NAXÇIVAN :

17 Sentyabr 2026, Cümə axşamı

NDU-da Naxçıvanın milyon illik təbiət tarixini yaşadan muzey yaradılıb

...

Naxçıvan Dövlət Universitetində Paleontoloji Tədqiqat Qrupu tərəfindən aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq yaradılan Paleobotanika muzeyinin təqdimatı keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Paleontoloji Tədqiqat Qrupunun fəaliyyətini yüksək qiymətləndirərək paleontologiyanın Naxçıvanda yeni elmi-tədqiqat istiqaməti kimi əhəmiyyətindən danışıb. Naxçıvanın zəngin geoloji xüsusiyyətlərinin regionun qədim təbiətinin araşdırılması üçün geniş imkanlar yaratdığını bildirən rektor bu sahədə tədqiqatların davam etdirilməsinin vacibliyini vurğulayıb.
Bildirilib ki, tədqiqatların nəticələri əsasında paleobotanikaya dair kitab hazırlanıb, nüfuzlu jurnallarda bir sıra elmi məqalələr çap olunub. Paleobotanikanın Naxçıvan Dövlət Universitetində bakalavriat və magistratura səviyyələrində seçmə fənn kimi tədrisinə başlanılıb, bu isə tələbələrin yeni elmi istiqamət üzrə bilik və tədqiqat bacarıqlarının formalaşdırılmasına imkan yaradır.
Paleontoloji Tədqiqat Qrupunun üzvləri – biologiya üzrə fəlsəfə doktoru, baş müəllim, Mürsəl Seyidov, baş müəllim Əli Qurbanov və Biologiya kafedrasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Bəhruz Bayramov bu istiqamətdə tədqiqatların davamlı şəkildə aparılmasının nəzərdə tutulduğunu bildiriblər. Qeyd olunub ki, Naxçıvanın müxtəlif ərazilərinə, xüsusilə Havuş kəndinə dəfələrlə təşkil olunan ekspedisiyalar zamanı 440 milyon il əvvələ aid fosil qalıqları aşkar edilib. Əldə olunan nümunələr əsasında paleontoloji albomun hazırlanması planlaşdırılır.
Yeni yaradılan Paleobotanika muzeyinin universitetdə bu sahə üzrə elmi-tədqiqat və tədris fəaliyyətinin inkişafına, unikal fosil nümunələrinin qorunub nümayiş etdirilməsinə və tələbələrin elmi araşdırmalara cəlb olunmasına töhfə verəcəyi vurğulanıb.

Nəşr edilib : 17.09.2026 20:23