NAXÇIVAN :

13 Avqust 2026, Cümə axşamı

Naxçıvanı təmsil edən komanda “Gənc xilasedici və yanğınsöndürən” XIII ümumrespublika birinciliyində mükafatlandırılıb

...

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman, Elm və Təhsil nazirliklərinin dəstəyi ilə Qəbələ şəhərində təşkil olunan “Gənc xilasedici” XII beynəlxalq yarışının və “Gənc xilasedici və yanğınsöndürən” XIII ümumrespublika birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən "Şərq qapısı"na verilən məlumata görə, Qəbələ Mədəniyyət Mərkəzində baş tutan mərasimdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, digər rəsmilər, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri iştirak ediblər.

Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Özbəkistan, üçüncü yeri Belarus komandası tutub. Ümumrespublika birinciliyində isə İsmayıllı komandası qalib gəlib. Naxçıvan Muxtar Respublikası ikinci, Qusar komandası isə üçüncü yerə layiq görülüb.

Yarışlarda komandalar “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi” mərhələlərində, həmçinin “Mənim ölkəm, mənim komandam” müsabiqəsində güclərini sınayıblar.

Qeyd edək ki, muxtar respublikanı yarışda Vətən müharibəsi iştirakçısı Abbasəli Tarverdiyevin hərbi rəhbəri olduğu Babək rayon Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbin şagirdləri təmsil ediblər.

Nəşr edilib : 06.07.2026 10:59