Azərbaycan qadını zərafət və sədaqət mücəssəməsi...
00:00 08.03.2026
0
0
1
NAXÇIVAN :
08 Mart 2026, Bazar
Azərbaycan Vətən müharibəsində qazandığı tarixi Zəfərlə regionda yaratdığı reallıqlar fonunda özünün yeni inkişaf xəttini inşa etməkdədir. Bu inkişaf xəttində Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi tərəqqisi də dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflər Naxçıvan üçün də aydın inkişaf konturlarını formalaşdırır. Bu hədəflərin mərkəzində isə bir başlıca prinsip dayanır: vətəndaş məmnunluğu və sosial ədalət. Bu da təsadüfi deyil. Çünki hər bir proqramın, hər bir layihənin real dəyəri, icrasının praktik nəticəsi insanın gündəlik həyatında yaratdığı müsbət dəyişikliklərlə ölçülür. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, dövlət siyasətinin başlıca prioriteti məhz Azərbaycan vətəndaşıdır: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rifah halı, təhlükəsizliyi, yaşayışı dayanır. Hər bir dövlət və hər bir rəhbər məhz bu prinsiplə yaşamalıdır. Xalqa xidmət etmək, xalqın qayğıları ilə yaşamaq, xalqı narahat edən problemləri daim diqqət mərkəzində saxlamaq və onları həll etməsi lazımdır”.
Bu gün Naxçıvanda həyata keçirilən islahatların məqsədi də məhz dövlət başçısının qarşıya qoyduğu vəzifələrin uğurlu icrasına nail olmaqla tam şəkildə vətəndaş məmnunluğu yaratmaq və cəmiyyətdə sosial ədalətin davamlılığını təmin etməkdir. Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” bu baxımdan 11 prioriteti özündə cəmləşdirən vahid konsepsiya ortaya qoyur. Ölkə başçısının “Naxçıvanla bağlı böyük planlarımız var” ideyasını özündə ehtiva edən bu Dövlət Proqramı, eyni zamanda Naxçıvanın gələcək inkişaf trayektoriyasını da müəyyən edir. Proqramın 2026-2027-ci illər üzrə icra mərhələsinin intensivləşdirilməsi qarşıya qoyulan məqsədlərin vaxtında və keyfiyyətlə reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu mərhələ Naxçıvanda həyata keçirilən sosial-iqtisadi islahatların real nəticələrini daha aydın şəkildə görməyə imkan verəcək.
Dövlət Proqramının vaxtında və keyfiyyətlə icra edilməsi, atılan bütün addımların mərkəzində vətəndaş məmnunluğu və sosial ədalət prinsiplərinin dayanması əsas vəzifələrdəndir. Bu xüsusda əsas diqqət əhali məşğulluğunun artırılmasına, sahibkarlığın inkişafına, aqrar sektorun gücləndirilməsinə, turizm potensialının genişləndirilməsinə, ekoloji tarazlığın qorunmasına və yol infrastrukturunun möhkəmləndirilməsinə, eləcə də digər sahələrin inkişafına yönəlib. Sözügedən istiqamətlərin hər biri təkcə iqtisadi göstəricilərin artımına deyil, eyni zamanda sosial rifahın yüksəlməsinə hesablanıb. Xüsusilə məşğulluq və sahibkarlığın inkişafı əhali gəlirlərinin artımı, iş imkanlarının genişlənməsi baxımından mühüm rol oynayır. Vurğulamaq yerinə düşər ki, Dövlət Proqramının icrasını təmin edən, xüsusilə kiçik və orta sahibkarlığın genişlənməsinə, xidmət sektorunun canlanmasına, iş imkanlarının artırılmasına təkan verəcək mütərəqqi addımlardan biri də ötən il dekabrın 29-da Prezident İlham Əliyevin Milli Məclisin qəbul etdiyi Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında”, “Sosial sığorta haqqında” qanunlara dəyişiklikləri təsdiqləməsi oldu. Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişikliklə Naxçıvan Muxtar Respublikasının rezidentləri 2026-cı ilin yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən və gömrük rüsumlarından azad edildilər.
Prezident İlham Əliyevin qəbul etdiyi bu qərarlar Naxçıvanda azad sahibkarlıq mühitinin formalaşdırılması, biznesin inkişafı istiqamətində yeni dönəmin başlandığını göstərir. Dövlət Proqramının icrası, eyni zamanda Zəngəzur dəhlizi və AİZ-in reallaşdırılması fonunda tətbiq olunan vergi, sosial və gömrük güzəştləri muxtar respublika iqtisadiyyatına yerli sərmayələrin, investisiyaların cəlbinə şərait yaradacaq ki, bu sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı və paralelində də yeni iş yerlərinin yaradılması, əhali məşğulluğunun artırılmasına geniş imkanlar açacaq. Bütün bu proseslərin reallaşması Naxçıvanda inkişaf coğrafiyasını xeyli genişləndirəcək, həm sənaye, həm kənd təsərrüfatı dirçəldiləcək, ticarət, logistika ilə yanaşı, turizm sektorunda da böyük canlanma yaranacaq. Atılan mütərəqqi addımlar sayəsində aqrar sahənin gücləndirilməsi ərzaq təhlükəsizliyinə töhfə verməklə yanaşı, kənd yerlərində sosial-iqtisadi canlanmanı təmin edəcək. Turizm potensialının genişləndirilməsi Naxçıvanın zəngin təbiətinin və tarixi-mədəni irsinin iqtisadi dövriyyəyə cəlb olunmasına imkan yaradacaq. Ekoloji tarazlığın qorunması və yol infrastrukturunun möhkəmləndirilməsi isə regionun uzunmüddətli və dayanıqlı inkişafını şərtləndirəcək. Və bütün bu inkişaf prosesləri, heç şübhəsiz, cəmiyyət həyatında müsbət dəyişikliklərə yol açacaq, sosial ədalət və vətəndaş məmnunluğu prinsipləri öz mövqeyini möhkəmləndirəcək.
Təqdirəlayiq haldır ki, bu gün Naxçıvanın inkişaf modeli təkcə rəqəmlərə deyil, insan amilinə, insanların sosial vəziyyətinin yaxşılaşdırılması prinsipinə söykənir. Dövlətin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaşın rifahı dayanırsa, deməli, bu yol dayanıqlı, bu inkişaf isə uzunömürlü olacaq. Əminliklə demək olar ki, Azərbaycanın hazırkı sülh, əməkdaşlıq diplomatiyası fonunda Prezident İlham Əliyevin muxtar respublikanın inkişafı naminə qarşıya qoyduğu vəzifələrin icrası və bölgədəki yeni reallıqlar Naxçıvanın hərtərəfli, dayanıqlı tərəqqisinə yol açmaqla region əhalisinin yüksək həyat şərtlərinə uyğun firavan yaşayışına xidmət edəcək.
Nail ƏSGƏROV
Digər xəbərlər