Ulu Öndər Heydər Əliyev milli təhsilimizin inkişaf...
22:43 09.05.2025
0
0
1
NAXÇIVAN :
09 May 2025, Cümə
İkinci Dünya müharibəsində faşist Almaniyası üzərində tarixi qələbədən 80 il keçir. Müharibə başlanan gündən muxtar respublikamızın övladları düşmən üzərində qələbə naminə müxtəlif cəbhələrdə vuruşmuş, arxada misilsiz əmək şücaəti nümunələri göstərmişlər. Bəşəriyyət tarixində çox ağır və dağıdıcı olan bu müharibədə Naxçıvanın igid oğul və qızları misli görünməmiş rəşadət göstərmiş və xalqların faşizm taunundan xilas edilməsində həlledici rol oynamışlar.
XX əsrin ən dəhşətli faciələrindən olan 1941-1945-ci illər müharibəsi günlərində naxçıvanlı döyüşçülər torpağımızın hər qarışını öz sinələri ilə qorumuşlar. Bu illərdə Naxçıvanın igid, mərd oğul və qızları Neva və Volqa sahillərindəki döyüşlərdə, Stalinqradın, Leninqradın, Moskvanın alınmasında iştirak etmiş, zəngin Ukrayna torpaqlarında, Smolensk meşələrində quduz faşistlərlə mübarizə aparmışlar.
Müharibənin ilk günlərindən muxtar respublikanın ayrı-ayrı yerlərində keçirilən saysız-hesabsız mitinq və yığıncaqlar xalqın tam birliyini nümayiş etdirdi. O çətin günlərdə fəhlələr, qulluqçular, kolxozçular və ziyalılar dəstə-dəstə hərbi komissarlığa gəlir, döyüşən ordu sıralarına göndərilmələrini xahiş edirdilər. 1941-ci il 22 iyula olan məlumata görə, Naxçıvan Muxtar Respublikasından 6492 nəfər orduya yollanmışdı. Arxiv sənədlərindən aydın olur ki, o zaman Naxçıvanda yaşayan əhalinin hər 4 nəfərindən biri – yəni 126 min nəfərin 30 min nəfərdən artığı müharibəyə yollanıb. Gedənlərin tən yarısından çoxu – 15,7 min nəfəri isə geri qayıtmayıb. Naxçıvandan 3 döyüşçü – Nəcəfqulu Rəfiyev (mayor), Abbas Quliyev və Qəzənfər Əkbərov (kapitan) Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, Akim Abbasov isə müharibədən general rütbəsi ilə Vətənə dönmüşdür. Ümumiyyətlə, 8 nəfər “Lenin” ordeni ilə, Rəhim Rəhimov “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 102 nəfər “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri ilə, 105 nəfər birinci və ikinci dərəcəli “Böyük Vətən müharibəsi”, 315 nəfər “Qırmızı Ulduz”, 42 nəfər “Qırmızı bayraq” ordenləri ilə təltif olunmuşlar.
Cəbhələrdə qəhrəmanlıqla vuruşaraq tarixi qələbəmizə öz töhfələrini vermiş naxçıvanlı döyüşçülərdən – Məhərrəm Məmmədyarov, kamillik dünyamızın sükançıları olan naxçıvanlı müəllimlər – Ordubaddan Əliağa Seyidov, şahbuzlu Seyfulla Rüstəmov, Şərur rayonundan Hüseyn Süleymanov və yüzlərlə başqaları da var idi. Vətən qarşısında öz müqəddəs borclarını şərəflə yetirdiyinə görə M. Məmmədyarov birinci dərəcəli Böyük Vətən müharibəsi ordeni və 11 medalla, S.Rüstəmov iki orden, 6 medalla, H.Süleymanov beş orden və medallarla təltif olunmuşlar. Mozdok uğrunda gedən döyüşlərdə ağır yaralanan Əliağa müəllim əlilliyə görə ordudan azad edilmiş və 1943-cü ildə Ordubada gəlmişdir.
Naxçıvanlı Baloğlan Rüstəmov kəşfiyyatçılar bölüyünə rəhbərlik edərək bir neçə dəfə mühüm tapşırıqları yerinə yetirmiş, “Şöhrət” ordeninin 2 dərəcəsinə layiq görülmüşdür. B.Rüstəmov bir müddət Azərbaycan Veteranlar Şurasına rəhbərlik etmişdir.
