NAXÇIVAN :

18 Noyabr 2026, Çərşənbə

YAP nümayəndə heyəti Rusiyada keçirilən beynəlxaq tədbirdə iştirak edib

...

Rusiyanın hakim “Yedinaya Rossiya” Partiyasının dəvəti əsasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, YAP Təftiş Komissiyası sədrinin müavini, Milli Məclisinin deputatı Nizami Səfərov və YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbaszadədən ibarət nümayəndə heyəti 15-16 noyabr tarixlərində Moskva şəhərində keçirilən “Millətlərin azadlığı uğrunda!” Hərəkatının Baş Assambleyasında (BA) iştirak edib.
YAP-dan bildirilib ki, Asiya, Avropa, Afrika və Latın Amerikasından 70-dən çox ölkənin siyasi partiyalarının nümayəndələrinin qatıldığı BA-nın birinci sessiyasında çıxış edən YAP Təftiş Komissiyası sədrinin müavini, Milli Məclisinin deputatı Nizami Səfərov çıxış edib.
İkinci Dünya müharibəsindən sonra yaranmış sülh və təhlükəsizlik mexanizmi, o cümlədən BMT sisteminin əsaslı islahatlara ehtiyacının olduğunu deyən Nizami Səfərov bunun təsdiqi olaraq BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 1993-cü ildə qəbul etdiyi və onilliklər boyu icra olunmayan məlum dörd qətnaməsini xatırladıb. O qeyd edib ki, dünya dövlətlər ailəsində de-yure və de-fakto bərabərliyin təmin edilməsinə yönəlmiş yeni mexanizmlər hazırlanmalıdlr.
Tədbirdə iştirak edən Ermənistanın Respublikaçılar Partiyasının nümayəndəsinin Azərbaycana qarşı böhtan xarakterli çıxışına cavab olaraq N.Səfərov Azərbaycanın 44 günlük müharibə və antiterror tədbirlərinin nəticəsində BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq öz ərazi bütövlüyü və suverenliyini tam təmin etdiyini bildirib.
YAP İdarə Heyətinin üzvü Hicran Hüseynova Azərbaycanın 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə neokolonializmlə mübarizənin əsas prioritetlərdən biri olduğunu, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Bakı Təşəbbüs Qrupunun müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi, onların problemlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və beynəlxalq platformalarda səslərinin eşidilməsi istiqamətində fəaliyyət göstərdiyini bildirib.
YAP nümayəndələri “Millətlərin azadlığı uğrunda!” Hərəkatının Daimi Komitəsinin iclasında və Hərəkatın Baş Assambleyasının təntənəli açılış mərasimində də iştirak ediblər.
Daha sonra BA-nın plenar iclasında çıxış edən YAP İdarə Heyətinin üzvü Hicran Hüseynova Azərbaycanın müasir neokolonializmə qarşı mübarizə, mədəni-humanitar suverenliyin qorunması və ədalətli beynəlxalq əməkdaşlıq sisteminin qurulması istiqamətində fəaliyyətindən bəhs edib, Heydər Əliyev Fondunun mədəni-humanitar sahədəki və Yeni Azərbaycan Partiyasının beynəlxalq fəaliyyətinə toxunub.
Tədbirdə iştirak edən Ermənistanın Respublikaçılar Partiyasının nümayəndələrinin Azərbaycana qarşı qərəzli çıxışına cavab olaraq isə YAP təmsilçisi bu il ərazi bötüvlüyünü bərpa etməsinin 6-cı ildönümünü qeyd edən Azərbaycanın ərazilərinin 20 faizinin 30 ilə yaxın müddətdə işğal altında olduğunu, bu müddətdə bir milyondan artıq azərbaycanlının köçkün şəraitində yaşadığını xatırladıb.
Torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycanın bu gün Cənubi Qafqazda yeni sabitlik modeli formalaşdırdığını deyən H.Hüseynova Ermənistanın Respublikaçılar Partiyasının rəhbərlərinin vaxtilə Azərbaycan ərazilərinin işğalında, dinc soydaşlarımızın evlərindən qovulmasında və Xocalı soyqırımının törədilməsində iştirak etdiyini vurğulayaraq, həmin partiyanın nümayəndələrinin bu gün də ölkəmizə qarşı qərəzli çıxışlarını davam etdirdiyini və belə şəxslərin beynəlxalq platformalarda Azərbaycana qarşı böhtan xarakterli fikirlər səsləndirməsinə imkan yaradılmamalı olduğunu söyləyib.
Səfər çərçivəsində nümayəndə heyəti ilə Çin Kommunist Partiyası, “Belaya Rus” Partiyası və Vyetnam Kommunist Partiyasının nümayəndələri arasında ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 18.11.2026 19:29