Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaş...
23:23 10.02.2026
0
0
0
NAXÇIVAN :
11 Fevral 2026, Çərşənbə
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda XII muxtar respublika yazı, dekorativ- tətbiqi sənət və rəsm, “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda X muxtar respublika yaradıcılıq və “Mən hüquqlarımı bilirəm” mövzusunda esse müsabiqələrinin qaliblərinin mükafatlandırılması ilə əlaqədar tədbir keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhadətə yüksələn şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlamış və bu müsabiqələrin yalnız istedadın nümayişi deyil, həm də milli kimliyimizin, ailə institutunun möhkəmləndirilməsi və hüquqi şüurun yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirmişdir. R.Seyidova Azərbaycan dövlətinin ailə siyasətinin əsasında məhz bu prinsiplərin dayandığını qeyd edərək bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyev ailəni cəmiyyətin əsas dayağı kimi qiymətləndirərək milli dəyərlərin qorunmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan etmişdir. Onun formalaşdırdığı bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ənənəvi ailə dəyərlərinin müasir dövrün tələbləri ilə uzlaşdırılması dövlətin diqqət mərkəzində saxlanılır.
R.Seyidova komitə tərəfindən xalqımızın ailə dəyərlərinin yaşadılması, ailə üzvlərinin reproduktiv sağlamlığının qorunması, cəmiyyətdə ailə dəyərlərinin möhkəmləndirilməsi və gənc nəslin bu sahələrdə maariflənməsi məqsədilə ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.
Müsabiqələr haqqında məlumat verən R.Seyidova qeyd edib ki, bu müsabiqələr ailə dəyərlərinin qorunması, təbliği və gənc nəsildə möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müsabiqələr əvvəlcədən elan olunmuş, komitənin sosial şəbəkə hesablarında paylaşılmışdır. “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda müsabiqəyə 70 rəsm, 6 dekorativ iş və 78 inşa yazı, “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda yaradıcılıq müsabiqəsinə 5 film, 8 foto, “Mən hüquqlarımı bilirəm” mövzusunda esse müsabiqəsinə isə 159 esse təqdim olunmuşdur.
Daha sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov çıxış edərək vurğulayıb ki, ailə dəyərlərinin cəmiyyətə ötürülməsində təhsilin rolu danılmazdır. Möhkəm ailə təməli üzərində qurulan təhsil sistemi gənc nəslin həm bilikli, həm də mənəviyyatlı yetişməsinə şərait yaradır. Ümummilli Lider Heydər Əliyev hər zaman vurğulamışdır ki, təhsil millətin gələcəyidir və bu gələcək ailədə formalaşan dəyərlərlə sıx bağlıdır.
“Mən hüquqlarımı bilirəm” mövzusunda keçirilən yazı müsabiqəsi də gənclərin hüquqi biliklərinin artırılması, vətəndaş məsuliyyətinin formalaşdırılması baxımından mühüm təşəbbüsdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi Asəf Orucov çıxış edərək müsabiqənin yeniyetmə gənclərin dünyagörüşlərinin formalaşmasından bəhs etmiş, ailə mühitinin uşaqlara yalnız bilik deyil, eyni zamanda milli kimlik, mənəvi irs və dəyərlər aşıladığını bildirmişdir. “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda keçirilən yaradıcılıq müsabiqəsi bu dəyərlərin müasir ifadə formaları ilə təqdim olunmasının bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin üzvü Nizami Alıyev çıxış edərək bildirib ki, ailə, təhsil və milli dəyərlərlə yanaşı, uşaqların yaradıcılıq potensialının inkişafı da xüsusi əhəmiyyət kəsb edir. Uşaqların incəsənətə, rəsmə və dekorativ-tətbiqi sənətə olan marağı onların dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Bu gün mükafatlandırılan işlər bir daha sübut edir ki, yaradıcı mühitdə böyüyən uşaqlar ailə dəyərlərini daha dərindən dərk edir və onları estetik formada təqdim edə bilirlər. Belə tədbirlər gələcək nəsillərin həm mənəvi, həm də yaradıcı baxımdan sağlam formalaşmasına xidmət edir.
Çıxışlar yekunlaşdıqdan sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilmiş, komitə tərəfindən müsabiqələrdə yer tutan 69 nəfərə diplom və hədiyyə təqdim edilmişdir.
Sonda “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda X muxtar respublika yaradıcılıq müsabiqəsində “Ən yaxşı film” nominasiyası üzrə yer tutmuş film nümayiş edilib, istedadlı və müsabiqə iştirakçılarının əl işlərinin sərgisinə baxış olub, xatirə şəkilləri çəkdirilib.
Digər xəbərlər