NAXÇIVAN :

15 Sentyabr 2026, Çərşənbə axşamı

Naxçıvanda Bilik Günündə Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb istifadəyə verilib

...

15 sentyabr – Bilik Günündə Babək rayonunun Nehrəm qəsəbəsində 522 şagird yerlik 3 nömrəli tam orta məktəb istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov Bilik Günü münasibətilə məktəbdə olub, burada yaradılan müasir təhsil şəraiti ilə tanış olub, şagird və pedaqoji kollektivlə görüşüblər. Görüş zamanı yeni tədris ili münasibətilə müəllim və şagirdlərə xoş arzular çatdırılıb, onlara təhsildə uğurlar və yüksək nailiyyətlər arzulanıb.
Qeyd edək ki, Naxçıvanda təhsil infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən layihələr çərçivəsində məktəbdə yenidənqurma və bərpa-gücləndirmə işləri aparılıb. 522 şagird yerlik, 3 mərtəbəli məktəbdə 30 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM otaqları, ibtidai hərbi hazırlıq kabineti, əmək otaqları, kitabxana, yeməkxana, akt və idman zalları yaradılıb.
Hazırda məktəbdə 508 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 51 müəllim məşğul olur. Məktəbin 540 kvadratmetr sahəyə malik qapalı idman zalı, həyətyanı ərazidə müxtəlif yaş qrupları üçün oyun və idman meydançaları, açıq futbol sahəsi yaradılıb. Həmçinin içməli su təminatı və yanğın təhlükəsizliyi məqsədilə su anbarları istifadəyə hazır vəziyyətə gətirilib.
Məktəbdə yaradılan müasir təhsil mühiti şagirdlərin daha əlverişli, təhlükəsiz və keyfiyyətli təhsil şəraitində təhsil almasına, onların hərtərəfli inkişafına və təlim nailiyyətlərinin yüksəldilməsinə xidmət edəcək.

Nəşr edilib : 15.09.2026 13:22