NAXÇIVAN :

04 Noyabr 2026, Çərşənbə

Naxçıvanda şəhid Raqib Hüseynov adına “Düha Academy”nin ikinci filialı açılıb

...

Naxçıvan şəhərində “Düha Academy” Tədris Mərkəzinin Vətən müharibəsi şəhidi, baş leytenant Raqib Hüseynovun adını daşıyan ikinci filialı fəaliyyətə başlayıb.

Açılış mərasimində şəhid ailələrinin üzvləri, qazilər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, eləcə də digər qonaqlar iştirak ediblər. Tədbirdə əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad olunub, daha sonra çıxışlar dinlənilib.

“Düha Academy”nin rəhbəri İlahə Dadaşova çıxışında bildirib ki, beş il əvvəl şəhid Sahil Məmmədovun adını daşıyan ilk filial fəaliyyətə başlayarkən əsas məqsədlərindən biri akademiyanın filiallarını genişləndirməklə daha çox şəhidin adını yaşatmaq olub. Bu gün ikinci filialın şəhid Raqib Hüseynovun adını daşıması həmin məqsədin növbəti addımıdır. O, açılış mərasimində iştirak edən qonaqlara təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən deputatlar – Üzeyir Məmmədov və Xumar Məmmədova da təşəbbüsün əhəmiyyətindən danışaraq şəhidlərin xatirəsinin yaşadılmasının hər kəsin mənəvi borcu olduğunu vurğulayıblar. Şəhid Raqib Hüseynovun anası Rəna xanım Hüseynova da övladının adının belə bir təhsil ocağında yaşadılmasını həm sevinc, həm də qürur hissi ilə qarşıladığını bildirib. O, şəhid ailələrinə göstərilən mənəvi dəstəyin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, şəhidlərin xatirəsi yalnız anım mərasimlərində deyil, onların adını yaşadan belə xeyirxah təşəbbüslərlə də daim uca tutulmalıdır. Rəna xanım Hüseynova bu akademiyada təhsil alacaq uşaqların vətənpərvər ruhda böyüməsini arzulayıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun baş leytenantı Raqib Hüseynov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 29-da Talış istiqamətində gedən döyüşlərdə şəhid olub.

Səmayə RƏHİMQIZI

Nəşr edilib : 04.11.2026 16:07