Xəzər dənizində 26 yaşlı gənc batıb
23:08 25.07.2026
0
0
0
NAXÇIVAN :
26 Iyul 2026, Bazar
Teatr bəşəriyyətin mənəvi, mədəni inkişaf tarixində insanın daxili aləmini, ictimai münasibətləri və milli-mədəni dəyərləri əks etdirən ən təsirli sənət növlərindən biridir. O, bədii-estetik zövqü formalaşdıran, milli kimliyi qoruyan, vətəndaşlıq mövqeyini möhkəmləndirən və gənc nəslin hərtərəfli inkişafına xidmət edən mühüm ictimai-mədəni təsisatdır. Bu baxımdan, teatrın inkişafı təhsil sistemi və gənc istedadların yetişdirilməsi ilə sıx bağlıdır.
Azərbaycan teatr tarixinin inkişaf mərhələlərinə nəzər saldıqda aydın görünür ki, peşəkar teatr sənətinin formalaşması məktəb teatrı ənənələrinin yaranması ilə bağlı olmuşdur. XIX əsrin ikinci yarısında Azərbaycanda maarifçilik ideyalarının geniş yayılması, yenitipli məktəblərin təşkili və milli ziyalı nəslinin formalaşması teatr sənətinin inkişafı üçün əlverişli zəmin yaratmışdır. Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov Gorani kimi maarifçi ziyalıların təşəbbüsü ilə Bakı Realnı Gimnaziyasında hazırlanan tamaşalar milli peşəkar teatrın əsasını qoymuşdur. Bu isə Azərbaycan teatr təhsilinin ilkin inkişaf mərhələsinin başlanğıcı olmuşdur. İlk tamaşalarda iştirak edən gimnaziya şagirdləri sonralar milli dramaturgiyanın, aktyorluq məktəbinin və teatr rejissorluğunun inkişafında mühüm xidmətlər göstərmiş, beləliklə, məktəb teatrı peşəkar sənətin ilk yaradıcılıq laboratoriyasına çevrilmişdir.
Məktəb teatrı yalnız səhnə fəaliyyətinin təşkili ilə kifayətlənməmiş, maarifçilik hərəkatının əsas istiqamətlərindən biri kimi gənclərin estetik zövqünün formalaşmasına, milli özünüdərk hissinin güclənməsinə, ana dilinin və milli dramaturgiyanın təbliğinə xidmət etmişdir. Bu prosesdə teatr, məktəb və mətbuat bir-birini tamamlayan mühüm maarifçilik institutları kimi çıxış edərək cəmiyyətin mədəni inkişafına əhəmiyyətli təsir göstərmişdir. Sonrakı dövrlərdə teatr dərnəklərinin, studiyaların, xalq teatrlarının və ali təhsil müəssisələrində fəaliyyət göstərən teatr kollektivlərinin yaranması milli teatr məktəbinin sistemli inkişafını təmin etmişdir. Azərbaycan teatr təhsili ustad-şagird ənənəsindən başlayaraq müasir ali təhsil sisteminədək uzanan, nəzəri hazırlıqla praktik səhnə təcrübəsinin vəhdətinə əsaslanan milli inkişaf modeli formalaşdırmışdır.
Bu zəngin tarixi ənənələrin müasir dövrdə uğurlu davamçılarından biri də Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasıdır. 1998-ci ildə fəaliyyətə başlayan studiya artıq otuz ilə yaxındır ki, universitetin elm, təhsil və mədəni həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Onun yaradılması təsadüfi olmayıb, XIX əsrdə əsası qoyulan maarifçi teatr hərəkatının ali təhsil mühitində təbii davamı kimi formalaşmışdır. Yarandığı gündən etibarən studiyanın fəaliyyət konsepsiyası yalnız tamaşa hazırlamaqla məhdudlaşmamışdır. Əsas məqsəd gənclərin yaradıcılıq qabiliyyətinin və bədii-estetik zövqünün inkişaf etdirilməsi, səhnə mədəniyyətinin, nitq və davranış bacarıqlarının formalaşdırılması, milli-mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsi və gələcək teatr mütəxəssislərinin peşə hazırlığının təmin edilməsi olmuşdur. Məşqlər zamanı aktyor sənətinin əsas komponentləri – səhnə danışığı, obrazın psixoloji təhlili, səhnə hərəkəti, improvizasiya, tərəf-müqabili ilə ünsiyyət, kollektiv məsuliyyət və tamaşa intizamı ardıcıl şəkildə mənimsədilmişdir. Bu baxımdan, studiya universitet auditoriyasında əldə edilən nəzəri biliklərin səhnədə praktik tətbiq olunduğu yaradıcılıq laboratoriyası funksiyasını yerinə yetirmişdir.
Studiyanın repertuar siyasəti onun yaradıcılıq konsepsiyasını müəyyənləşdirən əsas istiqamətlərdən biridir. Repertuarda Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Kamal Abdulla, Nəbi Xəzri, Adil Babayev kimi dramaturgiyamızın görkəmli nümayəndələrinin əsərləri ilə yanaşı, dünya dramaturgiyasının seçilmiş nümunələri də mühüm yer tutmuşdur. Bu yanaşma tələbələrə müxtəlif aktyorluq məktəbləri və estetik üslublarla tanış olmaq, fərqli ifa texnikalarını mənimsəmək imkanı yaratmışdır.
