Əqrəblərlə yaşayanlar: Naxçıvanda qeyri-adi ferma ...
18:40 27.06.2026
0
0
0
NAXÇIVAN :
27 Iyun 2026, Şənbə
Bu gün Naxçıvan Şəhər İcra Hakimiyyətində “Şəhərsalma və Memarlıq İli” və Əcəmi Naxçıvaninin 900 illiyi çərçivəsində “Əcəmi Naxçıvani: Naxçıvan memarlıq məktəbi və ənənələri” mövzusunda respublika elmi konfransı keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, konfrans AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə baş tutub.
Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Heydər Əliyev Muzeyində qonaqlara Ulu Öndərin zəngin dövlətçilik irsi, çoxşaxəli siyasi fəaliyyəti və ömrünün Naxçıvan mərhələsinə dair materiallar barədə ətraflı məlumat verilib.
Daha sonra görkəmli memar Əcəmi Naxçıvaninin həyatı və yaradıcılığına həsr olunmuş sərgiyə baxış keçirilib.
Konfrans Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransda açılış nitqi ilə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qonaqları salamlayaraq konfransın işinə uğurlar arzulayıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Əcəmi irsi” adlı məruzəsində Prezident İlham Əliyevin “Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2025-ci il tarixli Sərəncamının elmi əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Sərəncam böyük memarlıq məktəbi yaratmış görkəmli şəxsiyyətin irsinə verilən yüksək qiymətin ifadəsi olmaqla bərabər, həm də Əcəmi irsinin yenidən öyrənilməsi və tədqiqinə mühüm istiqamət verir.
Akademik İsa Həbibbəyli AMEA Naxçıvan Bölməsinə hədiyyə etdiyi görkəmli Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi ilə Əcəmi Naxçıvaninin simvolik görüşünü əks etdirən qrafik portreti İsmayıl Hacıyevə təqdim edib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Əcəmi Naxçıvani: həyatı, mühiti və sənəti” adlı məruzəsində bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə memarın 850 illik yubileyi hələ 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə qeyd olunub.
Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Naxçıvanda şəhər mədəniyyətinin inkişafında Əcəmi sənətinin rolu” adlı məruzəsində dahi memarın yubileyinin həm dövlət, həm də YUNESKO səviyyəsində qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, Əcəmi Əbubəkir oğlu Naxçıvani Azərbaycanın, bütövlükdə, Türk-İslam mədəniyyətinin çox böyük qurucularından biridir. Memar Əcəmi irsinin həmişə yeni, müasir olduğunu qeyd edən rektor bildirib ki, universitetdə tələbələr üçün Əcəmi Naxçıvani adına təqaüd təsis olunub, Əcəmi Naxçıvaninin abidəsi Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin qarşısında ucaldılıb, həmçinin universitetdə Memar Əcəmi adına Yaradıcılıq Mərkəzinin yaradılması planlaşdırılır.
AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə “Əcəmi Naxçıvaninin yaradıcılığı dünya memarlığında” adlı məruzəsində Əcəmi yaradıcılığında sənətkarın ornament kompozisiyalarında bədiiliklə riyazi təfəkkürün unikal vəhdətini təhlil edib. O, Əcəmi Naxçıvani yaradıcılığından təsirlənərək ucaldılan, memarlıq baxımından əhəmiyyətli komplekslər, tarixi abidələr haqqında məlumat verib.
Professorun məruzəsində Əcəmi yaradıcılığının təhlili təfərrüatı ilə vizual şəkildə diqqətə çatdırılıb.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev “Naxçıvan memarlıq abidələrinin Türkiyədə öyrənilməsi və nəşri” adlı məruzəsində bildirib ki, Əcəmi Naxçıvani irsi olduqca geniş bir coğrafiyada böyük təsir gücünə malikdir. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin Naxçıvana səfəri zamanı Möminə xatun türbəsini ziyarət edərək bu milli memarlıq incisinin gələcək nəsillərə çatdırılması üçün onun bərpa olunması ilə bağlı xüsusi tapşırıqlar vermişdi.
Prezident İlham Əliyevin “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” müvafiq Sərəncamının mühüm əhəmiyyət daşıdığını qeyd edən professor Əcəmi yaradıcılığını ölməz məktəb adlandırıb.
Konfransın sonunda “Memar Əcəmi” sənədli filminə baxış olub.
Qeyd edək ki, “Əcəmi Naxçıvani: Naxçıvan memarlıq məktəbi və ənənələri” respublika elmi konfransı öz işinə “Əcəmi Naxçıvaninin dövrü, mühiti və irsi”, “Əcəmi Naxçıvani irsinə dövlət qayğısı və Möminə xatun türbəsi memarlıq incisi kimi”, “Dil, ədəbiyyat, folklor və maddi mədəniyyət nümunələri” və “Əcəmi Naxçıvani irsinin dünya və Yaxın Şərq memarlığına təsiri” adlı bölmə iclasları ilə davam edib.
Digər xəbərlər