NAXÇIVAN :

05 Sentyabr 2026, Şənbə

Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur

...

Naxçıvan Muxtar Respublikasında sosial müdafiə sahəsində rəqəmsallaşma artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi mövcuddur və həmin informasiya sisteminin strukturuna bir çox altsistemlər daxildir. 2023-cü ildən etibarən Naxçıvan Muxtar Respublikası üzrə bütün məlumat bazaları müvafiq altsistemlərə daxil edilib. Bunun nəticəsində artıq muxtar respublika qeydiyyatında olan vətəndaşlar istənilən DOST Mərkəzinə, həmçinin 142 Çağrı Mərkəzinə zəng etməklə öz müraciətlərini edə bilərlər.
Bu barədə "Şərq qapısı"na Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, elektronlaşmanın miqyasını göstərən əsas göstəricilərdən biri də məhz xidmətlərin elektron və proaktiv qaydada təqdim olunmasıdır. 
“Naxçıvan Muxtar Respublikasında 150 xidmətdən 73-ü elektron, 50-si isə proaktiv qaydada vətəndaşlara təqdim olunur. Proaktiv təyinatlar üzrə yaşa görə, əlilliyə görə, sosial müavinət və təqaüdlər üzrə proaktiv təyinatların faizi 80 faizi əhatə edir. Burada əsas məqsədimiz vətəndaşların heç bir sənəd təqdim etmədən, heç bir inzibati proseslə üzləşmədən hüquqları yarandığı gündən etibarən öz ödənişləri ilə təmin olunmasıdır. Bu barədə vətəndaşlara SMS vasitəsilə bildirişlər göndərilir”, – deyə məlumatda qeyd edilib.

Nəşr edilib : 05.09.2026 11:34