Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reys...
13:56 14.06.2026
0
0
0
Babək rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində ənənəvi sahələrlə yanaşı, yeni və daha gəlirli məhsulların yetişdirilməsinə də maraq getdikcə artır. Son illərdə fermerlər və təsərrüfat sahibləri bazar tələbatına uyğun olaraq çiyələk, moruq, böyürtkən, müxtəlif üzüm sortları və digər perspektivli məhsulların becərilməsinə üstünlük verməyə başlayıblar. Dövlət tərəfindən aqrar sahəyə göstərilən dəstək, subsidiyalar, güzəştli kreditlər və maarifləndirmə tədbirləri fermerlərin yeni təsərrüfat istiqamətlərinə marağını daha da artırır. Kənd təsərrüfatı sahəsində həyata keçirilən dəstək mexanizmləri sahibkarların risklərini azaltmaqla yanaşı, onların fəaliyyət imkanlarını da genişləndirir.
Bu gün Babək rayonunda fəaliyyət göstərən bir çox fermer təsərrüfatı artıq ənənəvi əkinçiliklə kifayətlənmir, bazarda daha çox tələbat olan və yüksək gəlir gətirən məhsulların yetişdirilməsinə üstünlük verir. Bu isə rayonun aqrar potensialının daha səmərəli istifadə olunmasına və kənd yerlərində məşğulluğun artmasına öz töhfəsini verir.
Belə təsərrüfatlardan birini də Zeynəddin kənd sakini Vətən Abbasov yaradıb. O, Naxçıvanda ilk dəfə olaraq çiyələklə yanaşı, moruq və böyürtkən təsərrüfatı üçün böyük bir bağ salıb. Artıq iki ildir, fəaliyyət göstərən bu bağda damcı sulama sistemi quraşdırılıb. Böyürtkənin yetişdirilmə xüsusiyyətlərindən danışan sahibkar onun bar verdikdən sonra kollarının kökündən budandığını və növbəti məhsula hazırlandığını vurğulayıb. Təsərrüfat, ümumilikdə, 1 hektardan artıq ərazini əhatə edir ki, bunun 5 min 500 kvadratmetrini çiyələk, 4 min kvadratmetrini böyürtkən, 2 min kvadratmetrini isə moruq təşkil edir. Sahədə, ümumilikdə, 6 min böyürtkən və 4 min moruq tingi əkilib.
Naxçıvanın ilk böyürtkən və moruq təsərrüfatından bu il 4-10 ton arası məhsul götürülməsi gözlənilir.
Rafiq TƏHMƏZ
Digər xəbərlər