Bəzi yerlərdə küləkli və yağıntılı hava müşahidə o...
18:47 02.05.2025
0
0
0
NAXÇIVAN :
02 May 2025, Cümə
Kənd təsərrüfatı insanların əsas ehtiyaclarını təmin edən strateji əhəmiyyətli sektordur. Bu gün dünyada su və torpaq resurslarının istehsal imkanları mövcud tələbatı çətinliklə qarşılayır. Digər tərəfdən, əhalinin ərzağa artan tələbatı həmin resurslara təzyiqi daha da gücləndirir.
"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “Aqrobiznesin İnkişafı Forumu - 4: Harmoniyaya gedən yol” mövzusundakı tədbirdə çıxışı zamanı deyib.
M.Babayev qeyd edib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada təxminən 1,7 milyard hektar sahə insan fəaliyyəti nəticəsində deqradasiyaya uğrayıb. Həmin torpaqların 60 faizdən çoxu kənd təsərrüfatında istifadə olunan əkin və otlaq sahələridir.
Kənd təsərrüfatı iqlimə birbaşa bağlı olduğundan, iqlim dəyişikliklərinə ən həssas sahələrdən biridir. Son illər bu dəyişikliklərin mənfi təsirləri kənd təsərrüfatında ciddi çətinliklər yaradır. Artan quraqlıqlar, torpağın şoranlaşması və ekstremal hava hadisələri məhsuldarlığı azaldaraq, qlobal ərzaq təhlükəsizliyinə ciddi təsir göstərir.
Qeyd olunub ki, artıq dünyada daha intensiv istilik dalğaları, güclü tufanlar və dağıdıcı daşqınlar müşahidə olunur. Əgər 1970-ci illərdə ildə təxminən 100 fəlakət baş verirdisə, bu gün həmin rəqəm 400-ə qədər artıb. Bu isə ərzaq təhlükəsizliyini təhdid edir və kənd təsərrüfatının dayanıqlığını zəiflədir.
Aprelin 16-da ölkəmizdə, paytaxt Bakı şəhəri də daxil olmaqla, bir gündə üç aylıq yağıntı norması qədər yağış yağıb, 17 dağ çayında sel və daşqınlar baş verib.
"Ümumdünya Meteorologiya Təşkilatı və FAO-nun məlumatına görə, son 30 ildə baş verən fəlakətlər kənd təsərrüfatında təxminən 3,8 ABŞ trilyon dolları, yəni hər il orta hesabla 123 milyard ABŞ dolları və ya illik qlobal kənd təsərrüfatı ÜDM-nin 5 faizi qədər zərərə səbəb olub.
Bu baxımdan, iqlim dəyişikliyi şəraitində kənd təsərrüfatının dayanıqlı inkişafı üçün tədqiqat və yeni texnologiyaların tətbiqi böyük əhəmiyyət daşıyır. Fermerlər üçün qənaətli əkinçilik və innovativ suvarma üsulları suya və vaxta ciddi qənaət etməyə imkan verir", - deyə M.Babayev qeyd edib.
Digər xəbərlər