Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən son dəyişikliklər ölkəmizin dövlət idarəçiliyinin daha səmərəli və müasir prinsiplər əsasında təşkilinə yönəlmiş mühüm addım kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu dəyişiklikləri imzalaması dövlət idarəçiliyinin təkmilləşdirilməsi, hüquqi sistemin daha da gücləndirilməsi və ölkə daxilində vahid konstitusion məkanın möhkəmləndirilməsi istiqamətində ardıcıl həyata keçirilən islahatların məntiqi davamıdır. Bu dəyişikliklərin əsas məqsədi muxtar respublikanın idarəetmə modelinin Azərbaycan Respublikasının konstitusion sistemi ilə daha aydın şəkildə uzlaşdırılması və dövlət hakimiyyəti institutları arasında koordinasiyanın gücləndirilməsidir.
Qəbul edilən dəyişikliklər, ilk növbədə, hüquqi çərçivənin müasir reallıqlara uyğunlaşdırılmasına xidmət edir. Konstitusiyanın preambulasında aparılan yeniliklər Naxçıvan Muxtar Respublikasının hüquqi statusunun Azərbaycanın dövlət müstəqilliyinə əsaslanan konstitusion sənədlərlə bağlılığını daha aydın şəkildə ifadə edir. Eyni zamanda Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə müddəanın vurğulanması dövlət suverenliyinin və konstitusion prinsiplərin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu yanaşma Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü dövlətçilik siyasətinin və ölkənin suverenliyinin möhkəmləndirilməsi strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Dəyişikliklərin ən mühüm istiqamətlərindən biri idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır. Bu çərçivədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi nəzərdə tutulur. Bu institut dövlət siyasətinin daha operativ və koordinasiyalı şəkildə həyata keçirilməsinə xidmət edəcək və mərkəzi hakimiyyətlə muxtar respublika arasında əlaqələrin daha effektiv təşkilinə imkan yaradacaq. Bu qərar Prezident İlham Əliyevin dövlət idarəçiliyində çevik və səmərəli mexanizmlərin formalaşdırılmasına yönəlmiş strateji baxışının növbəti təzahürü kimi qiymətləndirilə bilər.
Eyni zamanda idarəetmə sistemində səlahiyyət bölgüsünün daha aydın müəyyənləşdirilməsi istiqamətində də mühüm addımlar atılır. Konstitusiyada aparılan dəyişikliklər nəticəsində bəzi səlahiyyətlərin yenidən tənzimlənməsi, icra strukturlarının fəaliyyət mexanizmlərinin dəqiqləşdirilməsi və dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin daha sistemli şəkildə qurulması nəzərdə tutulur. Bu dəyişikliklər dövlət idarəçiliyində məsuliyyət və səmərəliliyin artırılmasına xidmət edir.
Qanunvericilik hakimiyyəti ilə bağlı mexanizmlərdə də bir sıra yeniliklər tətbiq edilir. Ali Məclisin fəaliyyəti, seçkilərin keçirilməsi və parlament institutunun hüquqi çərçivəsi daha aydın şəkildə müəyyənləşdirilir. Bu isə idarəetmə prosesində şəffaflığın və hüquqi müəyyənliyin gücləndirilməsinə xidmət edir.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişikliklər dövlət idarəçiliyinin müasirləşdirilməsi və konstitusion sistemin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu dəyişiklikləri təsdiqləməsi dövlət idarəçiliyində ardıcıl və uzaqgörən siyasətin davamı olmaqla yanaşı, ölkəmizin güclənən dövlətçilik modelinin və vahid hüquqi məkanının daha da möhkəmlənməsinə xidmət edən mühüm qərar kimi qiymətləndirilməlidir. Məqsəd dövlət idarəçiliyinin daha çevik, səmərəli və koordinasiyalı şəkildə həyata keçirilməsini təmin etməkdir ki, bu da nəticə etibarilə vətəndaşların rifahına və ölkənin davamlı inkişafına xidmət edir.
Ülviyyə HƏMZƏYEVA
Milli Məclisin deputatı
Digər xəbərlər