NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasında fundamental və tətbiqi elm sahələrinin inkişafı

...

Bu il Azərbaycan Elmlər Akademiyasının yaradılmasından 80 il ötür. Bu elmi qurumun yaradılması ölkəmizdə bütün elm sahələrinin inkişafına böyük təkan vermiş, onların bugünkü səviyyəyə yüksəlməsinə səbəb olmuşdur. Bu baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikası da istisna təşkil etmir. 
Qeyd olunmalıdır ki, Naxçıvanda müasir elmin əksər sahələrinin yüksək inkişaf yoluna qədəm qoyması XX əsrin 20-ci illərindən başlanmışdır. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan şöbəsinin yaradılması bu diyarın zəngin təbii sərvətlərinin aşkara çıxarılmasında, tarixinin, elm və mədəni irsinin öyrənilməsində əhəmiyyətli rol oynamışdır. 1945-ci ildə Azərbaycanda Elmlər Akademiyasının yaradılması isə muxtar respublikada da elmin inkişafına töhfələr vermişdir. Araz (Naxçıvan) Kompleks zona təcrübə stansiyasının, Naxçıvan Elmi-Tədqiqat Baytarlıq Stansiyasının, AMEA-nın Naxçıvan Regional Elm Mərkəzinin, Elm və Texnika Mərkəzinin, Şamaxı Astrofizika Rəsədxanasının Günəşi Müşahidə Stansiyasının (Batabat rəsədxanasının) yaradılması fundamental elmlərin inkişafını daha da sürətləndirmişdir. Bu baxımdan 1972-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə yaradılmış Naxçıvan Elm Mərkəzində fundamental elmin müxtəlif sahələri üzrə aparılan tədqiqatlar xüsusilə yüksək önəm kəsb edirdi. 
Respublikamız müstəqillik əldə etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın bu bölgəsinin geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqust ayının 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında Sərəncam imzaladı. Həmin il avqust ayının 12-də bu münasibətlə keçirilən müşavirədə sədrlik edən Ulu Öndər demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də, düz olardı deyim ki, heç öyrənilməybdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var”.
Adıçəkilən Sərəncama müvafiq olaraq AMEA Naxçıvan Bölməsində 6 elmi-tədqiqat bölməsi – Tarix, Etnoqrafiya və Ar­xeologiya İnstitutu; İncəsənət, Dil və Ədəbiyyat İnstitutu; Təbii Ehtiyatlar İnstitutu; Bioresurslar İnstitutu; Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu yaradılmışdır.
Məlumdur ki, elmin inkişafı təkcə yuxarıda göstərilən elm ocaqlarının açılması ilə deyil, həm də orada çalışacaq yüksək­ixtisaslı kadırların hazırlıq səviyyəsindən, onların elmi fəaliyyətindən də asılıdır. Bu amili nəzərə alaraq 1998-ci ildən Naxçıvan Dövlət Universitetində dörd, 2006-cı ildən isə AMEA Naxçıvan Bölməsində üç ixtisas üzrə Dissertasiya şuraları yaradılmış və bu da yüksəkixtisaslı elmi kadrların, o cümlədən fundamental elmlər sahəsində çalışan kadrların hazırlanması işinə öz müsbət təsirini göstərmiş və bu gün də göstərir. 
Qeyd olunmalıdır ki, ötən dövr ərzində görülən işlər öz müsbət bəhrəsini vermişdir. Müxtəlif dövrlərdə həyata keçirilən, xüsusilə də 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra daha da genişləndirilən geoloji-kəşfiyyat işləri nəticəsində muxtar respublikanın ərazisində mövcud olan çoxsaylı faydalı qazıntılar aşkara çıxarılmış, onlar haqda vacib parametrlər təyin edilmişdir. 
Muxtar respublikamızın faydalı qazıntılarını şərti olaraq aşağıdakı qruplara bölmək olar. Metallara malik faydalı qazıntılar (metal filizləri); qeyri-filiz faydalı qazıntılar; bəzək daşları; tikinti materialları.    
Kimyaçıların araşdırmaları muxtar respublikanın təbii xammal ehtiyatları əsasında qeyri-üzvi və bioloji-aktiv maddələrin və preparatların alınması üsullarının işlənib hazırlanmasına yönəldilmişdir. Darıdağ termal sularının (DTS) kompleks tədqiqinin prinsipial texnoloji sisteminin təklif edilməsi, bu sulardan bor-arsen konsentratının, nəticədə isə yüksək təmizliyə malik arsen 3-sulfidin sintezi belə işlərdəndir. Karbon qazının alınması ilə bağlı mərkəzin mütəxəssisləri muxtar respublikanın istehsal sahələrinin yerli xammal əsasında işləməsi üçün də axtarışlar aparmışlar. Bu araşdırmalar respublika dövlət mükafatına layiq görülmüşdür. 
