NAXÇIVAN :

14 May 2026, Cümə axşamı

Heydər Əliyevin ekoloji strategiyası

...

“Azərbaycan təbiəti bizim sərvətimizdir və onu qorumaq ümummilli məsuliyyətdir. Sağlam gələcək üçün birlikdə hərəkət etməliyik.”

Heydər Əliyev

Ümummilli Lider

Heydər Əliyev müasir Azərbaycan tarixində müstəsna yeri olan, dərin zəka sahibi, strateji düşüncəli və sarsılmaz iradəli lider kimi yadda qalmışdır. O, bütün həyat və fəaliyyətini doğma xalqının rifahına, dövlətinin güclənməsinə həsr etmiş, hər zaman yüksək əxlaqi keyfiyyətlər, prinsipiallıq və fədakarlıq nümunəsi sərgiləmişdir. İctimai-siyasi quruluşdan asılı olmayaraq, xalqın etimadına arxalanan bu böyük şəxsiyyət Azərbaycanı sabitlikdən tərəqqiyə aparan yolun müəllifi olmuşdur.

Ulu Öndər Heydər Əliyev yalnız böyük dövlət xadimi kimi deyil, həm də təbiətə həssas münasibəti və ekoloji baxışları ilə seçilən uzaqgörən lider kimi xatırlanır. O, ekologiyanı dövlət siyasətinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirir, təbii sərvətlərin qorunmasını strateji vəzifə kimi irəli sürürdü. Onun təşəbbüsləri nəticəsində ölkədə ekoloji mədəniyyətin formalaşdırılması, təbiətə qayğı və məsuliyyət hissinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu yanaşma yalnız cari dövrü deyil, gələcək nəsillərin sağlam mühitdə yaşamaq hüququnu da əhatə edən uzaqgörən siyasətin təzahürü idi.

Heydər Əliyevin rəhbərliyi illərində qəbul olunan çoxsaylı ekoloji qanunlar, sərəncamlar və qərarlar Azərbaycanın təbii mühitinin qorunması və davamlı inkişafının təmin olunması istiqamətində mühüm mərhələ kimi tarixə düşmüşdür. Bu siyasət təsadüfi deyil, məhz düşünülmüş, ardıcıl və sistemli yanaşmanın nəticəsi idi. Görülən işlər qısa müddətdə öz səmərəsini vermiş, uzunmüddətli perspektivdə isə ölkədə ekoloji tarazlığın qorunmasına və təbii sərvətlərin etibarlı şəkildə gələcək nəsillərə ötürülməsinə zəmin yaratmışdır.

Ümummilli Liderin müəllifi olduğu və 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ekoloji hüquqların təminatında mühüm mərhələ yaratdı. Bu ali sənəddə hər bir vətəndaşın sağlam ətraf mühitdə yaşamaq hüququ və təbiətin qorunmasının hər kəsin borcu olduğu aydın şəkildə təsbit edildi. Bununla yanaşı, ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində bir sıra mühüm qanunlar qəbul edilərək bu sahənin hüquqi bazası daha da möhkəmləndirildi.

Bundan əlavə, müasir ekoloji qanunvericilik sisteminin formalaşdırılması istiqamətində də mühüm addımlar atılmışdır. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi və qüvvəyə minməsi ekoloji siyasətin hüquqi əsaslarını daha da möhkəmləndirmişdir.

Heydər Əliyevin rəhbərliyi dövründə ekoloji siyasət yalnız hüquqi çərçivə ilə məhdudlaşmamış, real nəticələrlə müşayiət olunmuşdur. 1969-1982-ci illərdə ətraf mühitin mühafizəsi sahəsində mühüm qanunlar qəbul edilmiş, dövlət səviyyəsində çoxsaylı qərarlar həyata keçirilmişdir. Xüsusilə yaşıllaşdırma siyasəti bu dövrün ən diqqətçəkən istiqamətlərindən biri olmuşdur. Əgər 1970-ci illərin əvvəllərində Bakıda yaşıllıq sahələri, təxminən, 3 min hektar idisə, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu göstərici 17 min hektara çatdırılmışdır.

Təbiətin mühafizəsini prioritet sayan Ümumilli Lider Heydər Əliyev yaşıllaşdırma işlərini ölkənin ekoloji inkişafının vacib istiqaməti kimi qiymətləndirirdi və yaşıllıqların yalnız estetik deyil, həm də həyati əhəmiyyət daşıdığını vurğulayırdı. Onun ağaclara münasibəti bu sözlərdə aydın ifadə olunur: “Mən 1993-cü ildə Bakıya gələrkən, bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən, elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir... İnsan qurmalıdır, yaratmalıdır... hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız...” Bu yanaşma cəmiyyətdə təbiətə sevgi və məsuliyyət hissinin formalaşmasına güclü təsir göstərmişdir.

