Azərbaycan qadını zərafət və sədaqət mücəssəməsi...
00:00 08.03.2026
0
0
1
NAXÇIVAN :
08 Mart 2026, Bazar
Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasətin uğur formullarından biri də özəl sektorun inkişafına, sahibkarlıq mühitinin formalaşdırılmasına geniş imkanların yaradılması prinsipinin əsas tutulmasıdır. Təbii ki, milli iqtisadiyyatımız yüksəlişə asanlıqla nail olmayıb, uzun, keşməkeşli dövrlərdən keçərək bugünkü səviyyəyə çatıb. Bu xüsusda xatırlatmaq yerinə düşər ki, ötən əsrin 90-cı illərinin əvvəllərində, yəni müstəqillik yoluna yenicə qədəm qoyan zaman ölkəmiz iqtisadi böhran məngənəsində sıxılırdı. Əhalinin yaşayış səviyyəsi olduqca aşağı düşmüş, iqtisadi fəallıq, əgər buna fəallıq demək mümkündürsə, məlum səbəblərdən zəifləmiş, iş yerləri bağlanmış, təsərrüfatçılıq ənənələri məhvə düçar edilmişdi. Belə acınacaqlı vəziyyətdən xilas olmaq üçün çıxış yollarından biri də ölkədə özəl sektorun, mikro, kiçik sahibkarlığın təşəkkül tapmasına imkanlar yaradılması idi ki, məhz Ümummilli Liderimiz Heydər Əliyevin həyata keçirdiyi praqmatik siyasət, fundamental konsepsiya sayəsində qısa zamanda buna nail olundu.
Ulu Öndərin layiqli siyasi varisi Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı 2003-cü ildən bəri isə sahibkarlığın inkişafı yeni məzmun, dəyər qazanmaqla özünün yüksəliş dövrünə qədəm qoydu. Özəl sektorun inkişafı üçün dövlət dəstəyi daha da artırıldı, yeni fəaliyyətə başlayan sahibkarlara güzəştli şərtlərlə kreditlər verilməklə onların ilkin sərmayə əldə etməsinə imkanlar yaradıldı.
Prezident İlham Əliyevin 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə yaradılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi özəl sektorun inkişafında və bu sahəyə yeni yanaşmanın təşviqində mühüm rol oynayır. Məqsəd investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və səmərəli əlaqələndirmənin tətbiqi, kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması, maliyyə resurslarına KOB subyektlərinin çıxış imkanlarının genişləndirilməsi və institusional dəstək mexanizmlərinin formalaşdırılması, sahibkarlığın hüquqi təminatının gücləndirilməsidir. BMT-nin statistik məlumatına əsasən dünya üzrə məşğulluğun 70 faizini təşkil edən KOB-ların ölkəmizdə fəaliyyəti iqtisadi inkişafa, sosial rifahın yaxşılaşdırılması prosesinə təkan baxımından uğurlu addım kimi dəyərləndirilir. KOB inkişaf mərkəzləri yerlərdə biznesə başlamaq istəyən şəxslərə hüquq, maliyyə imkanları qazanmaqda, xarici bazarlara çıxışda, bir sözlə, hərtərəfli dəstəyin göstərilməsində, sahibkarların qanuni maraqlarının müdafiəsində vahid mərkəz funksiyası daşıyır. Bu dəstəyə biznes sahəsində bilik və bacarıqların artırılması istiqamətində ödənişsiz biznes təlimlər, informasiya və məsləhət xidməti, biznes planın hazırlanması, KOB-ların beynəlxalq ixtisasartırma proqramında iştirakı və digər məsələlər də aiddir.
Özəl sektorun, xüsusilə də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dayanıqlığının və inkişafının təmin edilməsi üçün onların güzəştli maliyyə resurslarına çıxışı da mühüm əhəmiyyətli məsələdir. Dövlətin bu sahədə tətbiq etdiyi dəstək mexanizmləri belə sahibkarlar üçün əlverişli maliyyələşmə imkanları yaradır və onların biznes fəaliyyətlərini genişləndirməsinə təkan verir. Təqdirəlayiq haldır ki, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 2024-cü ildə maliyyələşdirilən layihələrin 99,8 faizi, ayrılan güzəştli kredit məbləğinin isə 93,4 faizi məhz mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb. 2025-ci ilin on ayı ərzində isə güzəştli kreditlərdən yararlanmış layihələrin 99,7 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aiddir. 2024-cü il və 2025-ci ilin həmin dövründə güzəştli vəsaitlərin əhəmiyyətli hissəsi regionların inkişafına xidmət edən layihələrə yönəldilib ki, bu da regionlarda sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi dinamikanın artmasına töhfə verir.
