Sadır Japarov: Müttəfiqlik münasibətləri haqqında ...
11:11 31.07.2026
0
0
0
NAXÇIVAN :
31 Iyul 2026, Cümə
Azərbaycan tarixin ən şanlı səhifələrin yazıldığı 44 gündə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları və Çevik Hərəkət Qüvvələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa istiqamətlərində gedən döyüşlərdə şücaət göstərdilər. Füzuli, Hadrut və Xudafərin körpüsü istiqamətində qarşıya qoyulmuş döyüş tapşırıqları uğurla yerinə yetirildi. Döyüş əməliyyatları zamanı şəxsi igidlik nümunəsi göstərmiş 12 sərhədçi (4 nəfəri ölümündən sonra) “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülüb, 176 nəfər müxtəlif ordenlərlə, 5203 nəfər isə müxtəlif medallarla təltif olunub. Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb. Belə qəhrəmanlardan biri də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kapitanı Elməddin Meydanovdur. Şərur rayonunun Vərməziyar kəndində dünyaya göz açan Elməddin Meydanov həyat yolunu Vətənə xidmət amalına həsr etmişdi. 2011-ci ildən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında xidmətə başlayan gənc zabit qısa müddətdə öz peşəkarlığı, məsuliyyəti, cəsarəti və yüksək insani keyfiyyətləri ilə seçildi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində o, Füzuli və Zəngilan istiqamətlərində gedən ağır döyüşlərdə əsgərləri ilə çiyin-çiyinə mübarizə apardı. Bir sıra yaşayış məntəqələrinin və strateji yüksəkliklərin azad edilməsində, düşmənin canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində misilsiz şücaət göstərdi. Xüsusilə strateji əhəmiyyət daşıyan Ağbənd qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq onun adını Vətən tarixinin şərəfli səhifələrinə yazdı. Son nəfəsinə qədər döyüş mövqeyini tərk etməyən kapitan Elməddin Meydanov 27 oktyabr 2020-ci ildə Zəngilan rayonunun Vejnəli kəndi istiqamətində qəhrəmancasına şəhid oldu.
Onun şəhadətə yüksəldiyi zirvə bu gün “Meydanov zirvəsi” adlanır.
Həyat yoldaşı Səma xanımla həmsöhbət olduğumuzda o bildirdi ki, övladları Əli və Yusif atalarının xatirəsini yaşadır. Çətin və məsuliyyətli hərbi xidmətinə baxmayaraq, övladları üçün ayırdığı hər anı dəyərli edirdi. Müharibə günlərində isə ailəsini narahat etməməyə çalışırdı. Həyat yoldaşına zəng edərək tez-tez deyirdi: “Fikir eləmə, qalib olmağa gedirik”.
27 oktyabrda günorta saatlarında Səma xanım həyat yoldaşının səsini son dəfə eşitdi. Həmin gündən etibarən Səma xanım onun xatirəsini övladlarının gülüşündə, səsində və hər addımında yaşatmağa başladı. İllər sonra Zəngilana gedərək Elməddinin son döyüşdüyü torpaqları ziyarət etdi. O torpaqlarda yenidən həyatın canlandığını, kəndlərin, yolların, körpülərin bərpa olunduğunu gördükcə bir həqiqəti daha dərindən hiss etdi: bu dirçəliş şəhidlərimizin qanı bahasına mümkün olub. Elməddin kimi qəhrəmanların adı yaşadıqca həmin torpaqlar da əbədi yaşayacaq.
Bu gün onun yadigarı olan oğlu Əli atasını böyük qürurla xatırlayır.:
“Atam şəhid olanda mənim cəmi 8 yaşım vardı. İndi 14 yaşım var. Atam işdən nə qədər yorğun gəlsə də, bunu bizə hiss etdirməzdi. Evə gələndə ilk işi bizi qucaqlamaq olardı. Mənim üçün atam şəhid olduğu gün yox, hər zaman qəhrəman idi”.
Kapitan Elməddin Meydanovun Vətən qarşısındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O xidməti dövründə yubiley medalları, Vətən müharibəsində göstərdiyi şücaətə görə – “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli” medalı, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Zəngilan uğrunda” medalları ilə təltif edilib.
Elməddin Meydanovu və Vətən uğrunda canından keçən bütün sərhədçi şəhidlərimizi dərin hörmət və sonsuz minnətdarlıqla yad edirik. Onlar torpağa əmanət olsalar da, adları xalqın qəlbində əbədi yaşayır. Çünki Vətən onu qoruyan igidləri ilə ucalır.
Günay HACIYEVA
Digər xəbərlər