DTS-nin araşdırılması ilə bağlı uzun illərdən bəri aparılan tədqiqatlar xüsusilə yüksək aktuallıq kəsb edir. DTS qrupu MDB-də ən yüksək debitli mineral su mənbələridir. Mənbələr Culfa şəhərindən 9 kilometr şimal-şərqdə, dəniz səviyyəsindən 900 metr yüksəklikdə, Şorsu çay dərəsində bir-birindən 0,5-2 kilometr məsafədə yerləşir. Dövlət Ehtiyatlar Komitəsi tərəfindən Darıdağ mineral sularının istismar ehtiyatı B qrupu üzrə 4,5 min m3/sutka olduğu təsdiq edilmişdir. DTS-nin dünya arsenli suları içərisində öz müalicəvi əhəmiyyətinə görə də xüsusi yeri var. Hazırda xüsusi şəraitdə suyun quru qalığı alınaraq satışa verilir.
Yuxarıdakı məlumatdan da görünür ki, DTS-nin tərkibində asan emal edilən və muxtar respublikanın böyük tələbatı olan komponentlərdən biri də karbon qazıdır. 1980-ci ildə Darıdağ ərazisində maye karbon qazı istehsal edən sex yaradılmışdır. Sonrakı dövrlərdə sex “Darıdağ” Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş, 2008-ci il dekabr ayından isə “Karbon Qazı Zavodu” ASC kimi fəaliyyət göstərir. 
Kimyaçıların mühüm işlərindən biri də Gümüşlü polimetal (sink-qurğuşun) filizindən metal qurğuşunun alınması texnologiyasının işlənib hazırlanması və Gümüşlü flotasiya fabrikinin tullantısından 65-70 faizli barium sulfat konsentratı alınması və onun fabrik miqyasında sınaqdan keçirilməsi olmuşdur.
Parağaçay molibdenit yatağının işlənməsi də kimyaçılarımızın xidmətlərindəndir. Molibdenit filizi flotasiya üsulu ilə zənginləşdirilmiş, iki təmizləmədən sonra 18-20 faizli molibdenit konsentratı, konsentratın müxtəlif üsullarla işlənməsindən ammonium molibdat, molibden (VI) oksid və sulfid, onların əsasında isə molibdenin bir sıra üçlü birləşmələri alınmışdır. 
Darıdağ antimonit yatağı filizinin müxtəlif həlledicilərlə həll edilərək məhlula keçirilməsi və bu məhluldan sürmənin müxtəlif üçlü halogenidlərinin və metal sürmənin alınması metodları da kimyaçılarımız tərəfindən işlənmişdir.     
Fizikaçılarımız tərəfindən muxtar respublika ərazisində alternativ (bərpa olunan) enerji mənbələrinin öyrənilməsi, yarımkeçirici nazik təbəqələr əsasında yüksək effektli fotovoltaik materialların və çeviricilərin alınması, alınmış strukturların fotoelektrik və optik xassələrinin araşdırılması sahəsində tədqiqatlar aparılmış və bu gün də tədqiqatlar davam etdilir. 
Bu dövrdə alimlərimizin fundamental elmlərlə bağlı 40-dan artıq monoqrafiya və kitabları nəşr edilmiş, 20-dən çox patent almışlar.
AMEA-nın yaradılmasından sonra elmin digər sahələri kimi astronomiyanın da Azərbaycanda geniş vüsət aldığı bir dövr olmuş, 1959-cu ilin noyabr ayında Şamaxı Astrofizika Rəsədxanasının yaradılması haqqında müvafiq qərar qəbul edilmişdir.
XX əsrin 60-cı illərinin sonunda, Şamaxı Astrofizika Rəsədxanasında astronomik müşahidələrin artıq tam qaydaya düşdüyü bir vaxtda rəsədxananın daha yüksək bir nöqtədə yerləşə bilən müşahidə stansiyasının yaradılması zərurəti ortaya çıxmışdır. Bu yer astronomik iqliminə görə Şamaxı Astrofizika Rəsədxanasından da üstün olmalı idi. Bunun üçün dəfələrlə bir sıra zonalar, o cümlədən muxtar respublikanın da bəzi məntəqələri nəzərdən keçirilmişdir. Nəhayət, yekunda müşahidə stansiyasının Şahbuz rayonunun Batabat ərazisində qurulması qərara alınmış və Azərbaycan SSR EA Rəyasət Heyətinin 1971-ci il mart ayının 25-də qəbul etdiyi qərar əsasında Şamaxı Astrofizika Rəsədxanasının Batabat bölməsi yaradılmışdır.
Az bir müddət ərzində dəniz səviyyəsindən, təqribən, 2050 metr hündürlükdə yerləşən Batabat stansiyasında Kude sistemində işləyən 200 millimetrlik bir teleskop qurulmuş, 1974-cü ildə Batabat bölməsində ilk böyük teleskop – günəş koronoqrafı qurulmuş, həmin teleskopda günəş fizikası sahəsində aparılan tədqiqatlar çərçivəsində müşahidələrə başlanmış və çox maraqlı elmi nəticələr alınmışdır. 
