olmaması deyil, həmin şəxsin biliyi, bacarığı, praktiki biliklərinin olub-olmaması üstün götürülür. Artıq günümüzdə magistratura ilə bakalavr təhsili arasında elə də çox fərqlilik yoxdur. Bu isə magistraturaya olan marağı azaldır. İşə götürənlər tərəfindən praktik bacarıqla bərabər, magistratura da önəmli sayılsa, gənclərdə magistraturaya maraq daha da artar. Mən düşünürəm ki, dövlət qulluğunda da magistratura diplomu önəmli sayılmalıdır. Xüsusilə də vəzifələr də.

         Ekspert bildirdi ki, günümüzdə magistratura vacib amil  kimi qiymətləndirilmir. Çünki magistraturaya maraq azalıb. Bunun da təbii ki, bir çox  səbəbləri var. İlk öncə gənclər bunu vaxt itkisi kimi görürlər. İkinci səbəb olaraq imtahan fənnlərinin bitirdikləri ixtisasa uyğun olmamasıdır. Mən düşünürəm ki, pedaqoji sahələrdə, kompüter yönümlü ixtisaslarda, tibb ixtisaslarında, İT kimi bir çox ixtisaslarda magistratura diplomu önəmli sayılır.

         Beləliklə magistratura təhsili gənclərə seçdikləri sahədə daha dərin bilik əldə etmək, peşəkar bacarıqlarını inkişaf etdirmək və gələcək karyeralarında daha uğurlu olmaq üçün əlavə imkanlar yaradır.

         Ayşən ADIGÖZƏLOVA

Nəşr edilib : 26.03.2026 10:08