NAXÇIVAN :

24 Noyabr 2026, Çərşənbə axşamı

Müqəddəs amal uğrunda

...

Haqq mübarizəmiz başlayan gündən hər kəsin amalı bir idi: torpaqlarımızın hər qarışını azad etmək və Şuşaya çatmaq. Ordumuzun hər bir əsgəri və zabiti bu yolda canından keçməyə hazır idi. Ali Baş Komandanın “Şuşasız işimiz yarımçıq qalar” fikri, şəhid analarının “Torpağımızın hər qarışı azad olunana kimi müharibəni dayandırmayın” çağırışı Vətən uğrunda döyüşən igidlərə güc, mübarizə əzmi verirdi. Qədim Naxçıvanın özü qədər ulu olan Culfa rayonunun Bənəniyar kəndində dünyaya göz açan, ömrünün 24 ilini Vətənin müdafiəsinə həsr edən Malik Cəbiyev də həmin igidlərdəndir. Xüsusi təyinatlı bölüyün baş çavuşu ilə söhbətimiz Şuşanın azadlığı uğrunda gedən döyüşlər, o günlərin unudulmaz xatirələri barədədir.
“Vətən müharibəsi başlayanda hər kəs kimi mənim də ürəyim cəbhədə döyünürdü. Döyüşə getməyə, şəhid komandirim, general Polad Həşimovun qisasını almağa, torpaqlarımızı azad etməyə can atırdım. 2020-ci il oktyabrın 17-də Naxçıvandan Bakıya yola düşdük. Ayın 18-də Füzuli rayonunun Dünyamalılar kəndinə çatdıq və döyüş tapşırıqlarını yerinə yetirmək üçün hazırlıqlara başladıq.
Qırmızıqaya kəndini düşməndən təmizlədik. Sonrakı döyüşlərdə irəliləyərək Tuğ kəndini, Azak yaşayış məntəqəsini və adsız yüksəklikləri azad etdik, təminat və təxliyə yollarına nəzarəti ələ aldıq. Köç yaşayış məntəqəsi istiqamətində hərəkət edərək kəndi düşməndən təmizlədik. Uğurlu əməliyyatlar nəticəsində Martuni-Qırmızı Bazar istiqamətindəki təminat yollarını da nəzarətə götürdük.
Çanaqçı meşəsindən Şuşa istiqamətində hərəkətə başladıq. Daşaltı kəndinin üstündəki adsız yüksəklikdə möhkəmlənərək istehkam qurduq. İrəliləməyimizi davam etdirib Topxana meşəsinə çatdıq. Laçın dəhlizini nəzarətə götürdükdən sonra bu istiqamətdəki adsız yüksəkliklərdə yerləşən düşmən qüvvələrini mövqelərindən uzaqlaşdırdıq. Səhərə yaxın Xankəndi-Şuşa istiqamətində hücuma keçərək Şuşa-Xankəndi yolunu nəzarətə götürdük. Bu əməliyyat zamanı Kəngərli rayonunun Böyükdüz kəndindən olan İsmayıl Yüzbaşıyev şəhidlik zirvəsinə ucaldı. Noyabrın 5-də gecə saat 0300 radələrində Şuşa şəhərinə hücum başladı. Şuşa həbsxanasının yaxınlığında düşmənin pusqusuna düşdük.    Döyüş yoldaşlarımız yaralandı, kiçik gizir Samir Mehdiyev şəhid oldu. Buna baxmayaraq, pusqudan çıxaraq Şuşa qalası istiqamətində hücumumuzu davam etdirdik”.
Müsahibim Şuşanın azadlığı uğrunda döyüşlərin ən gərgin anlarından, yaralı silahdaşlarının xilas edilməsindən də danışır: 
“Noyabrın 6-da bir qrupla pusquya düşdüyümüz yerdə qalan şəhid və yaralılarımızın ardınca getdik. Həmin vaxt Şuşa həbsxanası tərəfdən bir nəfərin bizə doğru gəldiyini gördük. Onun düşmən olduğunu düşünüb mövqe tutduq. Yaxınlaşanda gördük ki, döyüş yoldaşımız Sənan Kərimovdur. Gəlib məni qucaqladı və “Cəbi, sən mənə bir dünya verdin”, – dedi.
Döyüşlərdə yaralanmış altı yoldaşımızı oradan çıxarmaq üçün yaxınlıqda dayanan, ehtimal ki, düşmən polis qüvvələrinə məxsus olan avtomobili işə saldım. Yaralıları həmin avtomobillə təxliyə etdik. Tanklar sağa-sola, qarşılarına çıxan hər tərəfə atəş açırdılar. Buna baxmayaraq, elə bil Tanrı bizə qanad vermişdi. Heç vaxt keçmədiyim Şuşa küçələrində avtomobil idarə edirdim. Şuşa hamamının qarşısından keçərkən daha iki yaralını götürdük. Şəhid və yaralıları Şuşa məktəbinə yerləşdirdik, yaralılara ilkin tibbi yardım göstərildi.
Noyabrın 7-də Şuşada son təmizləmə işləri aparıldı. Tutduğumuz mövqelərdə möhkəmləndik. Şuşa Şəhər İcra Hakimiyyətinin binasının üzərindəki düşmən bayrağını endirib şəhidlərimizin qanı bahasına qazanılan Zəfərin rəmzi olan üçrəngli bayrağımızı ucaltdıq”.
Müsahibim deyir ki, bütün Azərbaycan xalqı və Ordusu illərdir, bu günü səbirsizliklə gözləyirdi. Tanrı onlara Vətənin azadlığı kimi müqəddəs missiyanı yerinə yetirmək üçün güc vermişdi.
“Həmin gün əsgərlərimizdən biri şəhərin mərkəzində yerləşən məscidin minarəsinə qalxaraq azan oxudu. Düşmənin yararsız vəziyyətə saldığı məscidə daxil olanda sanki daşlar da dilə gəlib onu azad edən oğullara təşəkkür edirdi. Döyüş yoldaşlarımla birlikdə məscidi təmizlədik, orada Tanrıya əl açaraq torpaqlarımızı azad etmək üçün bizə güc verdiyinə görə şükür etdik”.
Ömrünün 24 ilini Vətənin müdafiəsinə həsr edən gizir Malik Cəbiyev “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.
Onun döyüş yolu bir daha göstərir ki, Vətən sevgisi yalnız sözlə ifadə olunan duyğu deyil, ən çətin sınaqlarda belə insanı ayaqda saxlayan, onu müqəddəs amal uğrunda mübarizəyə səfərbər edən mənəvi qüvvədir. Malik Cəbiyev və onun silahdaşları üçün Şuşaya gedən yol təkcə hərbi əməliyyatların marşrutu deyildi. Bu yol illərlə qəlblərdə yaşadılan bir arzunun, şəhidlərin qanı ilə yazılan bir andın və nəhayət, bütöv bir xalqın Zəfər iradəsinin təcəssümü idi.  

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 09.11.2026 19:00