1980-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvana səfəri çərçivəsində Batabat bölməsində olması bölmənin həyatında mühüm hadisə idi. Bölmənin fəaliyyəti ilə yaxından tanış olan Ümummilli  Lider aidiyyəti qurumlara mühüm tapşırıqlar vermişdir. 1990-cı ilin yazında Batabat bölməsində “Seyss-600” teleskopu quraşdırılmışdır. Bu, bölmənin həyatında olduqca əlamətdar bir hadisə idi. Adıçəkilən teleskopun qurulması ilə Batabat bölməsində elmi-tədqiqat işlərinin daha da genişləndirilməsi nəzərdə tutulurdu. Bununla belə təəssüflə qeyd edilməlidir ki, 1988-ci ildən başlayaraq Naxçıvanın mənfur ermənilər tərəfindən blokada vəziyyətinə salınması və bölmənin Ermənistanla həmsərhəd ərazidə – atəş xətti zonasında yerləşməsi bu elmi idarənin fəaliyyətinə öz təsirini göstərdi. 1991-ci ildən 2000-ci ilə qədər bölmədə nəinki elmi-tədqiqat işləri ilə məşğul olmaq, bəzən, hətta əraziyə nəzarət etmək belə mümkün olmamışdır. 
Vurğulamaq istərdim ki, hələ keçən əsrin 20-ci illərində Leninqrad astronomları Azərbaycan ərazisində astronomik stansiya qurmaq ideyası üzərində işləyirdilər. Bu ideyanı həyata keçirmək onlara yalnız 60-cı illərin sonunda, Ulu Öndərin ölkəmizə birinci hakimiyyəti dövründə müyəssər oldu. 1969-cu ildən başlayaraq Ordubad rayonunun Ağdərə məntəqəsində Pulkovo Rəsədxanasının daimi ekspedisiyası fəaliyyətə başladı. Artıq 80-ci illərin əvvəllərində Ağdərə Astronomiya Stansiyasında iki teleskop – astroqraf “AFR-1” və uzunfokuslu meniskli “Ay-Planet” teleskopu fəaliyyət göstərirdi. 80-ci illərdə Leninqrad astronomları AAS-də qiymətli mövqe müşahidələri aparmışlar. Bunların içərisində Sovet-Amerika birgə “VEQA” proqramı çərçivəsində Halley kometinin yerüstü müşahidələri xüsusi yer tuturdu.
Təəssüflər olsun ki, 80-ci illərin sonlarında ermənilər tərəfindən baş verən məlum dağıdıcı proseslər AAS-nin fəaliyyətinə də son dərəcə mənfi təsir göstərdi. 1991-ci ildə leninqradlı astronomlar stansiyanı tərk etdilər. AAS 1997-ci ilədək faktiki olaraq nəzarətsiz qaldı. Azərbaycan MEA Rəyasət Heyətinin 5 noyabr 1997-ci il tarixli Qərarı ilə AAS Şamaxı Astrofizika Rəsədxanasına birləşdirildi. Batabat Astrofizika Rəsədxanası isə AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasından sonra – 2003-cü ilin yanvar ayından yenidən faktiki fəaliyyətə başlamışdır. 
Müstəqillik illərində Azərbaycan Respublikasında, o cümlədən muxtar respublikamızda elm və təhsilə göstərilən yüksək dövlət qayğısı Batabat Astrofizika Rəsədxanasını da əhatə etmişdir. Məhz bu qayğı nəticəsində  2004-cü ildə Naxçıvan şəhərində, 2006-2007-ci illər ərzində ŞAR-ın Batabat bölməsi yerləşdiyi ərazidə tam şəkildə müasir tələblərə cavab verən inzibati binalar tikilərək əməkdaşların istifadəsinə verilmişdir. “Seyss-600” teleskopu Krım Astrofizika Rəsədxanasına göndərilərək müasir səviyyədə modernləşdirilmiş və 2007-ci ilin sentyabr ayında Batabatda quraşdırılmışdır. 
Bu gün ARETN Batabat Astrofizika Rəsədxanası Naxçıvan şəhərindəki inzibati binadan, Şahbuz rayonu ərazisindəki Batabat stansiyasından və Ordubad rayonu ərazisindəki Ağdərə stansiyasından ibarət bir struktur kimi fəaliyyət göstərir. 
Gəlinən nəticə odur ki, AMEA-nın, xüsusilə də onun Naxçıvan Bölməsinin yaradılması muxtar respublikada digər elmlərlə yanaşı, fundamental və tətbiqi elmlər sahəsində də aparılan işlərin vahid mərkəzdən idarə olunmasına, onların daha ra­sional əlaqələndirilməsinə əlverişli şərait yaranmışdır ki, bu da, öz növbəsində, həmin elmlərin yüksək inkişaf səviyyəsinə qalxmasına səbəb olmuşdur. Respublikamızın müstəqillik əldə etməsindən sonra elm və təhsilə yüksək dövlət qayğısının göstərilməsi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu sahədə həyata keçirdiyi işlər qədim Naxçıvan diyarının möhtəşəm inkişaf səviyyəsinə yüksəlməsinə səbəb olumuşdur. 

Tofiq ƏLİYEV
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təbii Ehtiyatlar İnstitutunun baş 
direktoru, AMEA-nın müxbir üzvü, professor

Nəşr edilib : 16.06.2025 14:50