Son illərdə Azərbaycanda yaradılan əlverişli investisiya mühiti, bu istiqamətdə aparılan ardıcıl islahatlar qeyri-neft sektoruna yatırılan xarici və daxili sərmayələrin də artmasına səbəb olub ki, bu da təbii olaraq özəl sahədə sağlam rəqabətli mühitin formalaşmasına xidmət edib. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra bu istiqamətdə fəaliyyət yeni müstəviyə uğurlu keçid edib, sahibkarlığın inkişafında güclü perspektivlər açılıb. Bu mənada, Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatda özəl sektorun rolunun artırılması məqsədilə mühüm yol xəritəsi müəyyənləşdirir. Sənəddə kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühitin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalı olduğu vurğulanır, yeni və şəffaf özəlləşmə strategiyasının həyata keçirilməsinin vacibliyi ön plana çəkilir. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələri, yeni sənaye parklarının yaradılmasını, tranzit və infrastrukturun inkişaf etdirilməsi istiqamətində atılan addımları milli prioritetlərin icrasına xidmət etməklə qeyri-dövlət sektorunun inkişafı yolunda qarşıya qoyulan hədəflərə çatmaqda mühüm nailliyyət kimi dəyərləndirmək olar.
Azərbaycanda kiçik və orta biznesin inkişafı üçün mühüm istiqamətlər müəyyənləşdirən qanunlardan biri də, heç şübhəsiz, Prezident İlham Əliyevin 2022-ci il dekabrın 2-də təsdiqlədiyi “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanundur. Qanun mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, belə sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir. Məqsəd isə mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, onlar arasında rəqabətqabiliyyətliliyin artırılması, investisiya və innovasiya fəallığının stimullaşdırılması, eləcə də ümumi daxili məhsulun həcmində və qeyri-neft ixracında paylarının artırılmasıdır. Son bir neçə ildə aparılan iqtisadi islahatların, qəbul edilən qərarların, qanunların icrasının nəticəsidir ki, 2024-cü ildə Azərbaycanda qeyri-dövlət sektoru ümumi daxili məhsulda (ÜDM) 81,4 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda 76,1 faiz, sənaye istehsalında 81,4 faiz, o cümlədən qeyri-neft-qaz sənayesi istehsalında 71,8 faiz, xidmət sektorunda 71,9 faiz, kənd təsərrüfatı sektorunda isə 99,8 faiz paya malik olub. 1 yanvar 2019-cu il ilə müqayisədə 1 noyabr 2025-ci il tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 845 mini ötüb. Bu rəqəmlər bir daha göstərir ki, sahibkarlıq dövlətin iqtisadi şaxələndirmə, dayanıqlı iqtisadiyyat hədəflərinin əsasında dayanır. İş adamları xüsusilə Vətən müharibəsindən sonra suverenliyimizin və müstəqilliyimizin iqtisadi əsaslarının möhkəmlənməsinə öz töhfələrini verməkdə davam edirlər.
Prezident İlham Əliyevin şəxsən özəl müəssisələrin açılışında iştirakı da, sözsüz ki, özəl sektorun inkişafına, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət edir. Ötən ilin noyabrında Bakının Qaradağ rayonunda “Matanat-A” şirkətinin “AZWOOL” mineral daş yunu zavodunun açılışı da dövlət başçısının sahibkarlığa, özəl sektorun inkişafına göstərdiyi diqqətin bariz ifadəsinə çevrildi. Zavodun investisiya dəyəri 43 milyon manatdır. Layihənin reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb ki, bu da dövlət dəstəyinin əyani göstəricisidir. Bununla yanaşı, müəssisə investisiya təşviqi sənədi ilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı, təxminən, 4 milyon manat güzəşt əldə edib. Zavodda 180 iş yeri yaradılıb. Zavodun açılışı yerli istehsalın təşviqi, daxili bazarın tələbatının ödənilməsi və xarici bazarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Müəssisə ölkəmizin mineral daş yununa tələbatını ödəməklə yanaşı, idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin burada istehsal olunan məhsullar Gürcüstana, MDB və Yaxın Şərq ölkələrinə ixrac ediləcək. Beləliklə, dövlət dəstəyi hesabına yaradılan müəssisədən həm dövlət, həm sahibkar, həm də sadə vətəndaşlar qazanacaq.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi ilə qeyri-neft sektorunun şaxələndirilməsi və inkişafı istiqamətində aparılan məqsədyönlü işlər nəticəsində ölkəmizdə yeni-yeni istehsal sahələri yaradılır. Bütün bunlar insanların keyfiyyətli yerli məhsullarla təminatına geniş imkanlar yaratmaqla yanaşı, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına böyük töhfələr verir. Yaradılan əlverişli biznes mühitinin nəticəsidir ki, 2025-ci ilin doqquz ayının göstəricilərinə əsasən özəl sektorun qeyri-neft-qaz vergi daxilolmalarındakı payı 77 faizi ötüb. Ümumilikdə, 2025-ci ilin proqnozları nəzərə alınmaqla əhalinin gəlirlərinin əsas mənbəyi olan əməkhaqqı fondu qeyri-neft-qaz özəl sektorda 2019-2025-ci illərdə üç dəfə artıb. Özlüyündə bu göstərici iqtisadi-inkişafda sahibkarlığın artan rolunu və milli iqtisadiyyatımızın çiçəklənməsində özəl sektorun əsas hərəkətverici qüvvəyə çevrildiyini sübuta yetirir.
Nail ƏSGƏROV
Digər xəbərlər