NAXÇIVAN :

28 Noyabr 2026, Şənbə

NDU-da qlobal iqlim dəyişmələri və su resurslarına həsr olunan beynəlxalq konfrans keçirilib

...

Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və bir sıra xarici ölkə universitetlərinin tərəfdaşlığı ilə “Qlobal iqlim dəyişmələri və su resursları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.​
"Şərq qapısı" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
NDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov çıxışında qlobal iqlim dəyişmələrinin su ehtiyatlarına təsirindən, şirin su mənbələrinin qorunması və transsərhəd su resurslarının idarə olunması ilə bağlı problemlərdən danışıb. Prorektor Naxçıvanda tarixən mühüm su mənbəyi olan kəhrizlərdə də su ehtiyatlarının azaldığını vurğulayaraq bu məsələlərin elmi müstəvidə araşdırılmasının vacibliyini qeyd edib.
Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Ülvi Hacızadə Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə istiqamətində həyata keçirdiyi layihələrdən bəhs edib. “COP29”un keçirilməsi, bərpa olunan enerji mənbələrindən istifadə, günəş elektrik stansiyasının tikintisi, elektrikli avtobusların istifadəyə verilməsi, meşələrin salınması və bərpası istiqamətində görülən işləri diqqətə çatdırıb. Konfransın yeni əməkdaşlıqlara və ekoloji maarifləndirməyə töhfə verəcəyini bildirib.
Daha sonra Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov su ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsində rəqəmsal və innovativ texnologiyaların rolu, tətbiq imkanları və perspektivləri mövzusunda məruzə ilə çıxış edib. Professor su itkilərinin azaldılması və ehtiyatlardan səmərəli istifadədə mühəndislik innovasiyalarının, SCADA sistemlərinin, Əşyaların İnterneti (IoT) sensorlarının və avtomatlaşdırılmış idarəetmə texnologiyalarının əhəmiyyətini vurğulayıb. Bu istiqamətdə ağıllı suvarma sistemlərinin tətbiqini səmərəli həll yollarından biri kimi diqqətə çatdırıb.
Konfrans beynəlxalq alimlərin onlayn və videoformatda məruzələri ilə davam edib. Özbəkistanın Nəvai Dövlət Universitetinin professoru Normurod Latipov, Gürcüstanın Tbilisi Dövlət Universitetinin professoru Mariam Tsitsagi, Türkiyənin İstanbul Universiteti – Cerrahpaşanın professoru Atakan Öngen, Rumıniyanın “Dunărea de Jos” Qalați Universitetinin professoru Antoaneta Ene və Yaponiyanın RIKEN Qabaqcıl Süni İntellekt Tədqiqatları Mərkəzinin əməkdaşı Junshi Xia elmi çıxışlarını təqdim ediblər.
Hibrid formatda təşkil olunan konfransa 32 elm və təhsil müəssisəsini təmsil edən 117 tədqiqatçı tərəfindən 89 elmi məqalə və tezis təqdim edilib. Elmi müzakirələr 4 zalda, 11 bölmə üzrə aparılıb. Bölmələrdə su resurslarının idarə olunmasında rəqəmsal texnologiyalar, su ekosistemlərinin qorunması, ekoloji davamlılıq, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, su təhlükəsizliyi, kənd təsərrüfatı, iqlim siyasəti və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Nəşr edilib : 26.11.2026 20:40