XİN: “Belem Missiyası 1.5” Troykasının mandatı çər...
19:34 12.09.2026
0
0
0
NAXÇIVAN :
12 Sentyabr 2026, Şənbə
Sentyabrın 12-si “II İqlim Dəyişiklikləri üzrə Gənclərin Lokal Konfransı — II LCOY Azərbaycan 2026”nın ikinci günü Qubada, Bakı Dövlət Universitetinin Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində keçirilib. Ekspert çıxışları və tematik müzakirələrə həsr olunmuş birinci gündən fərqli olaraq, ikinci gün tamamilə gənclərin iqlim məsələləri üzrə Milli Gənclər Bəyanatı üzərində birgə işinə həsr olunub.
“EkoSfera” Ekoloji-Sosial Mərkəzindən verilən xəbərə görə, proqramın bu hissəsi üçün məhz Qubanın seçilməsi xüsusi əhəmiyyət daşıyır. İqlim dəyişikliyini, su və torpaq ehtiyatlarının vəziyyətini, biomüxtəlifliyi, dayanıqlı kənd təsərrüfatını və regionların inkişafını müzakirə etmək təkcə paytaxtın konfrans zallarında deyil, birbaşa təbii və regional mühitdə aparıldıqda daha təsirlidir. Burada gənc iştirakçılar iqlim çağırışlarına mücərrəd deyil, real ərazilər, təbii ehtiyatlar və yerli icmaların həyatı kontekstində baxa bilirlər.
Tematik qruplarda gənclər ən əhəmiyyətli iqlim problemlərini müəyyənləşdirib, dövlət qurumları üçün konkret təkliflər formalaşdırıb, eyni zamanda, özlərinin həyata keçirə biləcəyi addımları müəyyən ediblər. Yekun təkliflər qarşılıqlı müzakirədən keçib və sonra Milli Gənclər Bəyanatında birləşdirilib.
Konfransa Azərbaycanın regionlarından olan gənclərin iştirakı xüsusi dəyər qatıb. Təşkilatçılar region gənclərinin cəlb olunmasına və onların ümummilli iqlim dialoquna qoşulmasına göstərdiyi dəstəyə görə “Regional İnkişaf” İctimai Birliyinə təşəkkürünü bildiriblər.
“Bizim üçün iqlim gündəliyinin yalnız Bakıda formalaşmaması prinsipial əhəmiyyət daşıyır. İqlim dəyişikliyi ölkənin müxtəlif regionlarında fərqli şəkildə təzahür edir və məhz bu ərazilərdə yaşayan gənclər problemləri haqqında danışmaq, həll yolları təklif etmək və eşidilmək imkanına malik olmalıdırlar. Bu gün Qubada biz faktiki olaraq təbiətin, regional təcrübənin və gənclik səsinin qərar qəbuletmə prosesində birləşdiyi bir məkan yaradırıq”, — deyə “LCOY Azərbaycan 2026”nın təşkilatçıları qeyd ediblər.
İkinci gün konfrans iştirakçılarının prioritetlərini və təkliflərini birləşdirən Milli Gənclər Bəyanatının müzakirəsi və konsensusla qəbulu ilə yekunlaşıb.
“LCOY Azərbaycan 2026”nın əsas təşkilatçısı ardıcıl ikinci il olaraq “EkoSfera” Ekoloji-Sosial Mərkəzidir. Təşkilat YOUNGO şəbəkəsinin LCOY İş Qrupu tərəfindən Azərbaycanda konfransın milli təşkilatçısı seçilib. Konfransın tərəfdaşları BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyi, ADA Universiteti, Bakı Dövlət Universiteti və region gənclərinin iştirakına dəstək verən “Regional İnkişaf” İctimai Birliyidir.
Digər xəbərlər