İkinci Dünya müharibəsi cəbhələrində mərdliklə vuruşan naxçıvanlı oğul və qızlardan bir çoxu Qafqazdan Berlinə qədər şanlı döyüş yolu keçmiş, vətən uğrunda canını belə əsirgəməmişdir. Buhenvald qəhrəmanı, mərd döyüşçü Əkbər Ağayev, partizan hərəkatının fəal iştirakçısı Cəlil Rəfiyev, general-mayor Akim Abbasov, Neymət Kərimov, Əjdər Hacıyev, Adil Cəfərov, Qurban Qurbanov, Cabbar Cəfərov, Bağır Bağırov, Yusif Qasımov, Sadiq İsmayılov, Əli Babayev, Məmməd Tahirov, Bəxtiyar və Allahverdi Kərimovlar və minlərlə digər naxçıvanlı ölkəmizdən çox-çox uzaqlarda düşmənə qarşı ölüm-dirim mübarizəsi aparmışdır. Həmyerlilərimizin bir qrupu İtaliyadakı partizan dəstələrində fəal iştirak etmiş və Şimali İtaliyanın azad edilməsində fəal rol oynamışlar.
1942-ci ilin dekabrında 402-ci Azərbaycan diviziyasında Akim Abbasovun komandanlıq etdiyi 833-cü atıcı alay bir gündə düşmənin 100-ə qədər tankının 13 həmləsini qəhrəmancasına dəf etmiş, 36 tankı, 2 zirehli maşını və çoxlu faşisti məhv edərək hücumun qarşısını almışdı. Göstərdiyi igidliyə görə alayın 72 döyüşçüsü orden və medallarla, mayor A.Abbasov “Qırmızı Bayraq” ordeni ilə təltif olunmuş, ona podpolkovnik rütbəsi verilmişdi.
1941-1945-ci illər müharibəsinin qanlı döyüşlərində misilsiz igidliklər göstərən naxçıvanlı döyüşçülərdən qvardiya polkovnikləri İsa Məmmədovun, Mehdi Mahmudovun və minlərcə başqalarının adını da qürurla çəkə bilərik. Fəxrimiz olan bu igid qəhrəmanlar 1942-ci ilin sonlarından qələbə gününə kimi 416-cı Azərbaycan milli diviziyasında hitlerçilərin 23 min əsgər və zabitinin məhv edilməsində, 5500 nəfərin əsir alınmasında öz şücaətləri ilə fərqlənmiş və Berlində Brandenburq darvazası üzərinə qələbə bayrağı sancmışlar.
Azərbaycanlılardan ibarət 77-ci diviziyanın tərkibində döyüşərək misilsiz hünərlər göstərən Kamil İbrahimov, Cəfər Qasımov, Qara Fərzəliyev, Cəfər Cəfərov kimi həmyerlilərimiz də döyüş bölgələrindən Naxçıvana yüksək mükafatlar və döyüş ordenləri ilə qayıtmışlar.
Müharibənin ilk günlərindən cəbhəyə yola düşən 100-ə qədər naxçıvanlı qadın öz vətənpərvərlik borclarına sadiq qalaraq hitlerçi işğalçılara qarşı qəhrəmancasına vuruşmuşlar. Kiçik tibb leytenantı Dilbər Təhməzbəyova, Surə Allahverdiyeva, tibb bacısı Səkinə Quliyeva, “Qırmızı ulduz” ordenli Asya Hüseynova, Səkinə Səfiyeva, Xeyrənsə Abdullayeva və b. döyüşlərdə fərqlənmiş, orden və medallarla təltif edilmişdilər. Bu qanlı-qadalı illərdə Naxçıvan qadınları arxa cəbhədə özlərinin bacarığı və vətənpərvərliyi ilə tanınmış, Noraşen rayonunda (indiki Şərur rayonu) Münəvvər Rzayeva, Naxçıvan rayonunda N.Əliyeva qabaqcıl kənd təsərrüfatı işçiləri kimi hər il plan və tapşırıqları artıqlaması ilə yerinə yetirməyə nail olmuşlar.
