MİQ iştirakçıları imtahan yeri və vaxtını sabah öy...
23:07 09.07.2026
0
0
0
NAXÇIVAN :
09 Iyul 2026, Cümə axşamı
Müasir dövrdə təhsilin qlobal əmək bazarının tələblərinə uyğunlaşdırılması və intellektual insan kapitalının formalaşdırılması dövlətlərin strateji hədəflərindən biridir. Bu zəncirin ən mühüm və həlledici halqasını isə gənclərin ixtisas seçimi mərhələsi təşkil edir. Hər bir gəncin həyatındakı bu anda verdiyi tək bir qərar növbəti onilliklərini, bəlkə də, bütün ömrünü formalaşdırır. Bəs builki ixtisas seçimlərində nələrə diqqət olunmalıdır? Mövzu ilə bağlı suallarımızı cavablandırması üçün təhsil eksperti Orxan İsayevlə söhbətləşdik. Ekspertin sözlərinə görə, ixtisas seçimində ən fundamental addım insanın öz xarakterinə və qabiliyyətinə uyğun seçim etməsidir. Bir peşə, sadəcə, populyar olduğu üçün seçilməməlidir. İkinci mərhələdə isə həmin ixtisasın hansı universitetlərdə daha keyfiyyətli tədris olunduğunu araşdırmaq lazımdır. Bunlarla yanaşı, əmək bazarının tələbatını mütəmadi izləmək vacibdir. Nəzərə almaq lazımdır ki, elm və texnikanın inkişafı ilə bağlı olaraq əmək bazarının tələbləri çox sürətlə dəyişir. Buna görə də ixtisas seçimi zamanı abituriyentlər və valideynlər operativ və çevik olmalıdırlar. Təcrübə göstərir ki, texniki səhvlər və yanlış yanaşmalar bəzən yüksək ballı tələbələrin belə kənarda qalmasına səbəb olur. Ekspertin fikrincə, ən böyük yanlışlıq keçmişin rəqəmlərinə kor-koranə inanmaqdır. Abituriyentlər daha çox əvvəlki illərin keçid ballarına baxır, bunu cari il üçün də eynilə keçərli sayırlar və ötən ilin abituriyentlərinin seçimlərini özlərinə əsas prioritet seçirlər. Digər bir ciddi problem isə terminologiyanın qarışdırılmasıdır. Bir çoxları “keçid balı” ifadəsi ilə “müsabiqə şərti” ifadələrini səhv salırlar. Elə zənn edirlər ki, müsabiqə şərti 150 bal olan bir ixtisasa elə 150 balla da qəbul olmaq mümkündür. Halbuki müsabiqə şərti, sadəcə, həmin ixtisası yazmaq hüququ verir, qəbulu zəmanət altına almır. Bu il 1-ci və 2-ci qrupların (zonaların) buraxılış imtahanları bir az çətin oldu. Bildiyimiz kimi, buraxılış imtahanları həm də qəbul imtahanının birinci mərhələsi sayılır. Bu səbəbdən ehtimal etmək olar ki, bu il Bakı şəhərində yerləşən universitetlərin bir çoxunda keçid balları düşəcək, amma bəzi region universitetlərində, əksinə, qalxma müşahidə olunacaq. Bunun üçün abituriyentlər yalnız ötən ilin keçid ballarına istinad etməsinlər, həm də builki ümumi vəziyyəti dəyərləndirsinlər.
Ekspert, həmçinin vurğulayır ki, abituriyentlərə təqdim olunan 15 xanalı ərizə forması düzgün strategiya tələb edir. Namizədlər seçdikləri ixtisasları gələcək perspektivlərinə görə sıralamalı və öz ballarına tam uyğun yerlər seçməlidirlər. Cəmi 15 yer yazmaq hüququnun olduğundan düşmə (yəni qəbul olma) ehtimalı az olan, həddindən artıq yüksək ballı ixtisasları çox yazdıqca, real olaraq qəbul ola biləcəyiniz ixtisasları siyahıdan silmək məcburiyyətində qalırsınız ki, bu da riski kritik səviyyədə artırır.
Bəzən abituriyentin topladığı bal ötən ilin keçid balından yüksək olsa da, o, universitet qapısından kənarda qala bilir. Ekspert bunun səbəbini iki mənfi amilin eyni vaxtda üst-üstə düşməsində görür: “Həm plan yerləri azaldıla bilər, həm də həmin qrupda yüksək bal toplayanların sayı arta bilər. Bu cür neqativ sürprizlərlə qarşılaşmamaq üçün abituriyent mütləq ötən ilin ballarına baxıb, öz balından xeyli aşağı olan yerləri də siyahıya daxil etməlidir. Bu qaydaya əməl olunmayanda acı mənzərə yaranır. Məsələn, ötən il 600 balı keçən 10 nəfərdən çox abituriyent məhz bu cür səhvlər ucbatından birinci turda kəsildi. Həmçinin ixtisas seçimi dövründə ən böyük psixoloji gərginliklərdən biri də valideynlərin müdaxiləsidir. Bəzən valideynlərimiz bu məsələdə yalnız öz düşüncələrini, intuisiyalarını hər şeydən üstün tuturlar və vaxtilə özlərinin reallaşdıra bilmədikləri arzuları övladlarına məcbur edirlər. Bu zaman biz abituriyentlər və valideynlərlə həmişə real təcrübələrimizi bölüşürük. Onlara əvvəlki illərdə hansı abituriyentin hansı ixtisası bitirdiyini, necə uğur qazandığını və ya tam əksinə, valideyn məcburiyyəti ilə oxuyub sonda necə peşman olduğunu konkret faktlarla göstəririk. Faktlar qarşısında valideynlər də reallığı qəbul edirlər”.
Sonda ekspert əmək bazarında hazırda və yaxın gələcəkdə hansı ixtisaslara daha çox ehtiyac olduğunu qruplar üzrə detallı şəkildə təsnif etdi: “Hazırda I qrupda bulud texnologiyalarına daxil olan ixtisaslar ön plandadır. İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kiber təhlükəsizlik və data analitikası ixtisasları gələcək vəd edən ən aparıcı sahələrdir. II qrupda isə beynəlxalq ticarət və logistika, maliyyə, iqtisadiyyat və turizm işinin təşkili dövlətin gələcək iqtisadi strategiyasının əsas sütunları kimi görünür və böyük tələbat var. Humanitar sahə yönümlü olan III qrup isə Dövlət və ictimai münasibətlər, Hüquqşünaslıq və İngilis dili müəllimliyi ixtisasları hələ də ən çox seçilən və aktuallığını itirməyən sahələrdir. IV qrupun tək və əvəzolunmaz lideri Tibb ixtisasıdır. Bununla yanaşı, Stomatologiya və son dövrlərdə cəmiyyətdə tələbatı kəskin artan Psixologiya ixtisasları da ən çox üstünlük verilənlər sırasındadır”.
Səmayə RƏSULOVA
Digər xəbərlər