NAXÇIVAN :

18 Noyabr 2026, Çərşənbə

Komitə: Azərbaycan Bayrağı ABŞ-də 7 gün ərzində qaydalara uyğun dalğalanıb

...

Amerika Birləşmiş Ştatlarının Manhetten bölgəsində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə qaldırılan Azərbaycan Bayrağının erməni təşkilatlarının təşəbbüsü ilə endirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Azərbaycanın Qarabağda əldə etdiyi tarixi Zəfər təkcə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası baxımından deyil, həm də beynəlxalq münasibətlər sistemində yeni reallıqların formalaşması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu prosesdə Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımızın fəaliyyəti xüsusi diqqətə layiqdir. ABŞ-dəki Azərbaycan icmasının üzvləri hər il 8 Noyabr – Zəfər Günü, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə müxtəlif ştatlardakı inzibati və ictimai mərkəzlərin önündə Azərbaycan bayrağının qaldırılması mərasimlərini təşkil edirlər. Bununla yanaşı, hər il “Times Square” meydanındakı çoxmərtəbəli binaların iri LED ekranlarında ölkəmizin tarixi Zəfəri ilə bağlı videoçarxlar və posterlər nümayiş etdirilir. Dünyanın müxtəlif ölkələrindən milyonlarla insanın ziyarət etdiyi bu məkanda Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması mühüm rəmzi və siyasi məna daşıyır.

Komitə bildirib ki, artıq bütün cəbhələrdə məğlub olmuş erməni diasporunun hər il bu prosesə qarşı çıxmasına baxmayaraq, ABŞ-də kifayət qədər güclənən Azərbaycan diasporu bu il də bayraqqaldırma mərasimlərini uğurla həyata keçirib.

Məhz bu reallıqlar fonunda bəzi erməni mənbələrinin yaydığı dezinformasiyalarda Manhettendə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə diasporumuzun təşəbbüsü ilə qaldırılan Azərbaycan Bayrağının guya Amerikanın Erməni Milli Komitəsinin (ANCA) təşəbbüsü ilə endirildiyi bildirilir.

Bayrağın endirilməsi barədə yayılan məlumatlarda bu qərarın kim tərəfindən və hansı hüquqi əsasla verildiyinə dair isə heç bir mötəbər sübut göstərilmir.

Diasporla İş üzrə Dövlət Komitəsi bildirir ki, bayrağın qaldırılması və həmin yerdə dalğalanması prosesi adətən bir həftə davam edir. Azərbaycan bayrağı da qaydalara uyğun olaraq yeddi gün ərzində qaldırıldığı məkanda dalğalanıb. Öz uğursuzluqlarını hay-küy və dezinformasiya ilə pərdələməyə çalışan erməni təşkilatlarının və diasporunun bu prosesə təsir imkanları yoxdur.

Təbliğat uğursuzluğunu ört-basdır etməyə çalışan erməni diasporu nümayəndələrinin yaydıqları əsassız məlumatlarda ABŞ dövlət rəsmilərinin adları da hallandırılır. Dövlət rəsmilərinin adlarından manipulyasiya vasitəsi kimi istifadə edilməsi, onların mövqelərinin təhrif olunması və ictimai rəyin yanlış istiqamətə yönəldilməsi ciddi hüquqi məsuliyyət yaradır.

“ABŞ-də fəaliyyəti ilə bağlı suallar doğuran, real nəticələr əldə edə bilməyən erməni diasporunun Azərbaycan bayrağının nümayişi ətrafında süni qalmaqal yaratmaq cəhdləri təsadüfi deyil. Bu cəhdlər, daha dəqiq ifadə etsək, erməni diasporunun dezinformasiya və manipulyasiya ilə müşayiət olunan siyasi isteriyası uğursuz təbliğat fəaliyyətinə bəraət qazandırmaq, xərclənən maliyyə vəsaitlərinin guya səmərəli istifadə edildiyi görüntüsünü yaratmaq və gələcək maliyyə dəstəyini qoruyub saxlamaq məqsədi daşıyır.

Cəmiyyətə dezinformasiyalara inanmamaq, media nümayəndələrinə isə xaricdəki Azərbaycan icmalarının uğurları ilə bağlı erməni mənbələrinin yaydığı məlumatlara münasibətdə diqqətli olmaq tövsiyə olunur”, - deyə komitənin məlumatında vurğulanıb.

Nəşr edilib : 18.11.2026 12:31