NAXÇIVAN :

08 Sentyabr 2026, Çərşənbə axşamı

Naxçıvanda taxılçılıqda yüksəliş: məhsuldarlıq artır, fermerlərin inamı möhkəmlənir

...

Prezident İlham Əliyevin bu il mayın 25-də imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahənin davamlı inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və istehsal-emal zəncirinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət Proqramında kənd təsərrüfatında məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, fermerlərə dövlət dəstəyinin genişləndirilməsi və strateji məhsullar üzrə istehsalın artırılması əsas prioritetlər kimi müəyyənləşdirilib.

Proqramın mühüm istiqamətlərindən biri strateji əhəmiyyət daşıyan taxılçılıq sektorunun inkişafıdır. Sənədə əsasən 2030-cu ilədək ixtisaslaşmış rayonlarda buğda üzrə orta məhsuldarlığın hər hektardan 50 sentnerə çatdırılması, istehsalın, təxminən, 20 faiz artırılması və ölkənin özünütəminetmə səviyyəsinin yüksəldilməsi hədəflənir. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikasında da ardıcıl tədbirlər həyata keçirilir və artıq müsbət nəticələr müşahidə olunur. Muxtar respublikada bu il 13 min 778,1 hektar taxıl sahəsində biçin aparılıb və ötən illə müqayisədə məhsul istehsalında 22 faiz artım qeydə alınıb. Biçilmiş sahələrin 4108,2 hektarını buğda, 9669,9 hektarını isə arpa təşkil edib. Ümumilikdə, 45 min 914,2 ton taxıl istehsal olunub. Bunun 15 min 320,4 tonu buğdanın, 30 min 593,8 tonu isə arpanın payına düşüb. Taxıl üzrə orta məhsuldarlıq hər hektardan 33,3, o cümlədən buğda üzrə 37,3, arpa üzrə isə 31,6 sentner təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə muxtar respublikada 15 min 29,4 hektar sahədən 37 min 648,8 ton taxıl toplanıb və orta məhsuldarlıq hər hektardan 25,1 sentner olub. Beləliklə, bu il taxıl istehsalının həcmi ilə yanaşı, məhsuldarlıq göstəricisində də əhəmiyyətli artım qeydə alınıb.

Babək rayonunda da taxılçılıqda yüksəliş müşahidə olunur. Bu il rayonda orta məhsuldarlıq 34,4 sentner olmaqla, 14 min 747,8 ton məhsul əldə edilib. Rayonun ən böyük təsərrüfatçılarından biri, Nəzərabad kənd sakini Asif Əliyev torpaq islahatı dövründən, etibarən, təxminən, 30 ildir, əkinçiliklə məşğuldur. Onun 30 hektara yaxın şəxsi torpağı var. Təsərrüfatçı 4 hektar sahədə yonca toxumu da yetişdirir.

Asif Əliyev “Şərq qapısı”na müsahibəsində bildirib ki, uzun illərdir, yonca toxumçuluğu ilə məşğul olur və Şahbuz rayonunun müxtəlif kəndlərindən fermerlər onun təsərrüfatından toxum alırlar. Təsərrüfatçı həmin toxumdan Bakı şəhərinə də göndərir. O həmçinin ildə 50-60 ton taxıl istehsal edir və məhsulunu, əsasən, Şahbuz rayonunun sakinlərinə satır. Fermer qiymətlərdə güzəşt etdiyini, hətta taxılı öz avtomobili ilə kənd sakinlərinin evlərinə çatdırdığınıda vurğulayıb.

Təsərrüfatçı qeyd edib ki, bu ilin mayında Prezident İlham Əliyevin taxılçılığın inkişafı ilə bağlı müşavirədəki çıxışından sonra fermerlərdə bu sahəyə maraq və inam daha da artıb. Bu onun öz təsərrüfatında da taxıl əkinlərini genişləndirməsinə təsir edib. Belə ki, ötən illə müqayisədə növbəti əkin mövsümündə taxıl sahəsini 5 hektar artıraraq 20 hektara çatdırıb. Lizinq xidmətlərinin də təsərrüfatçılar üçün mühüm dəstək olduğunu deyən Asif Əliyev texnika xidmətlərinin fermerlər üçün daha əlçatan olmasının əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Nəzərabadda torpağın şumlanması 100-120 manata başa gəldiyi halda, lizinq xidməti ilə bu məbləğ, təxminən, 50 manat təşkil edir.

Fermer yüksək məhsuldarlıq üçün yalnız əkin və şumun kifayət etmədiyini, sahələrə vaxtında və düzgün qulluq göstərilməsinin də vacib olduğunu deyir. Onun fikrincə, toxum seçimi, vaxtında şum və səpini məhsuldarlığa ciddi təsir göstərir. O bildirir: “Şərurda bir fermerin əkdiyi “Alekseiç” sortundan yüksək məhsuldarlıq əldə olunub. Həmin sortdan hər hektardan 100 sentnerə qədər məhsul götürüldüyünü eşitdim. Artıq həmin fermerlə razılaşmışam və dərmanlanmış şəkildə, təxminən, 4 ton toxum gətirib əkməyi planlaşdırıram”.

Asif Əliyev suvarma məsələsinə də toxunaraq qeyd edib ki, onun sahələri su kanalından, təxminən, 2 kilometr məsafədə yerləşir. Suvarma imkanlarının yaxşılaşdırılması məhsuldarlığın artırılmasına mühüm töhfə verə bilər: “Şükür Allaha, Heydər Əliyev su anbarında suyumuz boldur. Bizi susuz qoymayıblar. Ancaq ərazinin böyüklüyü nəzərə alınmaqla suyun həcmi də artırılsa, suvarma prosesindəki çətinliyimiz tamamilə aradan qalxar. Beləliklə, məhsuldarlıq daha da artar”.

Digər bir təsərrüfatçı – Cəhri qəsəbə sakini Adəm Allahverdiyev isə ixtisasca aqronomdur, 22 ildir, təsərrüfat fəaliyyəti ilə məşğul olur. O qeyd edib ki, ötən il 7 hektarda taxıl, 2,5 hektarda qarğıdalı, 4,5 hektarda isə yonca əkib və yüksək məhsuldarlıq əldə edib. Bu il 10 hektara yaxın sahəni şumlayıb. Təsərrüfatçı taxıl əkinlərini 10 hektardan yuxarı artırmağı, həmçinin qarğıdalı sahələrini genişləndirməyi planlaşdırır.

A.Allahverdiyev dövlət tərəfindən verilən subsidiyaların, lizinq yolu ilə texnika təminatının və gübrə dəstəyinin təsərrüfatçılara böyük kömək olduğunu vurğulayıb: “Dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunmuşuq. Əvvəllər azot verilirdi, indi fosfor gübrəsi verilir. Bu da məhsuldarlığın artmasına kömək edir”.

Naxçıvanda əldə olunan nəticələr göstərir ki, dövlət dəstəyi, müasir aqrar yanaşmalar və fermerlərin zəhməti bir araya gəldikdə taxılçılıqda daha yüksək göstəricilərə nail olmaq mümkündür. Dövlət Proqramının icrası çərçivəsində artan məhsuldarlıq və genişlənən əkin sahələri qarşıdakı illərdə müəyyənləşdirilən hədəflərə çatmaq üçün möhkəm zəmin yaradır. Ən əsası isə torpaqla çalışan insanların gələcəyə inamı artır. Bu inam isə Naxçıvanın əkin sahələrində yeni məhsuldarlıq göstəricilərinə çevrilir.

Nail ƏSGƏROV

Nəşr edilib : 08.09.2026 17:10