Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həs...
19:38 28.10.2026
0
0
0
NAXÇIVAN :
28 Oktyabr 2026, Çərşənbə
İqtisadi inkişafın keyfiyyətini müəyyən edən başlıca amillərdən biri investisiya resurslarının hansı istiqamətlərə yönəldilməsi və onların nə dərəcədə səmərəli istifadə olunmasıdır. İnvestisiya fəallığının artması yalnız cari iqtisadi dinamikanı deyil, həm də gələcək inkişaf imkanlarını qiymətləndirmək üçün əsas yaradır.
Naxçıvan Muxtar Respublikasında 2026-cı ilin yanvar-sentyabr aylarının nəticələri regional iqtisadiyyatda investisiya fəallığının nəzərəçarpacaq dərəcədə yüksəldiyini göstərir. Rəsmi statistik məlumatlara əsasən qeyd edilən dövrdə əsas kapitala yönəldilən investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz artaraq 238,2 milyon manata çatıb. Tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitlərin 41,9 faiz artması isə kapital qoyuluşlarının əhəmiyyətli hissəsinin yeni obyektlərin inşasına və mövcud infrastrukturun inkişafına istiqamətləndiyini göstərir. Mövcud mənzərədə xüsusi diqqətçəkən məqamlardan biri investisiya qoyuluşlarının maliyyələşmə strukturunda qeyri-dövlət sektorunun üstün olmasıdır. Belə ki, ümumi investisiyaların 57,7 faizi qeyri-dövlət sektorunun payına düşüb. Bununla yanaşı, sözügedən sektorda investisiya həcminin 42,3 faiz artması dövlət sektorunda qeydə alınan 30,9 faizlik artım tempini üstələyib. Bu tendensiya iqtisadi fəallığın təmin olunmasında sahibkarlıq təşəbbüslərinin və investisiya mənbələrinin şaxələndirilməsi baxımından da müsbət qiymətləndirilə bilər.
İnvestisiyaların sahələr üzrə bölgüsü də iqtisadi baxımdan maraqlı məqamları üzə çıxarır. Ümumi kapital qoyuluşlarının 48,9 faizinin məhsul istehsalı sahələrinə yönəldilməsi, öz növbəsində, regional iqtisadiyyatın şaxələndirilməsi və idxaldan asılılığın azaldılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Naxçıvanın mövcud coğrafi-iqtisadi xüsusiyyətləri fonunda istehsal təyinatlı investisiyaların xüsusilə emal sənayesinə, aqrar istehsala, logistika və ixracyönümlü fəaliyyət sahələrinə cəlb olunması uzunmüddətli inkişaf baxımından vacib hesab olunur. Digər tərəfdən, enerji təsərrüfatının modernləşdirilməsi, su təminatı və nəqliyyat infrastrukturunun inkişafı üçün kapital qoyuluşları iqtisadiyyatın fərqli sahələri arasında əlaqələrin güclənməsinə xidmət edə bilər. Belə investisiyalar infrastrukturu yeniləməklə bərabər, sahibkarlıq subyektlərinin əməliyyat xərclərinin optimallaşdırılması, iqtisadi resurslardan səmərəli istifadə və yeni biznes təşəbbüslərinin təşviqi üçün əlverişli zəmin formalaşdırır.
Bununla belə investisiya fəallığının yüksəlməsi ilə onun iqtisadi səmərəliliyinin artmasını eyniləşdirmək düzgün olmaz. İqtisadi baxımdan əsas məsələ qoyulan kapitalın hansı real nəticələr yaratmasıdır. Başqa sözlə, investisiyaların uzunmüddətli təsiri yeni istehsal güclərinin yaradılması, məşğulluğun genişlənməsi və əmək məhsuldarlığının artması iqtisadiyyatda əlavə dəyərin artması ilə qiymətləndirilməlidir.
Naxçıvanda investisiya fəallığının artması yalnız kapital qoyuluşlarının kəmiyyət baxımından genişlənməsi kimi deyil, həm də iqtisadiyyatın gələcək inkişaf imkanları kontekstində də qiymətləndirilməlidir. Belə ki, infrastruktur layihələrinə qoyulan sərmayələr multiplikator təsiri vasitəsilə əlaqəli sahələrdə iqtisadi fəallığı stimullaşdıra, istehsal və xidmət imkanlarını genişləndirə bilər. Digər tərəfdən, dövlətin yaratdığı infrastruktur imkanlarının özəl investisiya fəallığını stimullaşdırması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, əsas məqsəd investisiya artımını davam etdirməklə yanaşı, qoyulan kapitalın iqtisadi nəticəliliyini və əlavə dəyər yaratmaq potensialını gücləndirmək olmalıdır.
Yeni iş yerlərinin yaradılması iqtisadi inkişafın mühüm sosial göstəricilərindəndir. Bununla belə məşğulluğun artımı yalnız kəmiyyət baxımından deyil, iş yerlərinin sahəvi bölgüsü, dayanıqlılığı və iqtisadi məhsuldarlığa töhfəsi əsasında qiymətləndirilməlidir.
Bu baxımdan, Naxçıvan Muxtar Respublikasında 2026-cı ilin yanvar-sentyabr aylarında yeni yaradılan iş yerlərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 59 faiz artması regional əmək bazarında müsbət dinamikanı nümayiş etdirir. Xüsusilə yeni iş yerlərinin 69 faizinin qeyri-dövlət sektorunda formalaşması sahibkarlıq fəaliyyətinin məşğulluğun genişlənməsində mühüm rol oynadığını göstərir. Özəl sektorda yaradılan iş yerlərinin dövlət sektorunu 2,3 dəfə üstələməsi isə əmək bazarında özəl sektorun iştirakının əhəmiyyətini daha aydın ifadə edir. Digər diqqətçəkən məsələ yeni iş yerlərinin, təxminən, 85 faizinin fəaliyyətə başlayan 117 müəssisə və təşkilatların payına düşməsidir. Mövcud 31 müəssisədə isə 152 əlavə iş yeri açılıbdır. Bu onu göstərir ki, məşğulluq artımı, əsasən, yeni iqtisadi subyektlərin fəaliyyətə başlaması hesabına baş veribdir.
Digər mühüm istiqamət özünüməşğulluğun təşviqidir. 114 işsiz şəxsin 94 nəfərinin kənd təsərrüfatına, 20 nəfərinin isə istehsal-xidmət sahələrinə istiqamətləndirilməsi xüsusilə regionlarda gəlir imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli hesab oluna bilər.
Ümumilikdə, muxtar respublikada məşğulluğun genişlənməsi üçün müsbət iqtisadi zəminin formalaşdığını deyə bilərik.
Eltun İBRAHİMOV
Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru
Digər xəbərlər