Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”...
23:52 30.09.2026
0
0
0
NAXÇIVAN :
01 Oktyabr 2026, Cümə axşamı
Şəhərimizin mərkəzində, gediş-gəlişin sıx olduğu magistral yolun kənarında yerləşən Xatirə Muzeyində ilk baxışda hər şey adi görünür: daş divarlar, dəhlizlərə çökmüş sakitlik və sükut... Lakin içəri daxil olub ekspozisiyaya yaxınlaşdıqca anlayırsan ki, bu məkanın hər guşəsi, hər eksponatı ayrı-ayrı həyat hekayələrinə işıq tutur. Burada sanki zamanın özü danışır. Onu dinlədikcə gözlərimiz qarşısında gənc ömürlərini Vətənə bağışlayan qəhrəman şəhidlərimizin həyat hekayələri səhifələnir. Bu hekayələrin hər biri Azərbaycanın ən çətin illərinə, xalqımızın ən ağır günlərinə işıq tutur...
Şəhidlərimizin şəxsi əşyalarından, fotoşəkillərindən, məktublarından, geyimlərindən, diplomlarından tutmuş qol saatlarına və cib daraqlarına qədər hər bir əşya burada öz sahibinin həyatından bir səhifədir. Ekspozisiyada ötən əsrin əvvəllərində baş vermiş soyqırımı qurbanlarının ümumi fotoları, İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş döyüşçülərin, sovet ittifaqı qəhrəmanlarının xatirə əşyaları və fotoları da nümayiş olunur. Amma muzeydə insanı qarşısında saxlayıb uzun-uzun düşündürən əsas nüans şəhidlərimizin müxtəlif həyat hekayələridir.
Onlar da hər bir insan kimi dünyaya böyük arzularla gəlmişdilər. Təhsil almaq, ailə qurmaq, övlad sahibi olmaq, sevdikləri insanlarla həyatın sevincini yaşamaq... Lakin həyatda elə çağırışlar olur ki, onun kiçik bir pıçıltısı belə bəzən bütün səsləri üstələyir. Nə anaların şirin laylası, nə sevdiklərimizin doğma nidaları, nə də həyatın təqdim etdiyi gözəlliklər bu çağırış qarşısında yolumuzu dəyişə bilir.
Şəhidlərimizin həyat hekayələrini dinlədikcə gözlərimiz qarşısında qəhrəmanlıqlarla dolu bir romanın ədəbi lövhələri, maraqlı bir filmin ağrılı-acılı səhnələri canlanır. Ömrün gənclik çağında mənsub olduğun xalqın yaddaşında, doğmalarının xatirələrində əbədiləşmək, bir ailənin qürur mənbəyinə çevrilmək, hər insana nəsib olan səadət deyil. Yalnız seçilmişlər, yüksək ideallar uğrunda vuruşanlar, azadlıq uğrunda çarpışanlar bu səadəti qazana bilirlər.
... Qarşısında dayandığım fotoşəkillər və şəxsi əşyalar şəhidimiz Emin Babayevə məxsusdur. 1996-cı ildə, 21 yaşında dünyasını dəyişən igidimiz Ordubad rayonunun Başkənd kəndində anadan olmuşdu. Dörd il hərbi xidmət yolu keçən Emin yaxın günlərdə tərxis olunmaq sevincini yaşayacaq, illər uzunu davam edən ayrılıqdan sonra, nəhayət, ailəsinə qovuşacaqdı. Lakin o, evinə tərxis olunmuş hərbi qulluqçu kimi geri dönmədi. Vətənin şərəfli müdafiəsindən geri qayıdarkən ata-anasına uğrunda minlərlə şəhid verdiyimiz üçrəngli bayrağımızı gətirmişdi... Emin Babayev həyatı yenicə dərk etdiyi bir yaşda – ömrünün 21-ci baharında şəhidlik zirvəsinə ucaldı.
Bir neçə addım sonra qarşıma 19 yaşlı şəhidimiz Murad Musayevin xatirə əşyaları çıxır. Köhnə cib saatı, diplomlar, şəhidimizin fotosu və daha bir neçə xatirə əşyası... Ancaq bunlardan daha çox diqqətimi şəhidimizin tərcümeyi-halındakı bir nüans çəkir: “Ailəli idi. Vətənə iki qız və bir oğul əmanət qoyub”. Atalıq məsuliyyətini çiyinlərinə alan Muradın həyatı, çox təəssüf ki, övladlarının xoş gününü görməyə kifayət etmədi. Deyilənlərə görə, ağır döyüşlərdə ilk yarasını başından almışdı. Döyüş yoldaşları ona geriyə qayıtmağı məsləhət görsələr də, Murad bu təkliflə razılaşmamışdı. İkinci güllə isə yorğunluqdan və aldığı yaradan gücsüz düşən Muradın həyatını yarımçıq qoydu. Onunla eyni taleyi bölüşən yüzlərlə Vətən övladı var. Şuşa döyüşlərində şəhid olan 20 yaşlı şəhidlərimiz Yaqub Məmmədov, Xansu Qurbanov, Seymur İbrahimov da gənc yaşlarında xalqımızın yaddaşına köçən igidlərimizdəndir.