Studiyanın fəaliyyətinin səciyyəvi xüsusiyyətlərindən biri universitetdə fəaliyyət göstərən müxtəlif yaradıcılıq istiqamətləri və incəsənət sahələri arasında formalaşdırdığı qarşılıqlı əməkdaşlıq mühitidir. Teatr sənətinin musiqi, vokal, rəqs, instrumental ifa, folklor və digər səhnə sənətləri ilə üzvi şəkildə inteqrasiyası nəticəsində ərsəyə gətirilən teatrlaşdırılmış kompozisiyalar tamaşaların bədii-estetik dəyərini yüksəltmiş, onların emosional təsir gücünü və səhnə ifadə vasitələrinin rəngarəngliyini daha da zənginləşdirmişdir. Bu yaradıcılıq sintezi tələbələrin müxtəlif incəsənət sahələri üzrə əldə etdikləri bilik və bacarıqların vahid səhnə məkanında tətbiqinə imkan yaratmış, kollektiv yaradıcılıq ənənələrinin möhkəmlənməsinə, ixtisaslararası inteqrasiyanın inkişafına və kompleks səhnə düşüncəsinin formalaşmasına mühüm zəmin yaratmışdır. Studiya təkcə teatr yaradıcılığı mərkəzi kimi deyil, həm də müxtəlif sənət istiqamətlərinin qarşılıqlı əlaqəsini təmin edən, yaradıcı əməkdaşlıq və peşəkar inkişaf mühitini formalaşdıran mühüm mədəni tədris platforması kimi özünü təsdiq etmişdir.
Hazırlanan səhnə əsərləri və teatrlaşdırılmış kompozisiyalar təkcə universitet daxilində deyil, Naxçıvan Muxtar Respublikasında keçirilən dövlət tədbirlərində, respublikanın müxtəlif bölgələrində, eləcə də beynəlxalq festival, forum, elmi-mədəni layihələr və incəsənət tədbirlərində uğurla nümayiş etdirilmişdir. Studiyanın fəaliyyəti müxtəlif səviyyəli təhsil müəssisələri ilə qurulan yaradıcı əməkdaşlıq çərçivəsində ardıcıl şəkildə inkişaf etdirilmişdir. Ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələri ilə birgə həyata keçirilən mədəni-maarif layihələri teatr sənətinin gənc nəslə aşılanması, estetik zövqün formalaşdırılması baxımından xüsusi rol oynamışdır. Bu amil həm də bədii yaradıcılığın təşviqi və təhsil pillələri arasında mədəni inteqrasiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Tələbə Teatr Studiyasının çoxşaxəli fəaliyyəti tələbələrin yalnız peşəkar səhnə və aktyorluq bacarıqlarının inkişafına deyil, həm də onların hərtərəfli şəxsiyyət kimi formalaşmasına xidmət etmişdir. Yaradıcılıq prosesində iştirak edən gənclərdə liderlik keyfiyyətləri, təşkilatçılıq bacarıqları, komanda şəraitində səmərəli fəaliyyət göstərmək vərdişləri, yaradıcı və tənqidi təfəkkür, kommunikasiya mədəniyyəti, təşəbbüskarlıq, məsuliyyət hissi və sosial fəallıq kimi müasir dövrün tələb etdiyi ümumi səriştələrin inkişafı təmin olunmuşdur.
Bu təcrübənin ən mühüm institusional nəticələrindən biri Naxçıvan Dövlət Universitetində Teatr və Mədəniyyətşünaslıq kafedrasının yaradılması olmuşdur. Studiyanın çoxillik fəaliyyəti teatr təhsilinin bədii özfəaliyyət müstəvisindən elmi-pedaqoji və akademik müstəviyə keçidini zəruri etmişdir. Hazırda kafedra ilə studiya qarşılıqlı şəkildə bir-birini tamamlayan funksiyaları həyata keçirir. Kafedra aktyor sənəti, rejissorluq, teatrşünaslıq və mədəniyyətşünaslıq istiqamətlərində nəzəri hazırlığı təmin edir, Tələbə Teatr Studiyası isə bu biliklərin praktik tətbiq olunduğu əsas yaradıcılıq bazası kimi fəaliyyət göstərir.
Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının otuz ilə yaxın inkişaf yolu sübut edir ki, tələbə teatrları ali təhsil sistemində, sadəcə, asudə vaxtın təşkili vasitəsi deyil, həm də nəzəri biliklə praktik təcrübəni birləşdirən mühüm təlim və yaradıcılıq laboratoriyalarıdır. Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının qazandığı zəngin yaradıcılıq və pedaqoji təcrübə artıq təkcə universitet tarixinin deyil, bütövlükdə, Azərbaycan teatr təhsili tarixinin mühüm səhifələrindən biri kimi dəyərləndirilə bilər. Bu irsin elmi əsaslarla öyrənilməsi, sistemləşdirilməsi və gələcək nəsillərə çatdırılması isə milli teatr təhsilinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Gülxarə ƏHMƏDOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər