Xankəndidə çay və qəhvə festivalı
20:51 29.05.2026
0
0
0
NAXÇIVAN :
29 May 2026, Cümə
Prezident İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə hər səfəri həm dərin siyasi mesajlarla yadda qalır, həm də müstəqil, qalib Azərbaycan dövlətinin ardıcıl bərpa və quruculuq siyasətinin real nəticələrini nümayiş etdirir. Bu səfərlər artıq azad olunmuş torpaqlarda həyatın yenidən bərpasının, sosial infrastrukturun formalaşdırılmasının və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının praktik təcəssümünə çevrilib. Tarixi zəfərimizin rəmzi olan Şuşa isə Böyük Qayıdış siyasətində xüsusi yer tutur və bu qədim mədəniyyət paytaxtının yenidən dirçəldilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər Azərbaycanın postmüharibə dövrünə strateji baxışını aydın şəkildə ortaya qoyur.
Şuşada aparılan genişmiqyaslı infrastruktur layihələri, tarixi-mədəni abidələrin bərpası, yaşayış və sosial obyektlərin inşası şəhərin əvvəlki şöhrətinin qaytarılması istiqamətində atılan mühüm addımlar kimi qiymətləndirilir. Bütün bunlar, ümumilikdə, azad edilmiş ərazilərdə həyatın sürətlə canlandığını, dövlətimizin həmin torpaqlarda dayanıqlı məskunlaşma və inkişaf modeli formalaşdırdığını göstərir. Bu baxımdan, Prezident İlham Əliyevin Qarabağa, o cümlədən də Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə səfəri həm siyasi, həm də ideoloji baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfərin məhz 28 May – Müstəqillik Günündə həyata keçirilməsi onun simvolik məzmununu daha da gücləndirir. Bu, bir tərəfdən Azərbaycan dövlətçiliyinin tarixi köklərinə və milli istiqlal ənənələrinə bağlılığın nümayişidirsə, digər tərəfdən müstəqil Azərbaycanın ərazi bütövlüyünü tam təmin etmiş qalib dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Prezident İlham Əliyevin Müstəqillik Günündə işğaldan azad olunmuş ərazilərdə olması, xüsusilə də Şuşaya səfər etməsi, sakinlərlə görüşü dövlət suverenliyinin artıq real idarəçilik və quruculuq fəaliyyəti ilə möhkəmləndiyini nümayiş etdirir.
Böyük Qaladərəsi: Böyük Qayıdışın real təzahürü
Böyük Qaladərəsi kəndində aparılan yenidənqurma işləri "Böyük Qayıdış" proqramının Şuşa rayonunun timsalında praktik nəticələrinin növbəti göstəricisidir. Burada yaradılan müasir infrastruktur, yaşayış şəraiti və sosial obyektlər onu deməyə əsas verir ki, Azərbaycan dövləti azad edilmiş əraziləri yalnız bərpa etmir, eyni zamanda həmin torpaqları müasir inkişaf modelinə uyğun şəkildə yenidən qurur. Bu yanaşma həm də postmüharibə dövründə regionun sosial-iqtisadi reinteqrasiyasına xidmət edir.
Kənddə elektrik enerjisi şəbəkəsinin yenilənməsi, yeni transformatorların quraşdırılması, qaz və su xətlərinin çəkilməsi, rabitə infrastrukturunun bərpası və yolların abadlaşdırılması göstərir ki, burada məqsəd sakinlərin firavan həyat sürməsi naminə tam funksional yaşayış mühitinin formalaşdırılmasıdır. İstirahət parkı və Bayraq meydanının yaradılması isə texniki bərpa ilə bərabər rəmzi və ictimai-mədəni məkanların da qurulduğunu göstərir ki, bu da dövlətimizin Böyük Qayıdış prosesini yalnız məskunlaşma deyil, identiklik bərpası kimi gördüyünü də ifadə edir. Kənddə 50 fərdi evin mərhələli bərpası, ilkin mərhələdə 17 evin istifadəyə verilməsi və növbəti mərhələdə əlavə evlərin planlaşdırılması prosesin sabitlik və davamlılıq üzərində qurulduğunu göstərir. Artıq 64 nəfərin (14 ailə) geri qayıdışı təmin olunub ki, bu da "Böyük Qayıdış" proqramının kənd üzrə mərhələli şəkildə icra olunduğunu təsdiqləyir.
Əvvəldə də qeyd etdiyimiz kimi, səfərin ən mühüm siyasi kontekstlərindən biri onun Müstəqillik Günündə baş tutmasıdır. Prezident İlham Əliyev Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşündə də bu məqama xüsusi toxunaraq müstəqilliyi böyük nemət, böyük nailiyyət kimi qiymətləndirdi. Sitat: "Müstəqillik – bu, böyük nemətdir, böyük nailiyyətdir. Amma əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin. Bax, Azərbaycan o ölkələrdəndir. İndi dünyada 200-ə yaxın müstəqil ölkə var. Amma demək olmaz ki, onların hər biri, doğrudan da, müstəqildir. Biz, sözün əsl mənasında, müstəqil dövlətik".
Ağır sınaqlardan tarixi zəfərə, işğaldan Böyük Qayıdışa
Bəli, 108 il bundan öncə müstəqillik əldə edən Azərbaycan Xalq Cümhuriyyəti 23 ay sonra bu müstəqilliyini itirsə də, azadlıq ideyasını heç vaxt unutmadı. 1991-ci ildə yenidən dövlət müstəqilliyini bərpa edən ölkəmiz ilk illərdə hakimiyyətdə olanların naşılığı, səriştəsizliyi ucbatından ağır siyasi və ictimai sınaqlarla üz-üzə qaldı. Ölkədə hökm sürən siyasi böhran, AXC-Müsavatın hakimiyyət uğrunda apardığı çirkin mübarizə, idarəetmədəki zəiflik və xaos dövlətin dayaqlarını sarsıdır, ərazi bütövlüyünə ciddi təhlükə yaradırdı. Bu mürəkkəb dövrdə xalqımız həm müstəqilliyini qorumaq, həm də dövlətçiliyi möhkəmləndirmək uğrunda çətin mübarizə aparmalı oldu. Həmin vaxt Şuşa, Laçın və digər strateji ərazilərin işğalı Azərbaycanın tarixində ən ağrılı səhifələrdən birinə çevrildi. Beləliklə, ölkəmizin tarixi torpaqları Ermənistanın işğalı altına düşdü, xalqımız isə otuz ilə yaxın bir müddətdə doğma yurd həsrəti ilə yaşamağa məcbur oldu. Lakin Azərbaycan xalqı heç zaman bu işğalla barışmadı, torpaqlarımızın azad ediləcəyi günə inamını itirmədi. Məhz 1993-cü ildə – ağır və taleyüklü bir dövrdə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdı və bununla da cəmiyyətdə sabaha ümid və inam daha da gücləndi. Ulu Öndərin siyasi uzaqgörənliyi, qətiyyəti və dövlətçilik təcrübəsi sayəsində Azərbaycanda sabitliyin bərpasına nail olundu, vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət institutları möhkəmləndirildi. Dahi şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu, müstəqilliyimiz əbədi və dönməz xarakter aldı.
İşğal dövründə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi kursu və 2003-cü ildən etibarən Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və çevik diplomatik xətt nəticəsində Azərbaycan bütün əsas istiqamətlərdə, o cümlədən iqtisadi, hərbi və diplomatik sahələrdə dayanıqlı şəkildə gücləndi. Bu məqsədyönlü dövlət siyasəti ölkənin beynəlxalq mövqelərini möhkəmləndirdi, Silahlı Qüvvələrin potensialını artırdı və cəmiyyət daxilində milli həmrəyliyin qorunub saxlanmasına şərait yaratdı. Həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi, 2020-ci ildə baş verən Vətən müharibəsi Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi oldu. 44 günlük savaş nəticəsində torpaqlarımız işğaldan azad edildi, xalqımızın illərlə yaşadığı həsrət sona çatdı. 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri isə ölkəmizin bütün ərazisində suverenliyin tam təmin olunması ilə nəticələndi. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmiş oldu.
Bu qələbələrin əsasında yalnız hərbi güc deyil, xalqın iradəsi, dövlətin qətiyyəti və milli birlik dayanır. Otuz il ərzində doğma yurdlarından uzaqda yaşayan insanlar öz torpaqlarına qayıdacaqları günə olan inamlarını heç vaxt itirmədilər. Bu inam və mənəvi bağlılıq Azərbaycan xalqının nə qədər dözümlü, qürurlu və yenilməz olduğunu bir daha nümayiş etdirdi.
Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gücünü və gələcəyə inamını əks etdirir. Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən dirçəlir, şəhər və kəndlər bərpa olunur, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdırlar. Bütün bunlar Azərbaycanın müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə qoruyan və tarixi ədaləti təmin edən güclü dövlət olduğunu göstərir. Prezident İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşündə müstəqillik tariximizin mühüm mərhələlərinə bir daha diqqət çəkdi və bugünkü qalib, müzəffər Azərbaycanın formalaşmasında xalqın sarsılmaz inamının həlledici rol oynadığını xüsusi olaraq vurğuladı: "Bu, bir daha göstərir ki, xalqımız böyük xalqdır. Əzab-əziyyətə baxmayaraq, əyilmədi, iradəsini yerində saxladı və bir ümidlə yaşayırdı ki, gün gələcək və biz bu torpaqlara qayıdacağıq. Son illər ərzində – 2003-cü ildən bu yana keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə həm işğal dövründə, həm Zəfərdən sonra bir daha əmin oluram ki, bizim xalqımız nə qədər əzəmətlidir, vüqarlıdır və yenilməzdir. Siz 30 il doğma diyarınızdan məhrum edilmişdiniz, amma ümidinizi itirmədiniz, iradənizi qırmadınız və inanırdınız ki, bu gün gələcək və gəldi".