Heydər Əliyev tərəfindən ölkənin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət geniş vüsət almışdır. Onun təşəbbüsü ilə irəli sürülən ağacəkmə aksiyaları, yaşıllıq sahələrinin artırılması, təbii landşaftın bərpası və ekoloji tarazlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, içməli su təminatının yaxşılaşdırılması və su təsərrüfatının inkişaf etdirilməsi istiqamətində ardıcıl və kompleks tədbirlər həyata keçirilmişdir.

Ekologiya və ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi ideyası da məhz Heydər Əliyev tərəfindən irəli sürülmüş və uğurla reallaşdırılmışdır. Onun təşəbbüsü ilə Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurmuş, qabaqcıl təcrübələrin tətbiqinə başlanılmışdır. Bu isə ölkənin ekoloji siyasətinin qlobal standartlara uyğun inkişafına şərait yaratmışdır.

Onun rəhbərliyi dövründə qısa zaman kəsiyində ekologiya sahəsində mühüm beynəlxalq əlaqələr formalaşdırılmış, nüfuzlu qurumlarla əməkdaşlıq genişləndirilmişdir. Belə ki, BMT, YUNEP, UNESCO, Beynəlxalq Yenidənqurma və İnkişaf bankı ilə, eləcə də ABŞ, Böyük Britaniya, Almaniya, MDB ölkələri və digər ölkələrlə əlaqələr qurulmuş, birgə layihələr və proqramlar həyata keçirilməyə başlanmışdır.

Bu gün həmin strateji kurs uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ekoloji təhlükəsizliyin gücləndirilməsi, “yaşıl enerji”yə keçid, ətraf mühitin qorunması və yaşıllaşdırma proqramlarının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir.

Digər tərəfdən, təxminən, 30 il ərzində erməni vandalizmi nəticəsində ciddi ekoloji dağıntılara məruz qalmış ərazilər Azərbaycan Ordusunun şanlı qələbəsi, Ali Baş Komandanın qətiyyəti və şəhidlərimizin, qazilərimizin fədakarlığı sayəsində azad olunmuşdur. Hazırda həmin torpaqlarda genişmiqyaslı bərpa, yenidənqurma və ekoloji reabilitasiya işləri aparılır, təbiətin əvvəlki tarazlığının bərpası istiqamətində ardıcıl addımlar atılır.

Eyni zamanda Azərbaycanın 2024-cü ildə nüfuzlu beynəlxalq tədbir olan COP 29-a ev sahibliyi etmək hüququ qazanması ölkənin qlobal ekoloji gündəlikdə artan rolunun və beynəlxalq etimadın bariz göstəricisidir. Bununla yanaşı, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması dövlətin ekoloji siyasətə verdiyi yüksək önəmin, dayanıqlı inkişaf prinsiplərinə sadiqliyinin və gələcəyə hesablanmış strateji baxışının aydın təzahürüdür. O, ətraf mühitin mühafizəsini yalnız müvəqqəti tədbir kimi deyil, dövlət siyasətinin prioritet istiqaməti kimi görmüş, yaşıllaşdırma, su resurslarının qorunması, meşə fondlarının artırılması, ekoloji qanunvericiliyin gücləndirilməsi və dayanıqlı inkişaf prinsiplərinin tətbiqi sahəsində kompleks və sistemli işlər həyata keçirmişdir.

Heydər Əliyevin ekoloji təşəbbüsləri həm də gələcək nəsillərə sağlam və balanslı təbii mühitin təmin edilməsini nəzərdə tuturdu. Onun strateji baxışı nəticəsində Azərbaycanda təbiətin qorunması dövlətin əsas prioritetlərindən birinə çevrilmiş, ətraf mühitin mühafizəsi hüquqi və institusional səviyyədə möhkəmləndirilmişdir.

Beləliklə, Heydər Əliyevin müəyyən etdiyi ekoloji inkişaf strategiyası Azərbaycanda təbiətin qorunması və ətraf mühitin mühafizəsi sahəsində möhkəm təməl yaratmışdır. Bu siyasət bu gün də uğurla davam etdirilərək ölkənin davamlı inkişafının əsas istiqamətlərindən biri kimi çıxış edir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər

Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti

Nəşr edilib : 07.05.2026 09:22