İstər Birinci Qarabağ müharibəsində, istərsə də İkinci Qarabağ müharibəsində gənc taleyi düşmən gülləsinə tuş gələn yüzlərlə şəhidimizin xatirəsi hər bir azərbaycanlı üçün doğmadır, əzizdir. Ancaq içlərində elə həyat, elə tale var ki, onları oxuduqca, dinlədikcə sanki cümlələr bir-birinin ardınca düzülərək ürəyimizin sarı siminə toxunur. Belə şəhidlərimizdən biri də Elşən Rzayev idi. Arzusu gələcəyin ziyalı şəxsiyyətlərindən biri olmaq, ailəsinə, ata-anasına nümunəvi şəkildə xidmət etmək idi. Elşən şəhid olanda silahın, cəbhənin nə olduğunu bilmirdi. Ölümün, şəhidliyin nə olduğunu isə yalnız ədəbiyyat kitablarından eşitmişdi. O, şəhid olduğu ana qədər ən faciəli ölümü “Qızıl qönçələr” hekayəsindəki həmyaşıdı Sürəyyanın ölümü hesab edirdi. Lakin tale elə gətirdi ki, onun da ölümü oxuduğu qorxulu nağıllardakı kimi ağır oldu. O, 1992-ci ildə mənfur düşmənin Sədərəyə atdığı top mərmisi nəticəsində şəhid oldu və ailəsinin yaddaşında silinməz xatirəyə, əbədi nisgilə çevrildi.
Naxçıvanın ən çətin illərində şəhid olan Vətən övladlarından biri də 7 yaşlı Amilə idi. O, 1985-ci ildə Babək rayonunun Gərməçataq kəndində doğulmuşdu. Həmyaşıdları kimi onun da ən böyük arsuzu gələcəyin savadlı müəllimlərindən biri olmaq, öz ziyası ilə şagirdlərinin yoluna nur çiləmək idi. Lakin düşmənin qəfil hücumu onun həyatını yarımçıq qoydu. Amilə doğum günündən cəmi bir gün sonra şəhidlik zirvəsinə ucaldı.
Gənc yaşında ömrünü Vətənə fəda edən şəhidlərimizin şəxsi əşyalarına tamaşa etdikcə, onların yarım qalmış həyat hekayələrini oxuduqca, nədənsə şair İsa İsmayılzadənin misralarını xatırlayıram:
Getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Mərmilər demədi: geri qayıdın Hələ uşaqsınız, nə yaşınız var...
Bu gün həmin insanların danışmadığı yerdə onların yadigarları danışır. Şəkillər, məktublar, saatlar, geyimlər, diplomlar... Hər biri bir ömrün, yarımçıq qalmış bir arzunun, bir ailənin nisgilinin, bütöv bir xalqın yaddaşının parçasıdır. Bu gün qürurla deyirik ki, artıq Xocalıda, Xankəndidə, Şuşada körpə səsləri eşidilir, yeni arzular, yeni ümidlər dirçəlir. İşğaldan azad olunmuş torpaqlarımızın bağrındakı yaralar körpə səsləri ilə şəfa tapır. Bu gün həmin torpaqlarda, illərlə doğma üzlərinə həsrət qalmış ocaqlarda qurulan nənnilərdə Mübarizlər, Poladlar, Xudayarlar böyüyür. 1992-ci ilin sərt qışında, uşaq yaşında evindən qaçqın düşən oğul və qızlarımız bu gün qucağında öz övladları ilə Vətəninə qayıdır, evinə qayıdır...
Xatirə Muzeyi, sadəcə, keçmişi qoruyan sıradan bir məkan deyil. Bütün bu hekayələrin izinə düşdükcə anlayırsan ki, onlar geri qayıtmasalar da, Vətənə verdikləri canla, torpaq uğrunda axıtdıqları qanla və xalqın yaddaşında yaşatdıqları izlərlə əbədi olaraq bizimlədirlər...
Məcid RƏŞADƏTOĞLU
Digər xəbərlər