NAXÇIVAN :

08 Sentyabr 2026, Çərşənbə axşamı

Komitə sədri: Hüquqi çərçivə texnoloji innovasiyaların sürətini məhdudlaşdırmamalıdır

...

Süni intellektin iqlim dəyişikliyinin qarşısının alınması sahəsinə tətbiq edilməsi zamanı hüquqi çərçivə texnoloji innovasiyaların sürətini məhdudlaşdırmamalıdır. Həmçinin normativ-hüquqi aktlar ictimai təhlükəsizliyi və insan hüquqlarını qorumağa yönəlməlidir.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində keçirilən “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzulu panel sessiyada Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” olduqca vacib sənəddir.

“Çünkü Azərbaycanda süni intellektin çoxsaylı təhlükələr üzrə erkən xəbərdarlıq sistemlərinə birbaşa həsr olunmuş xüsusi qanun layihəsi hələlik mövcud deyil. Lakin sözügedən sənəd milli strategiyalar və institusional bazanı mövcud edir. Həmçinin ölkəmizdə Rəqəmsal İnkişaf Şurası yaradılıb və bu qurum süni intellekt texnologiyalarının tətbiqi, o cümlədən dövlət idarəçiliyində və proqnozlaşdırma sistemlərində rəqəmsal həllərin genişləndirilməsini müvafiq yol xəritələri ilə tənzimləyir.

İnanıram ki, süni intellekt təbii fəlakətlər, geosiyasi böhranlar, texnoloji qəzalar və iqtisadi risklər üzrə erkən xəbərdarlıq sistemləri mexanizmlərini köklü şəkildə dəyişdirəcək”, - deyə komitə sədri vurğulayıb.

Nəşr edilib : 08.09.2026 11:19