NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

Müzəffər Sərkərdənin Qalib Ordusu

...

107 il bundan öncə, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının verdiyi qərarla general-leytenant Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi sayılan Əlahiddə Azərbaycan korpusu yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu formalaşdırmasına hüquqi əsas verdi və beləliklə də qısa zamanda bu sahədə dərin islahatlar aparıldı, quruculuq prosesi həyata keçirildi. Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Milli Ordunun yarandığı gün tarixiləşdirildi, həmin gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olundu.

Azərbaycanda nizami və yüksək döyüş hazırlığına malik milli ordunun formalaşdırılması görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin    ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlayaraq digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də mühüm addımlar atılıb. Ulu    Öndərin uzaqgörən siyasətinin nəticəsində ötən əsrin 70-ci illərində ölkəmizdə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılıb ki, burada hazırlanan hərbçi kadrlar sonradan müstəqil Azərbaycanın milli ordusunun zabit heyəti ilə təmin olunmasında əhəmiyyətli rol oynayıb. Peşəkar milli ordunun yaradılmasına isə ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılıb. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi yaradılıb, 1992-ci il sen­tyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilib. Həmin il oktyabrın 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilib. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilib və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı 705 saylı hərbi hissəyə təhvil verilib.

Azərbaycan Silahlı Qüvvələrinin ayrı-ayrı bölmələr üzrə təkmilləşdirilməsi prosesi Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra uğurla reallaşdırılıb. Qısa müddətdə ordumuzun strukturu tam formalaşdırılıb, bütün növ hərbi birləşmələr əsasında komplektləşdirilmə aparılıb. Görkəmli dövlət xadiminin rəhbərliyi ilə ordunun qanunvericilik bazası yaradılıb, 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşulub. Nəticədə, milli hərbi birləşmələrimiz sülhməramlı qismində dünyanın müxtəlif münaqişə zonalarında iştirak edib, fəaliyyəti yüksək qiymətləndirilib. “Müstəqil Azərbaycan Respublikasının ən vacib, ən böyük sahəsi onun Silahlı Qüvvələridir, milli ordusudur. Hər bir dövlətin müstəqilliyinin rəmzi, təminatçısı onun Silahlı Qüvvələridir. Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz”, – deyən Ulu Öndərin 1993-cü ildə ali hakimiyyətə ikinci qayıdışından sonra həyata keçirdiyi tədbirlər, ümumilikdə, Azərbaycan Silahlı Qüvvələrinin inkişafında yeni mərhələ olub. Prezident İlham Əliyevin də dediyi kimi: “1993-cü ildə ölkəmiz, demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax o vaxt qoyulmuşdur”.

Əsrin ən sürətli, müasir və ədalətli müharibəsinin müəllifi

Dahi şəxsiyyətin ordu quruculuğu sahəsində gördüyü işlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə iqtisadiyyatının sürətli inkişafı, ilk növbədə, dövlətimiz üçün prioritet olan ordumuzun büdcəsinin artmasına, orduda müasir komplektləşdirmənin aparılmasına geniş imkanlar yaradıb. Nəticədə, Silahlı Qüvvələrimiz dünyanın ən müasir silah-sursatları, hərbi-texnoloji avadanlıqları ilə təmin olunub, şəxsi heyətin döyüş qabiliyyəti artırılıb, vətənpərvər ruhu yüksəlib. Ordumuzun gücləndirilməsi ilə bağlı görülən mühüm işlər, keçirilən təlimlər Silahlı Qüvvələrimizdə keyfiyyət və kəmiyyət dəyişikliklərinin yaranmasına, güclü nizami hissələrin formalaşdırılmasına yol açıb.

İllərlə həyata keçirilən ordu quruculuğu işləri 5 il öncə öz praktiki nəticəsini verdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuz işğal altında olan ərazilərimizin azad olunması üçün geniş əks-hücum əməliyyatına başladı və 44 gün ərzində düşməni diz çökdürdü, ərazi bütövlüyümüzü təmin etdi. Vətən müharibəsi Silahlı Qüvvələrimizin nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. “Dəmir yumruq” əməliyyatı adlanan bu savaş, eyni zamanda XXI əsrin ən sürətli, müasir və ədalətli müharibəsi kimi də müasir hərb tarixinə düşdü və xüsusilə də Şuşa uğrunda gedən döyüşlər aparıcı hərbi mərkəzlər, mütəxəssislər tərəfindən təhlil edilib öyrənilməyə başlanıldı. Zəfər Günü kimi tariximizə əbədi həkk olunan noyabrın 8-də Qarabağın gözü Şuşa şəhərinin işğaldan azad olunması ilə Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi, Ulu Öndərin, xalqımızın müqəddəs arzularını gerçəkləşdirdi.

44 günlük Vətən müharibəsindən sonra “Qisas”, “Qətiyyətli cavab”, “Fərrux” və digər hərbi əməliyyatlarla düşməni yerinə oturdan, mühüm əhəmiyyətə malik hakim yüksəkliklərə sahiblənən, strateji yolları nəzarətə götürən Azərbaycan Ordusu 2023-cü il   sentyabrın 19-20-də, 23 saata qədər davam edən lokal xarakterli antiterror tədbirləri sayəsində Qarabağda separatizmin kökünü kəsdi. Ərazi bütövlüyümüz və suverenliyimizin tam təmin olunmasına yol açan bu əməliyyat zamanı bir nəfər belə mülki şəxsə xətər toxunulmaması Silahlı Qüvvələrimizin düzgün koordinasiya və peşəkar fəaliyyətinin daha bir göstəricisi kimi yüksək qiymətləndirildi. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər və 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradlar Müzəffər Sərkərdənin Qalib Ordusunun vətənpərvərliyini, qələbə əzmini bütün dünyaya nümayiş etdirdi. Xankəndi paradında Qalib liderin vurğuladığı kimi: “XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin”.

