NAXÇIVAN :

12 Avqust 2026, Çərşənbə

Naxçıvanda enerji təhlükəsizliyi gücləndirilir yeni generasiya gücləri ixrac imkanlarını artıracaq– reportaj

...

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və bu çərçivədə Naxçıvan Muxtar Respublikasının enerji potensialının artırılması istiqamətində mühüm layihələr həyata keçirilir. Yeni Günəş elektrik stansiyalarının və 300 meqavat gücündə istilik elektrik stansiyasının yaradılması Naxçıvanın həm daxili enerji tələbatının etibarlı təminatına, həm də gələcəkdə elektrik enerjisinin ixracına imkanlarını genişləndirəcək.

Məlum olduğu üzrə avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva muxtar respublikaya səfərləri çərçivəsində Naxçıvan şəhərində inşa edilən “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar.

Hazırda həmin stansiyaların yerləşdiyi ərazidəyik. Öyrənirik ki, burada inşası davam etdirilən iki Günəş elektrik stansiyasından biri– 25 meqavat gücündə olan “Şəms 1”də işlər sürətlə aparılır. Stansiyada 10 meqavatlıq günəş panellərinin quraşdırılması başa çatdırılıb. Tikinti-quraşdırma işlərinin bu ilin noyabrında yekunlaşdırılması planlaşdırılır. Stansiya tam gücü ilə fəaliyyətə başladıqdan sonra il ərzində, təxminən, 57 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək. Bu həcm isə 19 minə yaxın ev təsərrüfatının enerji təminatına imkan verəcək.

25 meqavatlıq “Qərbi Üfüq” Günəş Elektrik Stansiyasında isə artıq topoqrafik işlər başa çatdırılıb. Hazırda ərazidə geoloji tədqiqatlar aparılır. Tikinti işlərinə ilin sonunadək başlanılması nəzərdə tutulur. Layihənin bərpa olunan enerji mənbələri ərazisi kimi müəyyənləşdirilmiş 50 hektar sahədə həyata keçirilməsi nəzərdə tutulur. Stansiyanın istismara verilməsindən sonra illik, təxminən, 61 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq və bu, 21 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunmasına imkan verəcək. Eyni zamanda ildə, təxminən, 26 min ton karbon qazı emissiyasının qarşısının alınacağı və 12 milyon kubmetr təbii qaza qənaət ediləcəyi proqnozlaşdırılır.

Ümumilikdə, Naxçıvanda Günəş elektrik stansiyalarının tikintisi üçün 688 hektar ərazi ayrılıb. Layihələrin reallaşdırılması nəticəsində muxtar respublikada bərpa olunan enerji üzrə qoyuluş gücü 158 meqavata çatacaq. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması perspektivində bu layihələr Naxçıvanın enerji təminatında yeni mərhələnin əsasını qoymaqla yanaşı, muxtar respublikanın enerji istehsalçısı kimi mövqeyini də gücləndirir. Xüsusilə 300 meqavat gücündə yeni istilik elektrik stansiyasının yaradılması Naxçıvanın ümumi generasiya gücünün əhəmiyyətli dərəcədə artmasına şərait yaradacaq.

"Şərq qapısı"na müsahibəsində mövzunun əhəmiyyətini şərh edən Naxçıvan Dövlət Universitetinin müəllimi Əziz Qasımov bildirir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi enerji strategiyasının mühüm istiqamətlərindən biri də Naxçıvanın "yaşıl enerji zonası"na çevrilməsidir.

Muxtar respublikanın əlverişli coğrafi mövqeyi, günəşli günlərin çoxluğu, eləcə də külək və hidroenerji ehtiyatları muxtar respublikanı ciddi bərpa olunan enerji potensialına malik bölgələrdən birinə çevirir. Bu gün Naxçıvanda həyata keçirilən "yaşıl enerji" layihələri yalnız muxtar respublikanın daxili tələbatının bərpa olunan enerji hesabına təmin edilməsinə deyil, eyni zamanda "yaşıl enerji"nin istehsalına və ixracına hesablanıb. Qarabağ və Şərqi Zəngəzurda bu istiqamətdə həyata keçirilən layihələrin davamı olaraq Naxçıvanda da "yaşıl enerji" potensialından səmərəli istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır.

"Zəngəzur dəhlizinin açılması fonunda isə Naxçıvan Azərbaycan-Türkiyə enerji əməkdaşlığında təbii körpü rolunu oynaya bilər. Beləliklə, Naxçıvan təkcə mühüm nəqliyyat qovşağı deyil, həm də gələcəkdə enerji qovşağı kimi əhəmiyyətli mövqeyə malik olacaq.

Naxçıvanda istehsal olunan "yaşıl enerji"nin Türkiyəyə, oradan isə Avropa bazarlarına çıxarılması imkanları muxtar respublikanın iqtisadi potensialının artırılmasına da ciddi töhfə verə bilər. Bu baxımdan, Naxçıvanın "yaşıl enerji zonası"na çevrilməsi həm enerji təhlükəsizliyi, həm də regionun gələcək iqtisadi inkişafı baxımından strateji əhəmiyyət daşıyır",– deyə Əziz Qasımov əlavə edir.

Göründüyü kimi, Naxçıvanın enerji gələcəyi yalnız daha çox elektrik enerjisi istehsalı ilə məhdudlaşmır. Qarşıdakı illərdə burada formalaşdırılan generasiya gücləri, "yaşıl enerji" layihələri və yeni nəqliyyat bağlantıları muxtar respublikanı enerjinin istehsal olunduğu, ötürüldüyü və regional bazarlara çıxarıldığı mühüm mərkəzlərdən birinə çevirə bilər. Bir sözlə, bu gün Naxçıvanda qurulan enerji infrastrukturu sabahın enerji xəritəsini formalaşdırır. Günəşdən əldə olunan hər kilovat-saat enerji isə muxtar respublikanın daha dayanıqlı, daha təhlükəsiz və daha böyük iqtisadi imkanlara malik gələcəyinə qoyulan sərmayədir.

Nail ƏSGƏROV

Nəşr edilib : 12.08.2026 15:36