Bəli, Ali Baş Komandanın “dəmir yumruğ"u hesabına, xalqımızın birliyi, ordumuzun qüdrəti və şəhidlərimizin qanı, canı bahasına bu gün Azərbaycan öz tarixi torpaqlarında qalib dövlət kimi sarsılmaz nüfuzunu göstərir. Artıq heç bir qüvvə xalqımızı bu mövqedən geri çəkə bilməz. Əksinə, ölkəmizin hər keçən gün gücü, imkanları və bölgədəki siyasi çəkisi daha da artır. İşğal dövründə Ermənistan tərəfindən viran qoyulan şəhər və kəndlərin bərpası isə bu gün müasir Azərbaycanın qüdrətinin ən böyük göstəricilərindən biridir. Cəmi beş il ərzində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri dünyanın diqqətini cəlb edir. Yeni yolların çəkilməsi, hava limanlarının inşası, yaşayış məntəqələrinin yenidən qurulması, sosial infrastrukturun yaradılması dövlətin iqtisadi gücünü və siyasi iradəsini nümayiş etdirir. Bu uğurların əsasında isə xalq-iqtidar birliyi dayanır. Bu gün azad edilmiş torpaqlarda həyat yenidən canlanır. Qarabağın saf havası, bənzərsiz təbiəti və gözəl mənzərələri artıq öz sakinlərini qarşılayır. Böyük Qayıdış prosesi ilə doğma yurdlarına dönən insanlar illər sonra yenidən öz torpaqlarında rahat və təhlükəsiz həyat qururlar. Bu, Azərbaycanın əldə etdiyi tarixi zəfərin ən böyük nəticələrindən biridir.
İqtisadi dirçəliş, firavan həyat
Prezident İlham Əliyevin mayın 28-də Qarabağa səfəri Xankəndi şəhəri baxımından da diqqətçəkən məqamlarla yadda qaldı. Dövlət başçısı əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzinin açılışında iştirak etdi, burada yaradılan şəraitlə tanış oldu və görülən işlərin nəticələrinə baxış keçirdi.
Səfər zamanı Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsi də istifadəyə verilib. Bu müəssisə regionda sənaye potensialının genişləndirilməsi və yeni istehsal sahələrinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışı olub ki, bu da yerli istehsalın inkişafına və məşğulluğun artırılmasına xidmət edir. Dövlət başçısı Xocalıda hərbi qulluqçular üçün inşa edilən fərdi yaşayış evlərində yaradılmış şəraitlə də tanış olub, burada hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərə baxış keçirib. Ümumilikdə, bu layihələr, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən sosial-iqtisadi dirçəlişin, infrastrukturun yenilənməsinin və yeni istehsal müəssisələrinin yaradılmasının ardıcıl şəkildə davam etdiyini bir daha göstərir.
Prezident İlham Əliyevin Müstəqillik Günündə səfəri çərçivəsində Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri qoyması isə siyasi baxımdan olduqca mühüm məna daşıyır. Bu addım Azərbaycanın zəfərini, eləcə də ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını rəmzi şəkildə ifadə edir. Eyni zamanda Xankəndinin artıq bərpa və dövlət quruculuğu prosesinin mərkəzlərindən birinə çevrildiyini göstərir.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri həm beynəlxalq ictimaiyyətə, həm də Azərbaycan cəmiyyətinə mühüm mesaj verir: Qarabağ və Şərqi Zəngəzur artıq münaqişə zonası deyil, genişmiqyaslı quruculuq və inkişaf məkanına çevrilib. Bu səfərlər vasitəsilə dövlət başçısı bir daha nümayiş etdirir ki, Azərbaycan öz tarixi torpaqlarında uzunmüddətli və dayanıqlı inkişaf strategiyasını ardıcıl şəkildə həyata keçirir. Müstəqillik Günündə həyata keçirilən növbəti səfər isə özündə dövlətçilik ideyası çərçivəsində üç əsas xətti birləşdirir: tarixi yaddaş (itirilmiş və geri qaytarılmış torpaqlar), siyasi nəticə (ərazi bütövlüyünün, suverenliyin bərpası) və praktiki reallıq (bərpa və məskunlaşma). Bu üçlük həm daxili birliyi gücləndirən, həm də beynəlxalq müstəvidə Azərbaycan dövlətinin mövqeyini möhkəmləndirən ən təsirli mesaj formalaşdırır. Prezident İlham Əliyevin dediyi kimi: "Bizim Qələbə elə mütləq Qələbə idi ki, burada artıq şəkk-şübhə qalmadı. Bayrağımız da Şuşada, ondan sonra Xankəndidə qaldırıldı və düşmən torpaqlarımızdan qovuldu. Ermənistan ordusu tamamilə darmadağın edilmişdir. Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi. Bu, böyük qürur mənbəyidir".
Nail ƏSGƏROV
Digər xəbərlər