Müzəffər Silahlı Qüvvələrimiz sayəsində bu gün erməni qəsbkarlığına qarşı etibarlı şəkildə müdafiə olunan, qorunan Qarabağda, Şərqi Zəngəzurda dirçəliş prosesləri uğurla gedir, soydaşlarımız öz doğma torpaqlarına qayıdırlar. İlbəil iqtisadi cəhətdən güclənən Azərbaycan dövləti ordumuzun daha da qüdrətlənməsi yönündə məqsədyönlü işlər həyata keçirir, hərbi xərclər artırılır, ordu quruculuğu sahəsində yeni kontraktlar imzalanır, hərbi texnika, silah-sursat alınır, şəxsi heyətin döyüş qabiliyyətinin möhkəmləndirilməsi üçün təlimlər keçirilir. Ötən dövrdə Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə işğaldan azad edilmiş torpaqlarda yeni hərbi hissələr, sərhəd zastavaları tikilib istifadəyə verilib, yeni komando birlikləri yaradılıb, Türkiyə ilə Azərbaycan arasında imzalanan müqavilələr, əldə olunan razılaşmalar əsasında hərbi qulluqçularımız qardaş ölkədə komando kursları keçib, birgə təlimlərdə iştirak ediblər.

Bu gün regionda və dünyada baş verən proseslər, artan hərbi təhdidlər fonunda respublikamızın qarşıya qoyduğu əsas prioritetlərdən biri ordunun qüdrətinin, peşəkarlığının daha da artırılması, müasir silah-sursatla təminatdır. Təsadüfi deyildir ki, 2025-ci ilin dövlət büdcəsindən hərbi xərclərə rekord həddə vəsait – 8,4 milyard manat ayrılıb. Regionda təhlükəsizliyə, sabitliyə xidmət edən bu addım bir daha göstərir ki, işğalçı Ermənistan başqa sahələrdə olduğu kimi, hərbi arsenalın gücləndirilməsi prosesində də Azərbaycanı üstələyə bilməz. Hər nə qədər havadarları ona silahları, texnikaları peşkəş etsələr də. Cari il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyevin də dediyi kimi: “Mən bunu artıq bir dəfə demişəm: biz Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərcləyirik. Bu, tam fərqli ola bilərdi. Çünki Ermənistanın silahlanma yarışı, bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir. Mən onu da bildirmişdim ki, Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz. Ancaq biz burada bir məsələni də nəzərə almalıyıq. Ermənistana bu silahlar ya pulsuz verilir, ya da ki, kredit şəklində. O kreditlər də müəyyən dövrdən sonra silinir” .

Naxçıvan Muxtar Respublikasında da ordu quruculuğu sahəsində əhəmiyyətli işlər həyata keçirilir, ciddi kadr hazırlığı aparılır, təlimlər təşkil olunur. Ötən dövrdə ölkə Prezidentinin diqqət və qayğısı ilə Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin maddi-texniki bazası xeyli möhkəmləndirilib, kursantlar üçün müasir tədris və məişət şəraiti yaradılıb. Eyni zamanda Prezident İlham Əliyevin Fərmanı əsasında ötən ildən etibarən Milli Müdafiə Universitetinin nəzdində Naxçıvan Hərbi Kolleci də fəaliyyətə başlayıb ki, bu da gələcəkdə ordumuzun peşəkar gizirlərlə təminatında mühüm töhfələr verəcək. İndiyədək 4 minə yaxın kursantın təhsil aldığı Heydər Əliyev adına Hərbi Lisey isə hazırda ordumuzun peşəkar zabitlərlə təminatında böyük rol oynayır. Vətən müharibəsində bu liseyin məzunları da böyük qəhrəmanlıq və şücaət göstərib, bacarıqlı komandirlər kimi ən çətin döyüş tapşırıqlarını yerinə yetirib, Azərbaycanın zəfər salnaməsinə adlarını qızıl hərflərlə yazdırıb, şəhid, qazi, qalib olublar. Ali Baş Komandan torpaqlarımızın işğaldan azad olunmasında, Böyük Qələbənin qazanılmasında naxçıvanlı hərbi qulluqçuların rolunu xüsusi qiymətləndirib: “İkinci Qarabağ müharibəsində Naxçıvan ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”.

Azərbaycan Ordusu yaradılmasının 107-ci ildönümünü Vətənin etibarlı müdafiəçisi, müstəqilliyin, ərazi bütövlüyünün sarsılmaz təminatçısı – Müzəffər, Qalib Ordu kimi, bu ali məqama layiq şəkildə böyük təntənə ilə qeyd edir. Əminliklə demək olar ki, Ali Baş Komandanın rəhbərliyi ilə xalqımıza tarixində ən böyük Qələbə hissini yaşadan Azərbaycan Silahlı Qüvvələri Ulu Öndərin siyasi irsinə sonsuz sədaqət göstərərək ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasında daim misilsiz töhfələr verəcək. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır – həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib...Bu gün Ulu Öndərin əziz xatirəsinə hörmət edərək biz, bax bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq, hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq. Əminəm ki, belə də olacaq”.

Nail ƏSGƏROV

Nəşr edilib : 25.06.2025 23:50