Agentlik: 121 mindən çox uşağın 1-ci sinfə qəbulu ...
17:20 22.07.2026
0
0
0
NAXÇIVAN :
22 Iyul 2026, Çərşənbə
Xəbər verdiyimiz kimi, 27 iyun-2 iyul tarixlərdə Tunisdə keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında Azərbaycanı təmsil edən komandanın üzvü, Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin XI sinif məzunu Oruc Cabbarlı həvəsləndirici mükafata layiq görülüb. Bununla da o, Naxçıvan Muxtar Respublikası məktəbliləri arasında beynəlxalq olimpiadalarda ilk uğura imza atıb.
Gənc olimpiadaçı ilə həmsöhbət olaraq qazandığı nailiyyəti və gələcək hədəfləri barədə danışdıq.
Oruc Cabbarlı bildirdi ki, informasiya texnologiyalarına marağı hələ uşaqlıq illərindən formalaşıb. Əvvəlcə kompüterə olan həvəsi onu bu sahəyə yönəldib, sonradan isə kibertəhlükəsizlik və proqramlaşdırma dünyasının geniş imkanları marağını daha da artırıb. Məhz bu maraq onu daim yeni biliklər öyrənməyə, öz üzərində çalışmağa sövq edib.
Onun sözlərinə görə, uğur qazanmasında ailəsinin dəstəyi mühüm rol oynayıb. Hər zaman mənəvi dəstək görməsi qarşısına qoyduğu məqsədlərə daha inamla addımlamasına kömək edib.
Gənc olimpiadaçı qeyd etdi ki, Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasına seçim prosesi kifayət qədər məsuliyyətli olub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə keçirilən iki mərhələli seçimdə uğur qazandıqdan sonra Azərbaycan komandasının tərkibinə daxil olub. Hazırlıq dövründə, əsasən, fərdi şəkildə çalışaraq bilik və bacarıqlarını daha da təkmilləşdirib.
Müsahibim hesab edir ki, beynəlxalq yarışların əsas üstünlüyü yalnız medal qazanmaq deyil. Müxtəlif ölkələrdən olan istedadlı gənclərlə tanış olmaq, fərqli yanaşmalarla tanışlıq və peşəkar mühitdə təcrübə toplamaq onun üçün ən dəyərli qazanc olub. Bu baxımdan, Tunisdə keçirilən olimpiada həm biliklərini sınamaq, həm də yeni təcrübələr əldə etmək baxımından yaddaqalan mərhələyə çevrilib.
Yarışın nəticəsini dəyərləndirən müsahibimiz bildirir ki, həvəsləndirici mükafat sevindirici olsa da, bürünc medalı cəmi bir pillə fərqlə əldən verməsi onda daha böyük hədəflər üçün motivasiya yaradıb. Bu nailiyyətin Naxçıvan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayan Oruc Cabbarlı hesab edir ki, beynəlxalq olimpiadalarda qazanılan ilk uğur bölgədə təhsil alan digər məktəblilər üçün də stimul olacaq və onların bu cür yarışlara marağını artıracaq.
Gənc olimpiadaçının uğur yolu isə təkcə bu yarışla məhdudlaşmır. O, ilk nailiyyətini hələ 6-cı sinifdə Respublika Fənn Müsabiqəsində informatika fənni üzrə gümüş medal qazanmaqla əldə edib. Sonrakı ildə biologiya üzrə bürünc medal qazanıb, müxtəlif beynəlxalq riyaziyyat olimpiadalarında – AMO və SASMO-da mükafatçılar sırasında yer alıb. 9-cu sinifdə Respublika Fənn Olimpiadasının informatika fənni üzrə final mərhələsində iştirak edib. Həmin il attestat imtahanında 270 bal toplayaraq fərqlənmə attestatına layiq görülüb. 10-cu sinifdə isə Respublika Fənn Olimpiadasının informatika fənni üzrə Naxçıvan Muxtar Respublikasında ilk dəfə III yerə layiq görülüb. 11-ci sinfin buraxılış imtahanında isə 243 bal toplayıb.
Bundan başqa, RFO 2026, IDDA Cup və PASHA Bank Cup VII yarışlarının finalçısı olub. “Zəkaların mübarizəsi” olimpiadasında komandası ilə uğurlu nəticələr əldə edib, STEAM və robototexnika yarışlarında da fəal iştirak edərək müxtəlif nailiyyətlər qazanıb.
Oruc Cabbarlı deyir ki, hazırlıq prosesində ən böyük çətinlik uzun saatlar kompüter qarşısında işləmək olsa da, seçdiyi sahəyə olan marağı bu yorğunluğu arxa plana keçirirdi. Gündə orta hesabla 4-5 saat hazırlıq keçməsi isə qazandığı nəticələrin təsadüfi olmadığını göstərir.
Hazırda kibertəhlükəsizlik və süni intellekt istiqamətində biliklərini daha da artıran gənc gələcəkdə də məhz bu sahədə təhsil almağı, beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etməyi qarşısına məqsəd qoyub.
Sonda isə yaşıdlarına müraciət edən Oruc Cabbarlı bildirib ki, uğurun əsas sirri davamlı öyrənmək, marağı qorumaq və əldə olunan bilikləri praktikada tətbiq etməkdir. Onun fikrincə, müasir dövrdə internet və süni intellekt öyrənmək üçün böyük imkanlar yaradır. Lakin bu imkanlardan düzgün istifadə etmək, hazır cavab axtarmaq əvəzinə, bilik qazanmağa çalışmaq daha vacibdir.
Zəhra VƏLİYEVA
Digər xəbərlər