NAXÇIVAN :

08 Mart 2026, Bazar

Naxçıvanda sahibkarlığın inkişafı üçün yeni imkanlar – vergi, sosial və gömrük güzəştləri

...

Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan həm müharibə meydanında, həm də sülh masasında tarixi zəfərlər qazanmaqla özünün yeni inkişaf xəritəsini uğurla inşa etməkdədir. Bu inkişaf və tərəqqi xəritəsində işğaldan azad olunmuş Qarabağ torpaqları ilə paralel, Naxçıvan da böyük yerə və rola malikdir. Dövlət başçısının “Naxçıvanla bağlı böyük planlarımız var” ideyasına söykənən genişmiqyaslı konsepsiyanın əsas prioritetləri sırasında reallaşma mərhələsində olan Zəngəzur dəhlizi, Azad İqtisadi Zona və “yaşıl enerji” layihələri yer alır. Bütün bu və digər təşəbbüslərin gerçəkləşməsində əsas məqsəd bir-birinə yaxın olan Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanı birgə mühüm ticarət və turizm mərkəzinə çevirməkdir. Prezident İlham Əliyev bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində də sözügedən məsələyə xüsusi toxunaraq deyib: “Naxçıvanın Baş planı da hazırlanır, həm şəhərin, həm də bütün şəhərlərin. Qarabağda və Şərqi Zəngəzurda gedən quruculuq işlərinə paralel olaraq Naxçıvan Muxtar Respublikasında da istər “yaşıl enerji” olsun, istər kənd təsərrüfatı, istər suvarma, – indi orada böyük suvarma layihələri icra ediləcək, – istər turizm, bu bölgəni biz birləşdirəcəyik”.
Naxçıvanın sosial-iqtisadi inkişafının əsas yol xəritəsini müəyyənləşdirən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da bu bölgənin tərəqqisi naminə mühüm təşəbbüs və layihələrin icrası nəzərdə tutulur. Həmin layihələr, ilk növbədə, muxtar respublika iqtisadiyyatının dirçəldilməsi və burada əlverişli biznes mühitin formalaşdırılmasını hədəfləyir. Proqramın icrasını təmin edən, xüsusilə kiçik və orta sahibkarlığın genişlənməsinə, xidmət sektorunun canlanmasına təkan verəcək mütərəqqi addımlardan biri də ötən il dekabrın 29-da Prezident İlham Əliyevin Milli Məclisin qəbul etdiyi Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında”, “Sosial sığorta haqqında” qanunlara dəyişiklikləri təsdiqləməsi oldu. Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişikliklə Naxçıvan Muxtar Respublikasının rezidentləri 2026-cı ilin yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən və gömrük rüsumlarından azad edildilər. 
Vergi Məcəlləsinə edilən əlavələrə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı bu il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad edilib. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı da 10 il müddətinə ƏDV-dən azad olunub. Dəyişikliyə əsasən bu mallar həmin dövrdə həm də gömrük rüsumlarından azaddır. Göründüyü kimi, Vergi Məcəlləsinə edilən dəyişikliklər paketinin əsas istiqamətləri investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi daxilolmalarının və büdcə gəlirlərinin tənzimlənməsi, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və ələlxüsus da, “kölgə iqtisadiyyatı”na qarşı mübarizədir. Bu baxımdan həmin qərar, ilk növbədə, Prezident İlham Əliyevin “Sahibkarlara çox böyük hərtərəfli dəstək göstərilir. Birincisi, Prezidentin dəstəyi. Mən dəfələrlə demişəm ki, Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır” fikirlərinin praktiki təsdiqidir. 
Qarabağ və Şərqi Zəngəzur kimi, Naxçıvan üçün də müəyyənləşdirilən güzəştlər həm də sosial sığorta sahəsinə aiddir. Belə ki, “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliklər sahibkarların sosial sığorta yükünün optimallaşdırılması, Naxçıvan Muxtar Respublikasında ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılmasını əhatə edir. Sosial güzəşt tədbirləri kimi 2026-2036-cı illərdə Naxçıvan Muxtar Respublikasının rezidenti olan, qeyri-dövlət sektoruna aid edilən və müvafiq iqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq bilavasitə istehsal, o cümlədən emal və hasilat sahəsində (neft-qaz sahəsi istisna olmaqla) fəaliyyət göstərən sığortaedənlər tərəfindən ödənilmiş (işçilərə görə) məcburi dövlət sosial sığorta haqlarının 2026-2029-cu illər üzrə 100 faizinin, 2029-2032-ci illər üzrə 80 faizinin, 2032-2034-cü illər üzrə 60 faizinin, 2034-2036-cı illər üzrə isə 40 faizinin dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması nəzərdə tutulur. Bundan əlavə, Naxçıvanda fəaliyyət göstərən qeyri-dövlət sektoruna aid fərdi sahibkarların özləri üçün ödədikləri məcburi dövlət sosial sığorta haqları 2036-cı il yanvarın 1-dək dövlət büdcəsi hesabına tam subsidiyalaşdırılacaq. Neft-qaz, maliyyə və yükdaşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət sifarişi ilə işləyən podratçılar bu güzəştdən yararlana bilməyəcək. Naxçıvanda istehsal fəaliyyəti ilə məşğul olan podratçılar isə istisna təşkil edir və güzəştdən faydalana biləcəklər.
Bu qərarlar Naxçıvanda sahibkarlığın inkişafı istiqamətində yeni dönəmin başlandığını göstərir. Dövlət Proqramının icrası, eyni zamanda Zəngəzur dəhlizi və AİZ-in reallaşdırılması fonunda tətbiq olunan vergi, sosial və gömrük güzəştləri muxtar respublika iqtisadiyyatına yerli sərmayələrin, investisiyaların cəlbinə şərait yaradacaq ki, bu sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı və paralelində də yeni iş yerlərinin yaradılması, əhali məşğulluğunun artırılması deməkdir. Bütün bu proseslərin reallaşması Naxçıvanda inkişaf coğrafiyasını xeyli genişləndirəcək, həm sənaye, həm kənd təsərrüfatı dirçəldiləcək, ticarət, logistika ilə yanaşı, turizm sektorunda da böyük canlanma yaranacaq. Prezident İlham Əliyev son dövrlərdə keçirdiyi beynəlxalq əhəmiyyətli görüş və verdiyi müsahibələrdə dəfələrlə Naxçıvanın inkişafının prioritet məqsədlərdən olduğuna diqqəti çəkməsi də belə deməyə əsas verir ki, yaxın 10 il muxtar respublikanın həyatında mühüm müsbət dəyişikliklərlə yadda qalacaq. Bu yeniliklər bölgənin həm iqtisadi, həm də sosial mənzərəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqla, ümumilikdə, ölkə iqtisadiyyatının dayanıqlığının artırılmasına və vətəndaşların yaşayış səviyyəsinə əhəmiyyətli töhfələr verəcək.

Nail ƏSGƏROV
 

Nəşr edilib : 01.02.2026 12:30