Naxçıvan zəhmətkeşləri alman-faşist işğalçılarını darmadağın etmək üçün müdafiə fonduna 180 mln. 89 min manat nağd pul, 12 kq qızıl, gümüş, yarım mln. ton taxıl, 160 min dəstdən artıq isti paltar, 10 mindən artıq bağlama göndərmişlər. 1943-cü ildə Şərur rayonunun zəhmətkeşləri və kolxozçu qadınlarının Qızıl Ordu tərəfindən alman işğalçılarının zülmündən azad edilmiş ölkələrin əhalisinə böyük həcmdə yardım göstərmələri xüsusi qeyd edilməlidir. Müharibə illərində Naxçıvan zəhmətkeşləri alman-faşist işğalıçlarından azad edilmiş Stalinqrad vilayətinin əməkçilərinə böyük miqdarda pul, buğda, meyvə qurusu, çoxlu paltar və müxtəlif ev əşyaları ilə yardım etmişlər. 1943-cü ildə Naxçıvan MSSR-dən Stavropol kolxozçularına 483 min manat pul, 8,343 pud buğda, 429 pud düyü, 901 pud meyvə qurusu, 899 ədəd dəri və xeyli bağlama göndərilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Tarix Muzeyinin fondundakı 30 dekabr 1942-ci il tarixli sənəddən məlum olur ki, artıq tank dəstəsi fonduna 5 mln. 400.000 manat vəsait toplanmışdır ki, bunun da 4 mln. 776.000 manat dövlət bankındakı cari hesaba verilmişdir.
Noraşen (Şərur) rayonu üzrə 2.238.425 manat, Əbrəqunus rayonu üzrə 252.250 manat və Culfa rayonu üzrə 122.000 manat dövlət bankına daxil olmuşdur. Naxçıvan MSSR-nin kolxozçu kəndliləri öz şəxsi taxıl ehtiyatlarından Qızıl Ordu üçün fonda dekabrın 30-dək 8,463 pud taxıl vermişdilər.
Naxçıvan rayonunun Şəkərabad kolxozçuları, qaracuğlular, Ordubad sakinləri də ümumxalq yardımında fəal iştirak edirdilər. Ordubad rayonunun zəhmətkeşləri Qızıl Ordunun döyüşçülərinə 850 bağlama göndərmişlər. Parağa kəndindən 50, Bist kəndindən 45, Aza kəndindən 32, Biləv kəndindən isə 40 bağlama cəbhəyə yola salınmışdı.
Müharibə illərində geniş vüsət alan cəbhəyə ümumxalq yardımında naxçıvanlı zənmətkeşlər də yüksək fəallıq göstərirdilər. Xüsusilə Qafqaz uğrunda gedən şiddətli döyüşlər zamanı komsomolçuların və pionerlərin təşəbbüsü ilə “Azərbaycan kolxozçu gəncləri” və “Azərbaycan pioneri” tank dəstələri yaradılmışdı. Tank dəstələrinin yaradılması üçün Naxçıvan komsomolçuları və pionerləri 553 min manat pul vermişdilər.
O vaxt hamı qələbə ruhu ilə yaşayır və işləyirdi. Vətənə məhəbbət, torpağa bağlılıq hissi bir an belə arxa cəbhə qəhrəmanlarını tərk etmirdi. Əgər arxa cəbhəmiz möhkəm olmasa idi, ön cəbhədə qələbəni çox çətinliklə əldə etmək mümkün olardı.
Muxtar respublikamızda 1941-1945-ci illərdə misilsiz hünərlər göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu Naxçıvanda yetişən bugünkü gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsində öz əhəmiyyətini hələ də saxlamaqdadır. Hər il 9 May – Qələbə Günü muxtar respublikada təntənəli şəkildə qeyd olunur, müharibə veteranları ilə görüşlər keçirilir, bu kateqoriyadan olan insanlar mükafatlandırılır.
Ön cəbhə ilə yanaşı, arxa cəbhədə misilsiz fədakarlıq göstərən qəhrəman oğul və qızlarımızın əməyinə yüksək qiymət verən Ümummilli Liderimiz Heydər Əliyev demişdir: “...Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”.
Müharibə və sülh sözləri bir-birinə zidd sözlərdir. Biri nifrət doğurur, ölümlə nəticələnir, digəri sevinclə, fərəhlə səslənir... 1941-1945-ci illər – faşist cəlladları ilə ölüm-dirim müharibəsi heç kəsin yadından çıxmamışdır. Bu müharibədə şərəfli döyüş yolu keçmiş və tarixi qəhrəmanlıqlar göstərmiş oğul və qızlarımızın həyat yolu bugünkü və gələcək nəsil üçün nümunədir. Nəsillər həmin illəri heç vaxt unutmayacaqdır. Tarixi qələbənin 80 illiyini təntənə ilə qeyd edən xalqımızın bütün veteran və döyüşçülərini qələbə bayramı münasibətilə təbrik edir, onlara uzun ömür, cansağlığı arzulayırıq.
Yaşar RƏHİMOV
tarix üzrə fəlsəfə doktoru
Digər xəbərlər