NAXÇIVAN :

02 Noyabr 2026, Bazar ertəsi

Naxçıvanda Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmatın rapid növü üzrə turnirinin açılış mərasimi keçirilib

...

Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı  ilə Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmatın rapid növü üzrə turnirinin açılış mərasimi keçirilib.
“Şərq qapısı” xəbər verir ki, açılış mərasimində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Hüseyn Qəhrəmanov, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Azad Rəcəbov çıxış edərək bildiriblər ki, Zəfər Gününə həsr olunmuş bu turnir həm Vətən müharibəsində qazanılan tarixi Qələbənin rəmzi, həm də gənclərin intellektual inkişafına dəstək məqsədi daşıyır.
Qeyd olunub ki, turnir istedadlı şagirdlərin üzə çıxarılmasına və onların potensialının inkişafına xidmət edəcəkdir.
Yarışın baş hakimi Ufan Sevdimalıyev iştirakçılara yarışın qaydaları barədə məlumat verdikdən sonra turnirə start verilib.
Qeyd edək ki, turnirdə 93 şahmatçı iştirak edir: onların 72-si reytinqli, 21-i reytinqsiz, 18-i qadın, 75-i kişi iştirakçıdır. Yaş qrupları üzrə 6-16 yaş arasında 67 şahmatçı, həmçinin 5 veteran şahmatçı mübarizə aparır. Yarış “İsveçrə” sistemi üzrə 9 turdan ibarət olacaq və 5 noyabra kimi davam edəcək.

Nəşr edilib : 02.11.2026 21:26